Tarix : 2008 Dec 02
Kod 8981

AZERBAYCANIN MİLLİ BANKI MALİYYƏ BÖHRANINI TƏNZİMLƏYƏ BİLMİR

Uçot dərəcələri bu dəfə 8%-ə endirildi
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin qərarı ilə 2008-ci ilin dekabr ayının 1-dən etibarən uçot dərəcəsi 10%-dən 8%-ə endirilib. Həmçinin, faiz dəhlizinin yuxarı həddi 15%-dən 13%-dək azaldılıb.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə həmçinin bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 9%-dən 6%-ə endirilib.

«Cari il ərzində qlobal iqtisadi böhranın dərinləşməsi şəraitində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edib, ikirəqəmli iqtisadi artım templəri qorunub saxlanılıb. Ölkənin xarici valyuta mövqeyi daha da yaxşılaşıb və valyuta balansının profisiti 15 mlrd. ABŞ dollarına çatıb. İqtisadiyyatda inflyasiyanın azalması meylləri başlanıb. Bu şəraitdə xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün AMB preventiv pul siyasəti tədbirlərini davam etdirir. Həyata keçirilmiş tədbirlər bank sistemində yüksək likvidlik səviyyəsinin və aktivlərin keyfiyyətinin qorunmasına və bu əsasda maliyyə sabitliyinin daha da dərinləşməsinə şərait yaradır», - deyə mərkəzi bankdan bildirilib.

AMB rəsmiləri hesab edirlər ki, bank sistemində likvidlik səviyyəsinin məqbul həddə saxlanması bankların kredit fəaliyyətinin davamlılığını təmin edir və bununla qeyri-neft sektorunda iqtisadi artım dinamikasının qorunmasında mühüm rol oynayır.

Qeyd edək ki, mərkəzi bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənir. Yəni, Azərbaycanda pul-kredit siyasətinin bir qədər yumşaldılması zəruri hesab olunur, bu da onu göstərir ki, bank sistemində problemlər yaranmaqdadır. Banklar tərəfindən istehlak kreditlərini dayandırmasına baxmayaraq, bankların likvidlik problemi yaranıb, bunu da son zamanlar müşahidə olunan həm repo əməliyyatlarının kəskin azalması, həm də mərkəzləşdirilmiş kredit bazarının fəallığının artması təsdiqləyir. Beləliklə, AMB banklar üçün maliyyə vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaradır.
Bununla yanaşı qeyd olunmalıdır ki, hazırda kommersiya banklarının xarici borcu tarixi maksimuma çatıb (2 mlrd. manat), bu da dünya maliyyə böhranı, iri maliyyə qurumlarının müflisləşmə təhlükəsi ilə üzləşməsi baxımından milli bank sistemi üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, bankların xarici borcunun yüksək səviyyədə olması şəraitində bank təşkilatları üçün ehtiyat normalarının ləğv edilməsi qərarı uçot dərəcəsinin azaldılmasından daha faydalı ola bilər. Ümumilikdə, AMB tərəfindən uçot dərəcəsinin aşağı salınmasından sonra mərkəzləşdirilmiş kredit bazarının fəallaşacağını gözləmək olar, əks halda bu addımın əhəmiyyəti olmayacaq və uçot dərəcəsi bank sisteminin sağlamlaşmasında heç bir rolu oynamayan nəzəri göstərici kimi qalacaq.
Xatırladaq ki, bu ilin noyabr ayının 3-də AMB uçot dərəcəsinin 12%-dən 10%-dək azaldılmasına dair qərar qəbul edib.

  • Yazılıb
  • da (də) 2008 Dec 02