Bu gün saat 9.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 19 saylı kliniki xəstəxanada partlayış baş verib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Şahidlərin ANS PRESSin «qaynar xətti»nə verdiyi məlumata əsasən, binanın birinci mərtəbəsində qəflətən güclü partlayış eşidilib və otaqların şüşələri qırılıb. Bu gün səhər saatlarında gecə növbəsindən çıxan cərrah-həkim Rəvayət Mütəllimov paltarlarını dəyişib növbəsini təhvil verməli imiş.
Lakin o, həkimlər otağındakı şkafdan köynəyini götürəndə, cibində ağır, qeyri-adi əşyal aşkar edib. Həmin əşyanı R.Mütəllimov əlinə götürüb otaqdakı xəstələr üçün nəzərdə tutulmuş xərəyin üstünə atanda partlayış baş verib. Nəticədə Rəvayət Mütəllimov ağır bədən xəsarəti alıb. Həkim-cərrah bədənin qəlpəli travması və bud nahiyəsində dərin yara Kliniki Tibbi mərkəzə çatdırılıb və dərhal üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Əməliyyat zamanı onun sağ əlini amputasiya ediblər. Hadisə zamanı habelə 19 saylı xəstəxanada tibb bacısı işləyən Reyhan Pirquliyeva da yaralanıb. O da təcili və Təxirəsalınmaz Yardım briqadasının maşınında Kliniki Tibbi mərkəzə çatdırılıb. R.Pirquliyevanın bütün bədəninin qəlpəli zədəsi olub. İlkin versiyaya əsasən, baş vermiş hadisə - cərrah Rəvayət Mütəllimova qarşı yönəlmiş təxribat olub. Lakin bu, ilkin versiyadır. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq. Hazırda hadisə yerində Fövqəladə Hallar nazirliyinin, polis idarəsi və prokurorluğun əməkdaşları işləyir.