Tarix : 2008 Nov 30
Kod 8951

ABŞ VƏ SİONİSTLƏRİN “ERGENEKON” TƏŞKİLATININ YARANMASINDA ROLU

Türkiyədə davam etməkdə olan Ergenekon” işi üzrə məhkəmə prosesində iki sensasion hadisə baş verib
Türkiyə servisi/خبرگزاری آران

Məlum olub ki, “Ergenekon” əməliyyatı çərçivəsində çoxsaylı tanınmış şəxsləri həbs etmək üçün ifadələri əsas götürülən, indiyədək jurnalist və yəhudi hahamı (sinaqoq rəhbəri) kimi tanınan Tuncay Güney əslində Milli İstihbarat Təşkilatının agentidir. Digər hadisə isə ondan ibarətdir ki, məhkəmə işi üzrə həbs edilənlərdən biri, İşçi Partiyanın başqanı Doğu Perincəkin tələbi ilə MİT-in “Ergenekon” dosyesini tələb edib.

Bu dosye məhkəməyə göndərilib və məlum olub ki, MİT hazırda həbsdə olanlardan əlavə daha 63 nəfərlik “Ergenekon”çu siyahısını hazırlayıb. Bu siyahıda “Ergenekon”un 1 nömrəli şəxsinin də olduğu bildirilir. Habelə güman edilir ki, siyahıda hazırda silahlı qüvvələrdə xidmət edən bəzi generalların da adları yer alır.
Türkiyə mətbuatının xəbərlərinə görə, Tuncay Güneyin MİT agenti olması bu qurumdan məhkəməyə göndərilən cavabla üzə çıxıb. Məhkəmə Doğu Perinçəkin iddiası əsasında MİT-ə Güneyin bu qurumun agenti olub-olması haqda sorğu göndərib. Sorğuya verilən cavabda deyilir ki, 2000-ci illərin əvvəllərində bu şəxs şübhəli fəaliyyətlərinə görə MİT-in üzərində araşdırmalar apardığı adamlardan biri olub və onun barəsində özəl dosye hazırlanıb. Lakin MİT-in Tuncay Güney adlı agenti olmayıb. Ancaq “Sabah” qəzeti üzə çıxarıb ki, Güney MİT-ə işləyib və onun kod adı “İpək” olub. Belə ki, MİT 2003-cü ildə baş nazir Rəcəb Tayyib Ərdoğana göndərdiyi gizli “Ergenekon” dosyesində onun haqqında “Tuncay Güney İpək” kimi bəhs edib. Hazırda Kanadada yaşayan Tuncay Güney isə Türkiyə telekanallarından birinə açıqlamasında bu iddiaları təkzib etməyib və “dövlətə xidmət etdiyini” deyib. Lakin o, MİT haqqındakı qanuna görə bu qurumdakı fəaliyyətləri haqda danışmağa ixtiyarı olmadığını deyib. Cinsi azlıqlara mənsub olan Güney deyib ki, onun 2002-ci ildə polis tərəfindən həbs olunarkən verdiyi ifadələr silahlı terror təşkilatını üzə çıxarmağa imkan verib; lakin indi onun özünə hücum edilir.

T.Güneyin MİT agenti olması “Ergenekon” işinin istiqamətini dəyişir. Məlum olur ki, şübhəli imicə malik, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və İsrail xüsusi xidmət orqanlarının agenti olduğu deyilən bu şəxs silahlı terror təşkilatı kimi təqdim edilən “Ergenekon”un içərisinə sızdırılmış agent olub. Məhz Güneyin ifadəsi əsasında general Vəli Kiçiyə qarşı çoxsaylı ağır ittihamlar irəli sürülüb. Belə ki, Güney bir vaxtlar generalla yaxınlıq edib və onun etibarını qazana bilib.

MİT-in məhkəməyə göndərdiyi “Ergenekon” dosyesinin isə Amerika xüsusi xidmət orqanlarının məlumatları əsasında hazırlandığı bildirilir. Məhkəmədə Doğu Perincək tələb edib ki, bu dosye və orada adları gizli saxlanılan şəxslərin adları tam açıqlansın. Onun sözlərinə görə, bu zaman “Ergenekon” işinin Amerikanın oyunu olduğu görünəcək.
Keçmiş baş nazirlərdən Məsud Yılmaz isə uzun müddətdən sonra mətbuata ilk dəfə açıqlama verərək, Tuncay Güneyin MİT agenti olması ilə bağlı üzə çıxan məqama dair maraqlı açıqlamalar verib. “Cümhuriyyət” qəzetinə danışan M.Yılmaz deyib ki, vaxtilə keçmiş baş nazir Tansu Çillərin təlimatı əsasında MİT daxilində qanunsuz olaraq antiterror idarəsi yaradılıb: “O vaxt qanusuz olaraq MİT-də yaradılan bu cür strukturlar indi polisdə var. Polisdə yalnız hökumətə deyil, Fətullah Gülənə işləyən qruplaşma da var”, deyə Yılmaz bildirib.
     

Həbslər isə deyəsən təkcə Türkiyədə deyil, Azərbaycanda da aparıla bilər. Vaxtilə “Yeni Müsavat” “Ergenekon” ittihamnaməsini araşdıraraq orada Azərbaycanla bağlı xeyli məqamların olduğunu üzə çıxarmışdı. Məlum olmuşdu ki, istintaq “Ergenekon” liderləri kimi təqdim edilən bir sıra şəxslərin, o cümlədən istefada olan general Vəli Kiçiyin Azərbaycanla əlaqələrini araşdırıb, onun Bakıdan bir çox şəxslərlə, o cümlədən millət vəkili Sabir Rüstəmxanlı və onun xanımı Tənzilə Rüstəmxanlı ilə telefon danışıqlarını izləyib. “Yeni Müsavat”a daxil olan qeyri-rəsmi məlumatda isə deyilir ki, “Ergenekon”un xaricdəki uzantılarını da üzə çıxarmaq, onları istintaqa cəlb etmək yönündə hazırlıqlar gedir. Bu çərçivədə ABŞ xüsusi xidmət orqanlarının Türkiyə hökumətinə verdiyi məlumatlar əsasında Azərbaycanda aralarında bəzi hakimiyyət məmurları, o cümlədən general rütbəli bir şəxs, digər bir neçə yüksək vəzifəli zabit, bir partiya sədri və ictimai-siyasi həyatda rolu olan millət vəkili, QHT lideri də olan bir qrup şəxsin istintaqa cəlb edilməsi gözlənilir. Hətta bildirilir ki, “Ergenekon” işini aparan prokurorlar bu şəxslərdən bəzilərinin həbs edilib təhvil alınması barədə Türkiyə hökuməti qarşısında məsələ qaldırıb. Həmin şəxslərin adları “Ergenekon”la bağlı ikinci ittiham aktında yer ala bilər. Məlumata görə istintaq “Ergenekon”un Azərbaycanla yanaşı bəzi Orta Asiya respublikalarında - Türkmənistan, Qırğızıstan və s.-də uzantılarının olduğunu hesab edir.  

  • Yazılıb
  • da (də) 2008 Nov 30