hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında üstün vasitəçilik roluna malikdir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Qərb Qafqazda Gürcüstandan sonra yeni baş ağrısı qazanmamaq üçün Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki üstün vasitəçiliyinə qarşı çıxmır, həmçinin rus qoşunlarının sülhməramlılar şəklində münaqişə bölgəsində yerləşdirilməsi planlarına razılaşıb. Bu haqda Britaniyanın nüfuzlu “Canes Intelligence" kəşfiyyat araşdırmaları mərkəzinin hesabatında deyilir. Mərkəzin analitikləri Rusiya-Ermənistan və Azərbaycan prezidentləri arasında Moskvada imzalanmış bəyannaməni şərh edərək bildirirlər ki, bu sənəd heç də tərəflərin sülhə yaxın olduğunu deməyə əsas vermir.
Bununla belə, Ermənistan və Azərbaycan status-kvonu qoruyub saxlamağa razılıq veriblər və Qarabağ ətrafında yeni hərbi əməliyyatların başlanması indi daha az ehtimal ediləndir. Hesabatda deyilir ki, Moskva bəyannaməsi Qarabağ münaqişəsinin birdəfəlik həlli baxımından nəsə vəd etmir. Çünki sənəddə təkcə o qeyd edilir ki, tərəflər münaqişənin dinc yolla həllini vacib hesab edirlər. “Sənəddə elə məqam yoxdur ki, onu Ermənistanın və ya Azərbaycanın güzəştə getməsi şəklində analiz etmək mümkün olsun” - deyə hesabatda bildirilir. Buna baxmayaraq, mərkəz hesab edir ki, sənəd münaqişənin nizamlanması prosesində mühüm inkişafdan xəbər verir.
Mərkəzin analitikləri qeyd edirlər ki, hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında üstün vasitəçilik roluna malikdir. 1990-cı illərdə Rusiya münaqişənin nizamlanması üçün birtərəfli səylər göstərməyə çalışırdı. Lakin bu səylər sonda ABŞ tərəfindən heçə endirildi. Çünki Vaşinqton Rusiya qüvvələrinin sülhməramlılar şəklində münaqişə bölgəsində yerləşdirilməsinə qəti şəkildə qarşı çıxırdı. Lakin indi ABŞ və Avropa Rusiyanın üstün vasitəçilik rolunu rəsmən alqışladılar. Bu isə Qərbin diqqətinin təkcə Vaşinqtondakı hakimiyyət dəyişikliyinə yönəlməsi ilə deyil, həm də Qafqazda yeni baş ağrısı qazanmaqda maraqlı olmaması ilə izah olunur. Məlumatlara görə, Rusiyanın təklif etdiyi plan münaqişə bölgəsində, o cümlədən ona yaxın ərazilərdə çoxminli sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Bu qüvvələrin tərkibində bəzi Avropa ölkələrindən hərbçilər ola bilər, ancaq əsas tərkib Rusiya əsgərlərinin hesabına formalaşacaq, komandanlıq da ruslarda olacaq.