Tarix : 2008 Nov 29
Kod 8933

Ermənistanla çox konkret məsələlər müzakirə olunur

Hazırda Ermənistanla dialoq mərhələsindəyik və problemlərin həlli yollarını müzakirə edirik. Bizim məqsədimiz Ermənistanla münasibətləri normallaşdırmaqdır
Türkiyə servisi/ARAN AGENTLİYİ
Ermənistan Azərbaycan ərazilərinin beşdə birini işğal edib və bu iki ölkənin münasibətləri son dərəcə sıxıntılıdır
 “Hazırda Ermənistanla dialoq mərhələsindəyik və problemlərin həlli yollarını müzakirə edirik. Bizim məqsədimiz Ermənistanla münasibətləri normallaşdırmaqdır”. Bu sözləTürkiyənin xarici işlər naziri Əli Babacan deyib. İki ölkə arasında 1915-ci il hadisələri və Azərbaycan torpaqlarının işğalı kimi köklü problemlərin olduğunu xatırladan nazir bildirib ki, müzakirələr müsbət məcrada gedir: “Türkiyə-Ermənistan sərhədlərinin qapalı olması normal bir durum deyil. Ermənistan Azərbaycan ərazilərinin beşdə birini işğal edib və bu iki ölkənin münasibətləri son dərəcə sıxıntılıdır. Dialoq zamanı biz problemlər haqqında danışıb ayrılmırıq, çox konkret məsələlər müzakirə olunur. Nə qədər problem varsa, hamısı masaya qoyulub. Hazırda müzakirələr davam etdiyi üçün detallara girə bilmərəm”.
Ə. Babacan Ermənistanda yaşayan ermənilərlə xaricdəki diasporanın prioritetlərinin fərqli olduğunu söyləyib: “Bu gün Ermənistanda yaşayan ermənilərin durumu ilə Kaliforniyada yaşayan ermənilərin durumu fərqlidir. Ermənistanda yaşayanlar problemləri öz üzərilərində hiss edirlər və Türkiyə ilə münasibətlərin düzəlməsinin onlara nələr verə biləcəyini anlayırlar. Diasporanın isə bu cür problemləri yoxdur. Ermənistan rəhbərliyi diaspora ilə görüşlər keçirir, müzakirələr aparır. Yəni onlar üçün də asan deyil. Amma mövcud problemlər və Ermənistanın problemləri ya davam edəcək, ya da oturub problemləri həll etməyə çalışacağıq və hər kəs qazanclı çıxacaq”.
Ə. Babacan ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın uydurma “erməni soyqırımı”nı tanıyacağına dair verdiyi vədlə bağlı aşağıdakıları söyləyib: “Daha əvvəl demokratların prezidentliyə digər namizədləri də bu cür vədlər vermişdilər, amma prezident seçildikdən və Türkiyə ilə ikitərəfli əlaqələrin detalları masalarına gəldikdən sonra fərqli hərəkət etdilər. Yanvarın 20-dən sonra erməni layihəsi ilə bağlı həssas günlər yaşayacağıq. Lakin biz artıq Ermənistanla dialoqa başlamışıq. İstər Nümayəndələr Palatası, istərsə də Senat bunu nəzərə alacaq”.
  • Yazılıb
  • da (də) 2008 Nov 29