Dünən Atatürk prospektində - prezident iqamətgahının qarşısında daha bir avtobus yanıb
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Dünən Atatürk prospektində - prezident iqamətgahının qarşısında daha bir avtobus yanıb. Metronun “Nərimanov” stansiyasından 9-cu mikrorayon istiqamətinə hərəkət edən 27 saylı marşurut avtobusu qəfildən yanmağa başlayıb.
“General avto Compani”yə məxsus “Otoyol” markalı, Az 10 LF 697 nömrə nişanlı avtobusun sürücüsü Nail Məhərrəmovun sözlərinə görə, hadisə belə baş verib: “Gənclik”dəki dayanacaqdan aralandıqdan az sonra oturacağımın altından tüstü çıxmağa başladı. Dərhal avtobusu saxlayıb qapıları açdım və sərnişinləri düşürdüm. Özüm və sərnişinlər hələ avtobus alışıb yanmamış yanğın söndürmə xidmətinə, 112-yə nə qədər zəng vurduq. Görürsünüz də avtobus yanıb kül olandan sonra gəlib çıxdılar". N.Məhərrəmovdan onu da öyrəndik ki, yanan avtobusu 2 gün əvvəl ona veriblər: “Həmin sürücünün qayınatası 2 gün əvvəl rəhmətə gedib. ”Qaraj"dan avtobusu mənə veriblər. Bu avtobusların “xəstəliyi” budur, solyarka şlanqı “starter”in üstündən keçir, deşiləndə yanacaq tökülür “starter”in üstünə və maşın alışır". Hadisə yerinə Fövqəladə Hallar Naziliyinin 2 yanğınsöndürən maşını gəldi. Təxminən 10 dəqiqəyə avtobusdakı alov söndürüldü. Avtobusun sərnişinlərindən olan Pəri Poladova isə yanğınla bağlı bunları dedi: “Bir də gördük ki, sürücünün oturduğu yerdən tüstü çıxır. O, avtobusu saxlayıb qapıları açıdı. Avtobusda olan cavan oğlanlar bizdən qabaq qaçdılar. Avtobusdan düşəndən sonra gördük ki, mühərrik hissəsində şlanq yanır. Sürücü və sərnişinlər torpaq atıb avtobusu söndürmək istəyirdilər, lakin söndürə bilmədilər. Mən ”pojarnı"ya zəng elədim. Düz 25 dəqiqəyə gəlib çatdılar. Görürsünüz ki, avtobus yanıb qurtardı".
Xatırladaq ki, noyabrın 26-da Bakının Yasamal rayonunda da oxşar hadisə baş verib. Sərnişinlə dolu olan “Otoyol” markalı 4 saylı marşrut avtobusu qəflətən alışaraq yanıb.