Tarix : 2008 Dec 02
Kod 8984

ERGENEKON İŞİNDƏ YENİ QALMAQALLAR

Türkiyədə məhkəməsi davam etməkdə olan “Ergenekon” işi ilə bağlı ortaya çıxan yeni-yeni məlumatlar ölkənin ədliyyə və polis sisteminə etibarı ciddi şəkildə zədələyir
Türkiyə servisi/ARAN AGENTLİYİ
Türkiyədə məhkəməsi davam etməkdə olan “Ergenekon” işi ilə bağlı ortaya çıxan yeni-yeni məlumatlar ölkənin ədliyyə və polis sisteminə etibarı ciddi şəkildə zədələyir. Çünki bu işin qurama olduğuna dəlalət edən faktlar getdikcə çoxalır və bir çox müstəqil hüquqşünaslara görə, işin məhkəmə perspektivi yoxdur. Ölkə mətbuatı isə silahlı terror təşkilatı olaraq təqdim edilən “Ergenekon”la bağlı iki düşərgəyə bölünüb. Hökumətə bağlı media “Ergenekon”u az qala Türkiyənin son 50 illik tarixində baş verən bütün qaranlıq cinayətlərin baiskarı kimi təqdim edir.
Dünyəvilik tərəfdarı və milliyyətçi çevrələrə bağlı media isə əksinə, bu ilin qurama olduğunu, AKP iqtidarının ona qarşı çıxan Atatürkçü qüvvələri sıradan çıxarıb silahlı qüvvələri gözdən salmağa xidmət etdiyi haqda yazır.
“Radikal” qəzeti isə “Ergenekon” işinin necə quraşdırıldığı, işi aparan prokuror Zəkəriyyə Özün necə seçildiyi haqda ilginc detallar əldə edib. Qəzetin yazdığına görə, “Ergenekon” işi ilə bağlı həbslər üçün ilk təlimatı polisə və MİT-ə o vaxtkı xarici işlər naziri, baş nazirin müavini Abdullah Gül verib. 2006-cı ildə Ankarada yüksək məhkəmə qurumu olan Danıştay üzvlərinə silahlı hücumdan sonra terrorla mübarizə üzrə hökumət yanında qurulan komissiyanın sədri kimi Gül təhlükəsizlik xidmətlərinin başçılarını yanında toplayıb. Bu zaman Gülə xüsusi hazırlanmış dosye çatdırılıb. Həmin dosyedə sonradan “Ergenekon” işi ilə bağlı həbs ediləcək tanınmış şəxslərin adları yer alırdı. Gül dosye ilə tanışlıqdan sonra polisə və MİT-ə belə təlimat verib: “Mənə danışdıqlarınızı prokurora da danışın, dəlillər əldə edin, hamısı yaxalansın, mühakimə olunsun”. Lakin polis və xüsusi xidmət orqanları Danıştaya edilən hücumla “Ergenekon” arasında heç cür əlaqə tapa bilməyib. Bu vəziyyətdə İstanbulda o vaxt çoxlarının tanımadığı Zəkəriyyə Öz adlı prokuror tapılıb. Məlum olub ki, o, bu cür işlərdə dəlillər uydurmaqda ustadır. 2007-ci ildə “Ergenekon” istintaqına başlamazdan əvvəl Zəkəriyyə Öz İstanbulda “əl-Qaidə” tərəfindən törədilən terror hücumları ilə bağlı istintaq çərçivəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri ilə dəfələrlə görüşüb. Bu görüşlərdən sonra o, “Ergenekon” işinə təyin edilib və İstanbulun gecəqondularından birində şübhəli şəkildə sonradan partladılıb məhv edilən, lakin iş üzrə əsas maddi sübut kimi yer alan əl qumbaraları tapılıb.
Qeyd edək ki, Zəkəriyyə Özün fətullahçı olması da onun xalası oğlu tərəfindən mətbuata bildirilib. Həmin iddia ilə bağlı Öz xalası oğlunu həbs etdirib. Müstəqil hüquqşünaslar onun hazırladığı ittiham aktının dəlillərlə kifayət qədər əsaslandırılmadığını qeyd edirlər. Təkcə onu demək kifayətdir ki, iş əsasən şübhəli imicə malik, MİT agenti olduğu üzə çıxan, keçmişdə fırıldaqçılıqda günahlandırılıb həbs edilən Tuncay Güney adlı şəxsin ifadələri üzərində qurulub. Keçmiş baş prokuror, islamçı “Rifah” partiyasının bağlanması haqda Konstitusiya Məhkəməsində iddia qaldırıb udan Vural Savaş da hesab edir ki, bu işin məhkəmə perspektivi yoxdur. Ankarada Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil olunan “Ergenekon, hüquq və demokratiya” mövzusunda toplantıda çıxışı zamanı Savaş deyib ki, “Ergenekon” istintaqı Mərkəzi Kəşfiyyat İdarəsi və “Mossad”ın Türkiyə polisində, prokurorluq sistemində fətullahçı qruplaşmaları istifadə edərək həyata keçirdiyi bir əməliyyatdır. Keçmiş baş prokurora görə, bu işi aparanlar gələcəkdə özləri ədalət mühakiməsi qarşısında dayana bilər. Çünki həbs edilənlərin prosessual hüquqları açıq şəkildə pozulur. Savaşa görə, təkcə ittiham edilənlərin özlərini müdafiə edə bilmək üçün ancaq 3 vəkil tuta biləcəyi haqda məhdudiyyət əsas verir ki, onlara çıxarılacaq hökm yüksək məhkəmə kollegiyası tərəfindən ləğv edilsin. O deyib ki, ittihamların hamısı insanlar arasındakı telefon danışıqlarının qanunsuz şəkildə dinlənilməsi əsasında irəli sürülüb. Həmin telefon danışıqları isə cinayət ünsürü hesab edilə bilməz. “Digər tərəfdən, həbslər Tuncay Güney kimi olduqca şübhəli birinin ifadələri əsasında aparılıb. Bu cür adamın ifadələri əsasında bu qədər şərəfli adamın həbs edilməsi hüquq sistemi üçün üz qarasıdır. Mən bu biabırçılıqlardan sonra özümü prokuror adlandırmaqdan da utanıram. Türkiyədə bu günə qədər heç bir işdə hüquq bu dərəcədə pozulmayıb”- deyə Savaş bildirib.
Qeyd edək ki, keçmiş jurnalist, hazırda Kanadada yaşayan və bugünlərdə MİT agenti olduğu üzə çıxan Tuncay Güneyin “Mossad”la əməkdaşlığı haqda da şübhələr çoxdan var. Bu şübhələri gücləndirən yeni məlumatlar da üzə çıxıb. “Vatan” qəzetinin xəbərinə görə, Misirdə ötən il “Mossad” agenti olmaqda şübhəli bilinərək həbs edilən Məhəmməd əl-Atar adlı şəxs onu Türkiyədən Tuncay Babayın təlimatlandırdığını deyib. Kanada vətəndaşı olan əl-Attar əldə etdiyi məxfi məlumatları bu ölkədə 2005-ci ildə “Mossad” agenti olan Tuncay Babaya ötürdüyünü təsdiqləyib. Tuncay Babayın ona verdiyi tapşırıqlardan biri də Misirdə “mavi” ərəblərlə bağlı araşdırma aparmaq olub. Güman edilir ki, Tuncay Babay Tuncay Güneyin istifadə etdiyi adlardan biridir. Onun özü “mavi” olduğunu gizlətmir. Güneyin fətullahçı olduğu haqda da məlumatlar var. “Ergenekon” məhkəməsi zamanı həbs edilənlərin vəkilləri bu şəxsin prosesə gətirilməsi haqda vəsatətlər qaldırsalar da təmin edilmir.
  • Yazılıb
  • da (də) 2008 Dec 02