Adamın inanmağı gəlmir. Amma həqiqət necə də acıdır... Kaş gözümlə görməyəydim, şahidi olmayaydım, kimdənsə eşidəydim
Azərbaycan servisi/Aran Agentliyi
Cümə günü. Günorta çağı. İmamın (ə.f.) zühur həsrətilə qəlbləri göynəyən Əhli-beyt (ə) yetimləri şəhərin came məscidinə toplaşıblıar. Səccadə qarşılarında, möhür alınları gözləyir. Möhürlər səcdələr intizarında. Kərbəla türbəti 1400 ildir ki, Allahla hər gün beyətini təzələyənlərə şahidlik edir.
Həzrət Fatimənin (s.ə.) pünhan olan müqəddəs məzarının yerini qeybdə olan övladından soruşmaq ümidini qəlblərinin hər guşəsində yaşadan bəndələr yalnızca namaz qılmaq istəyirdilər. Yalnızca namaz… Neçə müddətdən bəri həsrətində qaldıqları, indi də zaman-zaman mənasız və yersiz iddialar, pafoslu çıxışlar eşitdikləri məkanda, cəm üçün olan yerdə fürada qılmaq məcburiyyətində olan bəndələr…
Bu zaman isə… Birisi mitinqdə imiş kimi səsgücləndirəni alıb əlinə nə desə yaxşıdır?! Əcəba! 5 dəqiqə vaxt verirlər fürada qılanın «cəmiyyət» namaza qoşulmasına. Necə yəni vaxt?! Necə yəni məcburi qoşul?! Nə?! Qoşulmayanlar Allah evindən çıxarılacaq?! İlahi, qədim «Cümə»nin divarları nələri eşitməyib! Bolşeviklərin ateistik çıxışlarını, Abuturab ağaya deyilən çekist hədələrini, anbara çevrilmiş, muzey kimi istifadə olunmuş məbəd daha nələr eşidə bilər – hamısını. Sonra 30 iyun faciəsi, möminlərin məsciddən çıxarılması. Sonra da 4 il çəkən «təmir»i. İndi də «5 dəqiqəyə ya qoşul, ya çıx» cəfəngiyyatını…
Möminlər səbir etdilər. Səbir etmək, məşəqqətlər önündə dözüm etmək möminin bir həyatıdır. Dindən sui-istifadə etməyə öyrəşmişlərin «fətva»ları, 2 gün dalbadal qılınan bayram namazları, 31 gün çəkən qəməri ayı və bir çox digər mənəvi fəlakətlərə də öyrəşmiş artıq möminin qulağı. Amma 5 dəqiqəyə ya qoşul, ya çıxardılacaqsan – bu nə əndərəbadi söyləm?! Bu nəsə təzə bir şey…
5 dəqiqə söhbətini mühasirəyə alınmış əsgərə deyərlər. «Çıxmasan, gülləbaran edəcəyik» - bunu kinolarda çox görmüşük. Almanlar təslim olmayan əsgəri mühasirəyə alır, vaxt verirlər. Hədəfləri də aydındır – ehtiyat. Birdən əsgər 1-2 nəfəri də o taya göndərdi. Bəs burada nə baş verir?! Birilərinin gözü nə qədər tutulmalı, şəriət hökmlərini nə qədər bastalamalıdır ki, mömini zorla öz «namaz»ına qoşsun?! Namazmı bu?! Allah Təala qarşısında bəndəliyin iqrarımı bu?! Zorla necə ola bilər?! Bu qədərmi gözü tutula bilirmiş birilərinin ki, inancın ən minimum əsaslarından da bixəbər olsun?!
Camaata pişnamazlıq etmək – həvalə, etibar, inanmaq üzərində qurulmuş xəfif bir mübarək institut. İnsanlar etimad göstərir, pişnamaz da bu etimadı maksimum doğrultmağa çalışır. Nə ilə? Qiraət, baliğlik və s. öz yerində. Keyfiyyət baxımından ilk növbədə ƏDALƏTLƏ. Ədalət nə? Zülmün əksi. Hər şeyin öz yerində olması. İnsanın iradəsinə zor etmək, onun etiqadına dəxalət etmək, ona zorla kiminsə pişnamazlığını sırımaq – zülmün eyni, ədalətin daban-dabana ziddi.
Çox eşitmişik və görmüşük ki, insanlar var, nə qədər xahiş edirsən, pişnamaz durmur. Özündən bədgümanlığa görə yox – təvazösünə görə, ona olunan etimadın möminlərin hüsnü-zənninin məhsulu olduğuna ifrat inandığına görə. Pişnamazlıq – bir ülvi dərəcə, hüsnü-zənnin vəhdətlə qovuşduğu bir məqam. Bunun əsası – günahlardan çəkinmək, xətalarda israr etməməklə səciyyələnən bir mənəvi durum. Bəs gözgörəsi zülmün adı nə? Zorla pişnamazlığı yeritməklə şəriətin əsaslarını titrətmək absurdunu sırımağın mahallığını necə də görməmək, dərk etməmək olarmış…
Amma bununla da iş bitmədi. İmam Hüseyn (ə) yadigarı olan türbətə də əl uzadıldı. Namaz halında olanı kimlər narahat edər? Kimlər möminin namazını pozmaq istəyər? Kimlər səcdə baş tutmasın deyə türbəti qəsb edər? Heyhat!
Bununla da fitnə bitmədi. Dırnağına, cibindən çıxartdığı kağıza səcdə etmək istəyən, namazını davam etmək istəyən möminlər itələndi. Səcdə halında itələndi. Allahla razu-niyaz edəndə, bəndəliyini iqrar edəndə itələndi. Sonra isə möminlərin Allah evinin ehtiramını hər şeydən üstün tutmasından sui-istifadə edənlər insanları bayıra çıxartdılar…
İçərişəhərin qocaman daşları çox şey görmüş, çox şeyə şahiddir. Amma bəlkə də belə bir biabırçılığı, din adından edilməyə cəhd edilən belə vandallığı hələ görməmişdilər. O zaman, onlar da mömin qəlblərinə qoşularaq, hönkür-hönkür ağladılar. Peyğəmbər (s) dininin Allah evində belə təhqir olunmasını heç daşlar da götürməz…
Qeybdə olan İmamın (ə.f.) intizarı, nisgili necə də çətin!
İlahi! Sən Özün cəmi ümməti axırəz-zamanın fitnələrindən qoru! Amin!