Beynəlxalq Böhran Qrupu (BBQ) Gürcüstanda baş verən hadisələrlə bağlı «Gürcüstan: qışın təhlükələri» adlı növbəti hesabatını açıqlayıb
Gürcüstan servisi/Aran Agentliyi
BBQ-dan daxil olan hesabatda deyilir ki, uğursuz müharibə və iqtisadiyyatın vəziyyətinin pisləşməsi Gürcüstanın dövlət strukturları üçün xeyli problem yaradır və daha ciddi islahatların aparılmasını zəruri edir. Hesabatda deyilir: “Prezident Mixail Saakaşvilinin hazırkı vəziyyəti yaxşı olsa da, qarşıdan gələn qış və yaz onun administrasiyası üçün çətin siyasi və iqtisadi sınaqlarla müşayiət olunacaq. Müxalifət “Rusiya ilə avqust müharibəsindən və ondan irəli gələn iqtisadi böhrandan qaçmaq olardımı” sualını ortaya qoyur. Dünya iqtisadi böhranı və xarici sərmayələrin dayanması, yəqin ki, sosial narazılığı sürətləndirəcək. Ancaq narazıları kimin səfərbər edəcəyi hələlik məlum deyil”.
BBQ-nin Qafqaz layihəsinin direktoru Lorens Şits M. Saakaşvilinin sentyabrda islahatlar olacağına söz verdiyini xatırladıb: “Həmin islahatlar yekunlaşmasa və genişlənməsə, Saakaşvili beynəlxalq ictimaiyyətin etimadını və donorların vəd etdiyi 5,4 milyard dollar yardımı itirə bilər”.
Hesabatda, həmçinin bildirilir ki, Cənubi Osetiya, Abxaziya və ətraf regionlarda vəziyyət gərgin olaraq qalır, zorakılıq faktları var, məcburi köçürülmə davam edir. Rusiya öz qoşunlarını avqustun 7-də tutduğu mövqelərinə qaytarmayıb, ATƏT müşahidəçiləri Cənubi Osetiyaya buraxılmır: “Deməli, Sarkozi-Medvedev razılaşması tam yerinə yetirilmir. Rusiya qaçqınların qayıtması və onun nəzarəti altında olan ərazilərdə məcburi köçürülmələrin qarşısını almaq üçün kifayət qədər səy göstərmir”.
BBQ-nin Avropa proqramının direktoru Sabina Freyzer qeyd edib ki, Rusiya və Avropa İttifaqı təhlükəsizliyin təmin olunması və köçkünlərin qaytarılması üçün sıx əməkdaşlıq etməli, Cenevrədə başlanan danışıqlar bu problemlərin həllinə yönəlməlidir: “Avropa İttifaqına daxil olan ölkələr Moskvanın münaqişə zonalarında monitorinq aparan beynəlxalq mexanizmlərlə əməkdaşlığına nail olmaq istəyirlərsə, vahid mövqedən çıxış etməlidirlər”.