Tarix : 2008 Dec 02
Kod 8986

NARDARANDA ESKUDERO ƏLEYHİNƏ DAHA BİR AKSİYA KEÇİRİLDİ

Məlum məsələdir ki, Nardaran camaatına məxsus 30 hektar torpaq sahəsi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Eskuderoya qanunsuz yolla verilib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Dünən Nardaranın mülkiyyət hüquqları pozulmuş bir qrup sakini qəsəbədə aksiya keçirdi. “Səfixani” deyilən ərazidə keçirilən etiraz tədbirində Ümid Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, Bakı Dirçəliş İctimai Birliyinin sədri Abbasağa Məmmədov və Liberal Partiyasının nümayəndəsi iştirak edirdi. Aksiya iştirakçıları qarşısında çıxış edən kənd sakinlərinin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə bildirdi ki, torpaqları əlindən alınmış sakinlərə qarşı təzyiqlər son vaxtlar bir qədər də güclənib.
“Məlum məsələdir ki, Nardaran camaatına məxsus 30 hektar torpaq sahəsi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Eskuderoya qanunsuz yolla verilib. Biz bununla bağlı aidiyyəti qurumlara nə qədər müraciət etsək də heç bir nəticəsi yoxdur. Hətta Ali Məhkəmənin sədri Ramiz Rzayev də kənd nümayəndələri ilə görüşündə məsələnin ədalətli həll olunacağına söz verdi, amma bugünlərdə məlum olub ki, hörmətli sədr bizi aldadıb. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibala Əliyev isə saxtakarlığa imza atmış icra nümayəndəsi Yaşar Orucovu vəzifəsindən uzaqlaşdıraraq kənddə yalançı şahid kimi ad çıxarmış Tofiq Həsənovu onun yerinə təyin edib. Halbuki bu şəxs ”Səfixani" deyilən ərazinin Salman Cəbrayılovun mülkü olması barədə tərtib edilmiş akta qol çəkib. O, aldandığını sonradan etiraf etsə dəáá, bircə dəfə də məhkəməyə gedərək səhvini etiraf etməyib".
Məsələnin hazırda Milli Məclis səviyyəsində araşdırıldığını söyləyən R.Əlizadə həqiqətin gec-tez qalib gələcəyini də bildirdi. Onun sözlərinə görə, Milli Məclisin rəhbərliyi sözügedən məsələnin araşdırılmasını deputat Eldar Quliyevə tapşırıb: “Bununla bağlı Eldar müəllimin nümayəndəsi ilə görüşmüşük. Bizə bildiriblər ki, məsələ Milli Məclisin komissiyasında araşdırılır. Hazırda Eldar Quliyev Bakıda olmadığından məsələnin həlli bir qədər gecikir. Qəsəbə sakinlərinin problemi millət vəkili İqbal Ağazadənin də diqqətindədir. Biz ona müraciət edəndən sonra problem Milli Məclisin iclasında müzakirəyə çıxarılıb”.
Ümid Partiyasının təmsilçisi Nəsimi Məmmədli kənd camaatının tələblərini dəstəklədiyini dedi: “Qanun hamı üçün eyni olmalıdır. Bu məsələ ədalətli həll edilməlidir. Biz bir partiya olaraq daim sizin yanınızdayıq”.
Bakı Dirçəliş İctimai Birliyinin sədri Abbasağa Məmmədov isə Bakı və Bakıətrafı kəndlərin problemlərindən danışdı. Onun sözlərinə görə, Bakı kəndlərində torpaq ilk növbədə yerli əhaliyə verilməlidir: “Mən güman edirəm ki, hökumət sizin məsələyə ədalətli baxacaq”.
Sonda aksiyanın qətnaməsi oxundu. Qətnamədə bildirilirdi ki, keçmiş səfir Stenli Eskudero “Səfixani” adlanan torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirməyə çalışır. Bu işdə ona imkanlı məmurlar yardımçı olsa da Nardaran sakinləri buna imkan verməyəcək: “Biz tələb edirik ki, Eskuderoya görə öz xalqına böhtan atan, nardaranlıları dini ekstremist adlandıran Qüdrət Həsənquliyev Nardaran sakinlərindən üzr istəsin”.
  • Yazılıb
  • da (də) 2008 Dec 02