Tarix : 2008 Nov 26
Kod 8898

TÜRKİYƏ ERMƏNİSTANA SƏFİR GÖNDƏRMƏYƏ HAZIRLAŞIR

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan dünən ilk dəfə Türkiyəyə səfər edib
Türkiyə servisi/ARAN AGENTLİYİ
Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan dünən ilk dəfə Türkiyəyə səfər edib. Onun səfərinin məqsədi Ermənistan və Türkiyənin də üzv olduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək idi. Bu təşkilata sədrlik Ermənistana keçib və Nalbəndyan hazırda onun sədri sayılır. Türkiyə KİV-lərinin məlumatına görə, Nəlbəndyan İstanbula Ermənistan hava yolları şirkətinə aid təyyarə ilə səhərə yaxın gəlib. Onu aeroportda Ermənistan XİN-in rəsmiləri və Türkiyə tərəfdən rəsmi şəxslər qarşılayıb. Nalbəndyan hava limanında onu gözləyən jurnalistlərə açıqlama verməyib.
Ermənistan XİN-in rəsmi nümayəndəsi Tiqran Balayan isə deyib ki, Türkiyə xarici işlər naziri Nalbəndyanın İstanbulda olmasından istifadə edərək onunla görüşmək təklifini verib. Bu təklif qəbul olunub. Balayan deyib ki, görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi gözlənilir. Türkiyə mənbələri isə Nalbəndyan-Babacan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrin də aparılacağını xəbər veriblər. Nazirlər arasında görüş Bakı vaxtilə axşam saatlarında, QİƏT toplantısının başa çatmasından sonra olub. Əvvəlcədən bəlli idi ki, bu görüş Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında göstərdiyi səylərin bir hissəsidir.
Türkiyənin Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi təşəbbüslər bir tərəfdən müsbət olsa da, Ankaranın bu məsələdə mövqeyinin dəyişə biləcəyi haqda söz-söhbətlər var. Belə ki, AKP hökumətinin xarici siyasət məsələləri üzrə müşaviri Əhməd Davudoğlu Ankaranın Ermənistanla münasibətlərin qurulması üçün Qarabağ məsələsinin ön şərtlərdən biri olmaqdan çıxara biləcəyini istisna etmir. Yəni Türkiyə Ermənistanla münasibətlər qura bilmək üçün artıq Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasını gözləməyə bilər. Bu isə Azərbaycanda Ankara-İrəvan danışıqlarının məqsədi ilə bağlı haqlı narahatlıqlar yaradır.
Türkiyə həm də Ermənistan və Azərbaycan prezidentləri arasında gələn ay üçtərəfli görüş ideyası ilə çıxış edib. Bu təklifə Azərbaycan tərəfi razıdır. Ermənistan tərəfinin Türkiyənin birbaşa vasitəçiliyi ilə Qarabağ sammitinin keçirilməsi təklifinə rəsmi münasibəti yoxdur. İrəvanda bunu belə izah edirlər ki, təklif onlara rəsmən daxil olmayıb. Gözlənilirdi ki, xarici işlər nazirlərinin İstanbulda dünənki görüşü zamanı prezidentlər arasında üçtərəfli görüş ideyası da müzakirə olunacaq. Ermənistan xarici işlər naziri Türkiyəyə səfər ərəfəsində “Hürriyet” qəzetinə müsahibəsində deyib ki, bu ilin avqustunda Gürcüstan ətrafında baş verən hadisələr Cənubi Qafqaz regionunda vəziyyətin nə dərəcədə kövrək olduğunu göstərdi. Onun fikrincə, bu hadisələr sərhədlərin və kommunikasiyaların açılmasının vacibliyini də ortaya qoyub. Nalbəndyan etiraf edib ki, Ermənistan bu hadisələrdən çox ziyan çəkib. Çünki vacib kommunikasiya imkanlarından məhrum olub. Ona görə də Ermənistan Türkiyə ilə normal münasibətlərin qurulmasında, sərhədlərin açılmasında maraqlıdır. Özü də heç bir ilkin şərt olmadan. Nalbəndyana görə, münasibətlərin normallaşması hər iki ölkənin marağındadır. Sərhədlərin açılmasını isə Ermənistan qədər Türkiyə də istəyir. “Bu məqsədlə də biz danışıqlar aparırıq. Həm də danışıqlar xətrinə yox. Regionda bir çox ölkələr arasında problemlər var. Lakin onların arasında normal münasibətlər də var, sərhədlər açıqdır, dialoq üçün imkanlar var, qarşılıqlı narahatlıq doğuran bütün məsələləri müzakirə edirlər”.
Bu arada “Hürriyet” qəzeti onu da xəbər verib ki, Türkiyə Ermənistana xüsusi təklif verməyə hazırlaşır. Bu təklif Ermənistanda diplomatik missiya açılmadan akkreditə olunmuş səfir göndərməkdən ibarətdir. Lakin Türkiyə İrəvana o halda səfir göndərə bilər ki, Ermənistan “soyqırım” məsələsini tarixçilər səviyyəsində müzakirə etməyə razılaşsın. Xəbərə görə, əgər təklif qəbul olunsa, Türkiyə Ermənistanla de-fakto diplomatik münasibətlər quracaq.
lent.az-ın məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan üçtərəfli görüş təklifini qəbul edib.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 26