Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Gələn həftə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakı toplantısı keçiriləcək. Tədbirə Ermənistan Mədəniyyət Nazirliyinin nümayəndələrinin də qatılacağı gözlənilir. Məlumatlara görə, Ermənistanın mədəniyyət naziri artıq bu toplantıya rəsmi dəvət alıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə öz açıqlamasında bu dəvətin qəbul edilib-edilməməsi ilə bağlı hər hansı məlumat verməyib. Bununla yanaşı nazir deyib ki, ola bilsin Ermənistan nümayəndəsi də konfransa qatılsın: “Ermənistan tərəfi konfransa qatılarsa, onun üçün və digər nümayəndələr kimi şərait yaradılacaq”.
Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hökuməti yanlış mövqe tutmaqda suçladı: “Hər dəfə ermənilər Bakıya gələndə rəsmilər bildirirdi ki, onları tədbirə beynəlxalq təşkilatlar dəvət edib, biz buna qarışa bilmərik. Bu, tamamilə yanlış mövqedir. Hökumət beynəlxalq təşkilatlara anlatmalıdır ki, ermənilər bizim torpaqları işğal edib və bu səbəbdən də onların Azərbaycana gəlməsi qeyri-mümkündür. Düşünürəm ki, bu söhbətdən sonra beynəlxalq təşkilatlar erməniləri Bakıya dəvət etməz. Amma təəssüf ki, rəsmilərimiz bu günədək özlərində güc tapıb xarici təşkilatlar qarşısında sərt tələblər qoymayıb. Nəticədə də ermənilərin Bakıya gəlib-getməsi adi hal alıb. Mən hökuməti bu cür mövqedən çəkinməyə çağırıram. Bəyan edirəm ki, biz ermənilərin Bakıya gəlməsinə imkan verməyəcəyik və lazım gəlsə, bu tədbiri dağıdacağıq”.