Tarix : 2008 Nov 30
Kod 8949

AZƏRBAYCAN BANKLARININ MÜFLİSLƏŞMƏSİ QAÇILMAZDIR

Çünki yerli banklar real əmanətlərlə yox, dövriyyə vəsaitləri və kreditlər hesabına fəaliyyət göstərir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Dünyadakı maliyyə böhranının Azərbaycandan yan keçəcəyini söyləyənlər olsa da bu gün bankların həyəcan təbili çalması deyilənləri alt-üst edir. Bir çoxları bildirir ki, yerli bankların müflis olması qaçılmazdır. Düzdür, banklar özləri bunu elan etməyənə qədər bunu demək çətindir. Amma hər halda çoxlarına bəlli olan bank idarəetməsi prinsipləri var. Ona əsaslanıb Azərbaycan banklarının bir çoxunun doğrudan da müflisləşmək təhlükəsi qarşısında olduğunu söyləmək olar.

Düzdür, bir çox banklar bu prosesdən uğurla çıxacaq. Hansı ki, onlar dövlətə məxsusdur və ya müəyyən faizi dövlətin payına düşür. Onlar ödəmələr və intensiv bank xidmətləri hesabına müflisləşmədən qurtara biləcəklər. Bu barədə çox danışılır, lakin banklar təhlükə qarşısında olduqlarını etiraf etmək istəmir. Bəlkə də bu, onların fəaliyyət prinsiplərinə ziddir. Amma o da sirr deyil ki, bir çox vətəndaşlar banklara qoyduqları əmanətləri geri götürməyə çalışır.

Bu proseslər necə nəticələnə bilər? Yerli bankların çıxış yolu varmı? Banklar vətəndaşlar yaranmış təhlükədən qurtula biləcəkmi?


Bununla bağlı nəzəri biliklərə malik olan ekspertlərlə yox, banklardan birində çalışan bir ekspertlə danışdıq. Adının çəkilməməsi şərtilə qəzetimizə açıqlama verən bankir “Azərbaycan banklarını təbii ki, təhlükə gözləyir” deyə qeyd etdi: “Çünki yerli bankların özünün, demək olar ki, kapitalı yoxdur. Banklar əsasən xarici maliyyə qurumlarından aldıqları qısamüddətli kreditlər hesabına ayaqda durur. Beynəlxalq maliyyə qurumları isə missiyalarına uyğun olaraq 6-7 aydan sonra bu kreditləri geri qaytarmağı tələb edir. Yerli kreditləşmədə yaranmış böhranın əsas səbəbi bankların qısa müddətə aldıqları kreditləri qaytarmaqda çətinlik çəkməsidir. Azərbaycan banklarının siyasəti elə qurulub ki, onlar əmanətlər hesabına fəaliyyət göstərə bilmir. Hətta “Bank Respublika” özünün reklam bukletlərində “25 faiz alman kapitalı” yazır. Elə digər banklar da xarici kapitalla maliyyələşir. Bu kapitallar isə dövriyyə xarakterindədir. Yəni qısamüddətli kreditlər bir dəfə yox, dəfələrlə alınır. Amma indiki qlobal böhran imkan verməyəcək ki, banklar bundan sonra öz reklam çarxlarında “n” faiz Avropa kapitalı” yaza bilsin”.

Ekspertin deməsinə görə, yerli bankların əmanət kimi qiymətləndirdiyi vəsaitlərin böyük hissəsi də pərakəndə şəkildə əhalidən toplanmış həqiqi əmanətlər deyil: “Əslində əmanət adlandırılan məbləğlərin böyük faizi bu və ya digər formada əhalinin öz bank hesablarında o qədər də uzun müddət saxlamadığı vəsaitlərdir. Məsələn, pensiyalar, maaşlar, yaxud Rusiyadan yaxınlarının bank vasitəsilə ölkəyə göndərilən pullardır. Azərbaycan banklarının kapitalının böyük faizini əmanət olmayan vəsaitlər - dövriyyə vəsaitləri təşkil edir. Yəni tutaq ki, Neft Şirkəti hansısa altqurumun cari hesabına 20 milyon manat köçürür. O vəsait hissə-hissə il ərzində sərf olunmalıdır. Faktiki olaraq bu kimi dövriyyə vəsaitləri banklarda kapital kimi dəyərləndirilir. Həqiqi inkişaf etmiş banklarda isə kapitalın əksəriyyətini cari hesablarda toplanmış vəsaitlər - dövriyyə vəsaitləri, xarici maliyyə qurumlarından alınmış qısamüddətli kreditlər yox, şəxsi hesablarda cəmlənmiş uzunmüddətli real əmanətlər təşkil edir. Hətta bu tip banklar indiki qlobal böhrandan iflasla çıxırsa, dövriyyə vəsaitləri və kreditlər hesabına “dolanan” yerli bankların bir çoxunun iflas olmalarını etiraf etməsi o qədər də uzaqda deyil. Bir acınacaqlı məqam da ondan ibarətdir ki, bu təhlükə meydana çıxandan sonra vətəndaşlar banklardakı cüzi əmanətləri də geri almağa çalışır. Bu isə təhlükəni bir qədər də artırır. Banklar əmanəti geri qaytarmaya bilməz, amma bu, onlara növbəti zərbədir. Hər halda yerli banklar siyasətlərini əvvəlcədən elə qurmalı idi ki, onlar dövriyyə vəsaitləri və kreditlər hesabına yox, real əmanətlər hesabına yaşasınlar”.

Bankir “Azərbaycan banklarında real əmanətlər niyə azlıq təşkil edir” sualına isə belə cavab verdi: “Bu, əslində iqtisadi yox, siyasi məsələdir. Azərbaycanda böyük pulları olan, böyük biznes quran adamlar hakimiyyətə bu və ya digər şəkildə bağlı olan şəxslər və məmur-oliqarxlardır. Onlar yüksək vəzifə sahibləri olduğu və bu gündən sabaha ümid etmədikləri üçün topladıqları vəsaitləri yaxınlarının və bizneslərini idarə edən adamların adından dünyada etibar qazanmış xarici banklara yatırır. Onlar qorxur ki, sabah vəzifədən gedəndə bu pulları onların əlindən almaq asan olacaq. Odur ki, xarici banklara ümid edirlər. Bu səbəbdən də pulu olan vətəndaşların yerli banklardakı əmanətləri çox azdır. Ölkədə orta təbəqə də formalaşmayıb ki, onlar banklarda pul saxlasın. Bir sözlə, vəziyyət heç də ürəkaçan deyil. İndiki anda hökumətin bir nömrəli vəzifəsi maliyyə böhranından daha az ağır itki ilə çıxmaqdır. Əgər ölkədə bir bank müflis olduğunu elan etsə, bu tendensiya halını ala bilər və ciddi rezonans doğurar”.

  • Yazılıb
  • da (də) 2008 Nov 30