Tarix : 2008 Nov 26
Kod 8895

KƏMALƏDDİN HEYDƏROVUN CANGÜDƏNLƏRİ QAÇQINI DÖYDÜ

qadın Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal rayonunun ərazisində yerləşən əsas binasında nazir Kəmaləddin Heydərovun mühafizəçilərinin zərbələrinə tuş gəlib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Ağdam rayonundan qaçqın düşmüş Səadət Mirzəyeva dünən Yasamal rayonu ərazisində möhkəm döyülüb. Aldığımız məlumata görə, qadın Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal rayonunun ərazisində yerləşən əsas binasında nazir Kəmaləddin Heydərovun mühafizəçilərinin zərbələrinə tuş gəlib. Qadın hadisə yerindən dərhal xəstəxanaya aparılıb. Zərərçəkənin yaxınları isə bu faktla bağlı Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsinə məlumat veriblər.
Qadının FHN-ə getməsinin səbəblərinə gəlincə isə qeyd olunur ki, o, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində tikintisi yarımçıq qalmış məktəb binasında məskunlaşıb.
Qaçqının məskunlaşdığı həmin məktəbin binası qəzalı vəziyyətdə olduğundan Səadət Mirzəyeva FHN-ə bununla bağlı dəfələrlə yazılı müraciət edib və onlardan kömək istəyib. Lakin müraciətləri cavabsız qaldığından S.Mirzəyeva bir neçə dəfə FHN-in əsas ofisinə gedərək bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəxsən özünə şikayət etmək, nazirdən onun müraciətinə baxılıb-baxılmayacağı ilə bağlı bir məlumat və ya açıqlama almaq istəyib. Hər dəfə də “fövqəlnazir”in mühafizəçiləri qadını nazirliyin binasından zorla uzaqlaşdırıblar.
Dünən səhər isə S.Mirzəyeva nazirlə görüşmək üçün ona yaxınlaşmağa bir daha cəhd göstərib. Kəmaləddin Heydərovun cangüdənləri qaçqın qadını bu dəfə də ərazidən uzaqlaşdırmağa çalışıblar. Lakin S.Mirzəyeva israrla Kəmaləddin Heydərovla görüşmək istəyib. Ona görə də nazirin cangüdənləri qadını bu dəfə amansızlıqla döyə-döyə ərazidən uzaqlaşdırıblar. Döyülmə nəticəsində çoxsaylı bədən xəsarətləri alan S.Mirzəyeva xəstəxanalıq olub.
Məlumat bizə günün sonunda çatdığından Fövqəladə Hallar Nazirliyindən və digər rəsmi qurumlardan məsələ ilə bağlı ətraflı məlumat ala bilmədik. Mövzuya qayıdacağıq.
Bu məqamda xatırladırıq ki, dövlət müəssisələrində, nazirlərin qəbulunda, eləcə də ölkənin baş binası olan Prezident Aparatında vətəndaşların döyülməsi, hətta döyülərək öldürülməsi faktları mövcuddur. Bu ilin əvvəllərində qaçqın vətəndaşlarımızdan biri - Rəfiqə Əliyeva “Qaçqınkom”da vəhşicəsinə döyülməsi səbəbindən sonradan xəstəxanada dünyasını dəyişmişdi. Bütün bunlar onu göstərir ki, dövlət məmurları Azərbaycan vətəndaşlarına olduqca yad və nifrətli münasibət bəsləyirlər.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 26