Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Türkiyəyə səfərinə aparılan danışıqların nəticələri məlum olduqdan sonra dəqiq münasibət bildirmək mümkündür
Türkiyə servisi/ARAN AGENTLİYİ
«Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Türkiyəyə səfərinə aparılan danışıqların nəticələri məlum olduqdan sonra dəqiq münasibət bildirmək mümkündür. Çünki münasibətlərin qabaqcadan şərt qoyulmadan bərpası ilə bağlı deyilənlər yalnız diplomatik bəyanatlardır». Bunları ANS PRESS-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var. Bundan başqa, rəsmi İrəvan qondarma erməni soyqırımının tanınmasını beynəlxalq səviyyədə Türkiyədən tələb edir: «Belə olan Türkiyənin mövqeyi necə olacaq? Təəssüf ki, qonşu ölkənin xarici işlər nazirinin bəyanatında bunun cavabını görmürük. Digər tərəfdən, rəsmi Ankara Ermənistannla diploamatik əlaqələrin qurulması üçün işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması tələbini ortaya qoyurdu. Türkiyənin bu mövqedə qaldığı, yoxsa bundan imtina etdiyi maraqlıdır. Belə suallara cavab tapa bilmirik».
«Regionda xoş münasibətlər lazımdır» deyən millət vəkilinin fikrincə, bu münasibətlər bir ölkənin digər ölkənin ərazilərini işğal etməsi hesabına qurulmamalıdır.
Son bir neçə ay ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Türkiyə və Rusiyanın fəallaşmasına münasibət bildirən Aydın Mirzəzadə deyib ki, münaqişənin nizamlanması prosesində təşəbbüslərin çox olması, ayrı-ayrı ölkələrin problemin həllinə öz töhfələrini vermək istəməsi arzuolunan haldır. Bununla belə, münaqişənin bir həll yolu var: işğal altındakı torpaqların azad edilməsi. Aydın Mirzəzadə hesab edir ki, regionla bağlı beynəlxalq təşəbbüslərin artması təsadüfi deyil: «Bu, ilk növbədə regionun əhəmiyyətinin artması ilə, Azərbaycanın apardığı siyasətlə bağlıdır. Azərbaycan beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında, Avropanın enerji resursları ilə təmin edilməsində böyük rol oynayır. Bu baxımdan, regionun əhəmiyyəti artır. Regionun qarşıdurma və münaqişə ocağından sabitliyin olduğu bölgəyə çevrilməsinə çox böyük ehtiüac var. Eyni zamanda, güclənən və qüdrətlənən Azərbaycanla münasibətləri daha yüksək səviyyədə qurmaq istəyi də açıq-aydın görünür». Aydın Mirzəzadənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüslər daha da artacaq. Lakin millət vəkili deyir ki, onlar təşəbbüs olaraq qalmamalı və bölgədə sülhün yaranmasına xidmət etməlidir.