Tarix : 2008 Dec 02
Kod 8982

AZƏRBAYCANDA FƏHLƏ İNQİLABI BAŞ VERƏ BİLƏR

Azərbaycanda əmək hüquqlarının pozulması, bu prosesin neft sənayesi sahəsində daha dəhşətli hal alması ciddi kataklizmlərə gətirib çıxarmaq üzrədir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Neft sektorunda çalışanların kütləvi ixtisarı gedir. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verdi. Onun sözlərinə görə, Azərbaycanda əmək hüquqlarının pozulması, bu prosesin neft sənayesi sahəsində daha dəhşətli hal alması ciddi kataklizmlərə gətirib çıxarmaq üzrədir. Ekspert qeyd edir ki, ixtisarlar neft layihələrinin qurtarması ilə əsaslandırılır.
“ARDNŞ bu işdə xüsusi seçilir. İslahat adı altında yüzlərlə işçi işdən kənarlaşdırılır. Məsələn, Dənizdə Neft və Qaz Çıxarma İstehsalat Birliyi ilə Quruda Neft və Qazçıxarma İstehsalat Birliyi birləşdirilir, bunun ardınca kütləvi işdən çıxarma prosesi gedir. Azərbaycanda neft hasilatı əsasən xarici kompaniyaların apardığı işlərlə bağlı idi. Hasilata start verilməsi üçün hazırlıq işləri həyata keçirilirdi. Əsas işçi qüvvəsi buraya cəlb olunurdu. Bu proses artıq başa çatıb. Ona görə də çox sayda işçilər ixtisar olunub. Məsələn, Dərin Özüllər Zavodunda 25 min işçi çalışırdı. Son bir neçə ilin içində bu rəqəm 12 minə enib. Neft sənayesində 40 min nəfərədək işçi çalışır. Onların çoxu sosial müdafiə məqsədilə işdə saxlanılır. Ümumiyyətlə, neft sənayesində işçilərin sosial təminatı sahəsində vəziyyət o qədər də yaxşı deyil. Mənə uzun illər neft sənayesində işləmiş çoxlu sayda insanlar müraciət edir ki, onların aldıqları təqaüd həddən artıq azdır. Yəni təkcə hazırda neft sahəsində işləyənlərin yox, uzun illər bu sahədə çalışmış, hazırda isə təqaüddə olan insanların da ciddi sosial problemləri var. Bu vəziyyət isə sosial gərginliyi günbəgün artırır. Neft hasilatının pik həddə çatdığı dövrdə bu sahədə işləyən insanların sosial problemləri həll olunmursa, əməkhaqları kifayət qədər deyilsə, hasilatın aşağı düşməsi prosesi başlayandan sonra heç də irəliləyiş olmayacaq. Ona görə də sosial narazılıq qarşıdakı müddətdə artacaq”. Həmsöhbətimiz vurğuladı ki, neftçilərin narazılığını ən çox artıran faktorlardan biri əməkhaqqının verilməsindəki ədalətsizlikdir: “Eyni işdə işləyən, eyni kateqoriyada olan xaricilərə yüksək əməkhaqqı verilir. Azərbaycanlılara isə xaricilərdən dəfələrlə az maaş verilir. Bu çox ciddi problemdir. İndiyə qədər bir sıra şirkətlərdə məhz bu problem ciddi narazılıqları ortaya çıxarıb. Tətillər və digər formada etiraz aksiyaları baş verib. Bu aksiyalar ya zor gücünə yatırılıb, ya da vədlər verilərək aradan qaldırılıb. Ancaq vədlərə əməl etmək əvəzinə aksiyalarda iştirak edənlər işdən qovulub. Neft sənayesi sahəsində işləyən fəhlələrin ciddi sosial narazılığının mütəşəkkil şəkildə üsyanlarla meydana gəlməməsinin səbəblərindən biri budur. Digər səbəb isə müstəqil həmkarlar ittifaqlarının yoxluğudur. Təcrübə göstərir ki, istənilən sahədə hüququ pozulan işçilərin hüquqlarının qorunması və ciddi etiraz aksiyalarının ortaya çıxması müstəqil həmkarlar ittifaqının mövcud olduğu şəraitdə reallaşır. Azərbaycanda isə həmkarlar ittifaqı hökumətin tam nəzarəti altındarır. Ümumiyyətlə, hakimiyyət mütəşəkkil əmək kollektivləri olan müəssisələrin yaradılmasında maraqlı deyil”.
M.Qəhrəmanlı bildirdi ki, ölkədə işsizlik problemini yaradan birinci Dövlət Neft Şirkətidirsə, ikinci xarici şirkətlərdir: “Bizim ofisə hər gün xarici şirkətlərdən şikayətçi olan ən azı 3-4 adam gəlir. Bir çox şirkətlərdə ikili mühasibat, vergidən yayınmalar adi hala çevrilib. Azərbaycan vətəndaşı olan işçilər kütləvi surətdə işdən çıxarılır. Özü də o işçiləri işdən çıxardırlar ki, aktivdir. Nə Beynəlxalq Əmək Təşkilatının konvensiyalarını, nə də Azərbaycanın Əmək Məcəlləsini tanıyırlar. Ancaq onları cəzalandıran yoxdur. Məsələn, bu il iyunun 12-də “Kaspian Şpiad” kampaniyasında çalışan azərbaycanlılar tətil eləmişdilər və həmkarlar təşkilatlarını yaratmışdılar. Bu gün həmin tətildə iştirak edənlərin hamısı işdən qovulur. Onların içərisində Qarabağ müharibəsinin iştirakçıları, Qarabağ əlilləri var. “Kaspian Şpiad”ın prezidenti banqladeşlidir. Bu gün banqladeşli gəlib Azərbaycanda ölkənin ərazi bütövlüyü uğrunda vuruşan insanları işdən qovur, onlara az maaş verir. Azərbaycan hökuməti isə buna göz yumur. Odur ki, kütləvi və genişmiqyaslı işçi etirazlarının baş qaldırması labüddür”.
 
  • Yazılıb
  • da (də) 2008 Dec 02