Tarix : 2008 Nov 28
Kod 8927

DEVAMM-ın MONİTORİNQ HESABAT-BƏYANATI

Noyabrın 27-də İçərişəhər «Cümə» məscidində namaz qılan inanclı insanların növbəti dəfə dini etiqad azadlığı kəskin şəkildə pozulmuşdur
Azərbaycan servisi/Aran Agentliyi
Noyabrın 27-də İçərişəhər «Cümə» məscidində namaz qılan inanclı insanların növbəti dəfə dini etiqad azadlığı kəskin şəkildə pozulmuşdur. Belə ki, DEVAMM-ın monitorinq qrupunun apardığı müşahidələr nəticəsində müəyyən edilmişdir ki, bu dəfə də Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşları tərəfindən İçərişəhər «Cümə» məscidində günorta və axşam namazlarını qılmaq üçün gələn inanclı insanlara qarşı qeyri-qanuni və islam əxlaqına yaraşmayan tərzdə münasibətlər göstərilmişdir.

Belə ki, yenə də «fərdi namaz qılmaq məsləhət deyil», "gediniz evinizdə namaz qılınız" kimi absurd iddialarla ibadətə gələnlər psixoloji təziqlərə məruz qalmışlar. Bundan əlavə, hər iki vaxtda ibadətə gələn inanclıların bəzilərini məsçidin arxa otağına dəvər edərək, onlara hədə-qorxu xarakterli sözlər demişlər. O cümlədən, günorta vaxtı özünü Kamran kimi təqdim edən bir şəxs, İslam Universitetində oxumasını bildirərək, eyni zamanda QMİ və hüquq-mühafizə orqanlarında işləməsini hədələyici tərzdə demiş, günorta namazına gələn ən azı iki nəfəri "məscidə fərdi ibadət üçün gəlməklərini onlar üçün yaxşı qurtarmayacağını" bildirərək, hədələmişdir. Eyni zamanda, məsciddə mikrofon vasitəsilə QMİ əməkdaşlarından olan fərdlər, bu qadağanın «onların şəxsi fitvası olmalarını» bəyan etmiş və bu qərarı «heç kimdən almadıqlarını» dəfələrlə vurğulamışlar.

Günün axşam vaxtında isə özünü Aqşin adı ilə təqdim edən bir kəs, inanclılara yaxınlaşmış, özünün ilahiyyat təhsilli olmasını, eyni zamanda QMİ-də və hüquq-mühafizə orqanlarında işləməsini vurğulayaraq, möminlərdən fərdi ibadət etməmələrini tələb etmişdir. O bildirmişdir ki, əks halda onu işdən çıxara bilərlər. O, həmçinin bildirmişdir ki, ona fərdi ibadət edənləri məsçiddən çıxartmaq tapşırığı verilib və o bu işi bəyənməsə də, buna riayət etməyə məcburdur. Özü də ona bu tapşırığı verənlər, "sən et, arxanda dayanmışıq" kimi formada da onu arxayın etmişlər.

Axşam namazı vaxtı o cümlədən, ibadətə gələnlərin fotoşəkilləri də çəkilmişdir. Bunu edən, özünü Etibar kimi təqdim edən şəxsdən fotoşəkil çəkmənin səbəbini maraqlanan inanclıları, o, "nəticəsini görərsiniz" kimi ifadələrlə hədələmişdir. O cümlədən, özünü QMİ-nin əməkdaşları kimi təqdim edən bir fərd tərfindən bir neçə nəfərə namaz vaxtı "indi namazınızı batil edərəm" kimi absurd sözlərlə ibadətlətinə mane olmağa səy göstərmişdir.

Baş verənləri şərh edən DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu 27 noyabr 2008-ci il tarixində baş vermiş hüquq pozuntusu ilə bağlı bildirmişdir: «DEVAMM-ın monitorinq qrupu artıq neçə müddətdir ki, bu prossesin monitorinqini aparır. Və bu əslində 21 noyabr cümə günü baş verən qanunsuz və islama zidd hərəkətlərin davamıdır. Baş verənlər açıq-aydın mənəvi təzyiqlər və insanları məsciddə ibadətdən uzaqlaşdırmağa yönəlmiş hərəkətlərdir. Biz bir daha mömünlərə Allah evinə ibadətə gedərkən səbirli və təmkinli olmağa çağırırıq.

Eyni zamanda, QMİ-nin, həftə boyu 21 noyabrda öz əməkdaşları tərəfindən qeyri-qanuni və İslama zidd hərəkətlərini mətbuat katibliyi səviyyəsində pisləməsinin yetərsiziliyini və təsirsiz ötüşdüyünü vurğulayaraq, bir daha bu əməlləri törədən əməkdaşlarının cəzalandırılmasına və Allah Evində İslamın dəyərlərinə layiq şəraitin və ölkə Konstitusiyasının təsbit etdiyi vicdan və etiqad azadlığının bərpa edilməsinə çağırırıq. Eyni zamanda bəyan edirik ki, əgər baş verən hadisələrin qarşısı alınmasa, bu məsələ ilə bağlı ölkədəki dini və vətəndaş cəmiyyətinin institutlarına, beynəlxalq insan haqları qurumlarına da müraciət ediləcəkdir".
  • Yazılıb
  • da (də) 2008 Nov 28