Tarix : 2008 Nov 27
Kod 8910

Azərbaycanda benzin niyə ucuzlaşmır

Dünyanın çox ölkəsində benzinin qiyməti aşağı düşür. Türkiyədə iyun ayından indiyədək benzin 1.03 yeni türk lirəsi qədər ucuzlaşıb, 3.61 yeni türk lirəsindən 2.58-2.68 lirəyə enib
Azərbaycan servisi/Aran Agentliyi
Dünyanın çox ölkəsində benzinin qiyməti aşağı düşür. Türkiyədə iyun ayından indiyədək benzin 1.03 yeni türk lirəsi qədər ucuzlaşıb, 3.61 yeni türk lirəsindən 2.58-2.68 lirəyə enib. Benzinin ucuzlaşması tendensiyası ABŞ-da, Avropa ölkələrində, Ukraynada, Gürcüstan və Ermənistanda da müşahidə edilir.

Bəs Azərbaycanda benzin niyə ucuzlaşmır? "Media forum" saytı bu sualla İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluna, İqtisadi İnkişaf Nazirliyinə və Tarif Şurasına müraciət edib.

Q.İbadoğlu bildirib ki, yaxın illərdə Azərbaycanda benzinin ucuzlaşacağı gözlənmir: "Dünyada benzinin qiyməti iki cür tənzimlənir. Birincisi, inzibati yoldur. Hökumət benzinin qiymətini müəyyən edir, xərclərin orta qiymətini göstərir və qiymətlərin dəyişməsi haqda qərarı Tarif Şurası verir. İkinci metod benzinin satış şəbəkələrinin özəlləşdirildiyi ölkələrə aiddir. Satışa çıxarılan benzin özəl sektora məxsus olduğundan burda qiymət dünya bazarından həlledici dərəcədə asılıdır. Dünya bazarında təkcə neft satılmır, benzin də birjalarda satılır. Hazırda neftlə yanaşı benzinin də qiymətində ucuzlaşma müşahidə olunur. Dünya birjalarında neftin qiyməti aşağı düşdükcə benzinin qiyməti də dəyişir. Şirkətlər birjalardan məhsulu ucuz alanda ucuz da satırlar. Bu tip ölkələrə ABŞ, Avropa dövlətləri, Türkiyə daxildir".

Q.İbadoğlunun sözlərinə görə, benzinin qiymətini inzibati qaydada tənzimləyən ölkələrdə hökumətlər yanacağın qiymətini də aşağı salmağa başlayıblar: "Ukraynada noyabrın 1-dən benzinin qiyməti onların öz pulu ilə 40 qəpik ucuzlaşıb. Dekabrın 1-dən isə 60 qəpik ucuzlaşması ilə bağlı baş nazir Timoşenkonun qərarı var. Gürcüstan və Ermənistanda da benzinin qiymətində ucuzlaşma var. Düzdür, həmin ölkələrdə ucuzlaşmadan sonra benzinin qiyməti Azərbaycandakı qədər olub".

Ekspert Azərbaycanda belə bir prosesin olacağına inanmır: "2009-cu ildə də benzinin qiymətinin aşağı düşməsi ehtimalı çox aşağıdır. Hökumətin əlində bir arqument var ki, ölkəyə gələn avtomobillərin sayı ildən-ilə artır, benzinə tələbat da çoxalır, çünki benzinin əsas istehlakçısı avtomobillərdir. 2002-2004-cü illərdə Azərbaycana ildə 50-55 min avtomobil gətirilirdisə, indi bu rəqəm 80-90 minə çatıb. Bu səbəbdən benzinin istifadəsində də artım baş verir və ona görə də Azərbaycan hökuməti yaxın zamanlarda benzini ucuzlaşdırmaq fikrində deyil".

İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "Media forum"a bildirib ki, bu mövzuda suallar Tarif Şurasına ünvanlanmalıdır.

Tarif Şurasının katibi Elşən Əsədov isə sayta deyib ki, suala İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti cavab verməlidir.

Azərbaycanda Aİ-76, Aİ-93 markalı benzin 55 qəpiyə, Aİ-95 markalı benzin isə 60 qəpiyə satılır.
  • Yazılıb
  • da (də) 2008 Nov 27