gəlmə adamların əynində Türkiyə əyalətlərində yerli kürdlərin daha çox geyindiyi milli şalvarlar olub
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Dünən Bakıya onlarla kürd ailəsi gəlib. Bu barədə redaksiyamıza məlumat verən oxucularımız 20 avtomobildən ibarət maşın karvanının dünən səhər Bakının “Şamaxinka” adlanan ərazisində cəmləşdiyini söylədilər. Onların sözlərinə görə, əksəriyyəti mikroavtobuslardan ibarət olan bu karvandakı avtomobillərin bəzilərinin üzərində İraq Kürdüstanının gerbi olub. Xəbəri verən qaynaqlarımız bildirdi ki, xarici nömrə nişanlı avtomobilləri idarə edən sürücülər və onların sərnişinləri yaxalarına həmin gerbin əks olunduğu nişanlar taxıblar.
Bu barədə bizi bilgiləndirən oxucularımız gəlmə kürdlərin öz dillərində danışdıqlarını söylədilər. Şahidlər qonaqların qəribə geyim tərzinə də diqqət ediblər. Onların deməsinə görə, gəlmə adamların əynində Türkiyə əyalətlərində yerli kürdlərin daha çox geyindiyi milli şalvarlar olub.
Məlumat redaksiyamıza daxil olan kimi “Şamaxinka”ya getdik. Amma həmin gəlmə köçünü görə bilmədik. Ətrafdakı adamlardan belə bir maşın karvanı haqda soruşduq. Yaxınlıqdakı taksilərin sürücüləri faktı təsdiqlədilər. Onların sözlərinə görə, avtomobil karvanı təxminən 40-45 dəqiqə ərzində “Şamaxinka”da dayanıb. Həmin maşınların hamısının üstündə İraq dövlətinə məxsus nömrə nişanları olub. Daha sonra maşın karvanı hissə-hissə ərazini tərk edərək naməlum istiqamətlərə gedib. Bu zaman maşınları yerli bələdçilər müşayiət edib. Şahidlərin sözlərinə görə, kürdlər ölkəmizə ailələri ilə birlikdə gəliblər. Belə ki, mikroavtobuslarda kişilərlə yanaşı, qadınlar və azyaşlı uşaqlar da olub.
Xatırladaq ki, ölkə mətbuatı təhlükəli kürd köçü barədə dəfələrlə yazıb, həyəcan təbili çalıb. “Yeni Müsavat” qəzeti olaraq biz də ölkəmizdə məskunlaşan gəlmə kürdlər barədə müfəssəl jurnalist araşdırmaları aparmışıq. Nəticədə gəlmə kürdlərin Bakı-Tiflis-Ceyhan neft kəmərinin keçdiyi ərazilərdə, Bakının neft hasilatı və emalı rayonlarında yerləşməsi faktını üzə çıxarmışıq. Həmçinin kürdlərin daha çox Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Samux və Xanlar rayonlarında məskunlaşdığını müəyyən etmişik. Bildirmişdik ki, Gəncə şəhərində, Xanlar yolu üzərində kürdlər üçün xüsusi qapalı qəsəbə tikilib.
Bir neçə ay öncə isə Bakının Müşfiqabad qəsəbəsi ərazisində də kürdlər üçün qapalı qəsəbələrin inşa ediləcəyi barədə məlumat əldə etmişdik. Onu da qeyd edək ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsində yüzlərlə kürd ailəsinin yerləşdirilməsi barədə reportajımızdan sonra gəlmə kürdlər həmin ərazidən çıxarıldı. Həmin kürd ailələrinin Ağsu rayonu ərazisinə köçürüldüyü bildirilir.
İraq kürdlərinin ölkəmizə axınını təsadüfi saymaq qeyri-mümkündür. Bəlli olduğu kimi, Türkiyə tərəfi İraq və İraqın kürd muxtariyyətinin liderlərindən PKK düşərgələrinin qapadılmasını və terror qruplaşması rəhbərlərinin təhvil verilməsini tələb edir. İstər İraq prezidenti Cəlal Tələbani, istərsə də kürd muxtariyyətinin lideri Məsud Bərzani Türkiyə ilə konfliktə girməkdə maraqlı deyil. İraq Kürdüstanının müstəqilliyinə nail olmağa çalışan hər iki lider Türkiyə qarşısında Şimali İraqda PKK-nın fəaliyyətinə imkan verməyəcəkləri barədə öhdəlik götürüb. İraq kürdlərinin liderlərinin PKK simpatizanlarını başqa ölkələrə yerləşdirməkdə maraqlı olması da sirr deyil.
İraq və Türkiyə kürdlərinin ölkəmizdə yerləşdirilməsinin arxasında hakimiyyətdə olan kürd qruplaşmasının durması da hamıya məlum olan həqiqətdir. Güman olunur ki, kürd liderləri İraqda olan PKK yanlı kürd ailələrinin əhəmiyyətli hissəsini ölkəmizdə məskunlaşdırmaq üçün iqtidardakı tərəfdarları ilə razılığa gəliblər. Sonda onu da bildirək ki, Azərbaycan iqtidarında təmsil olunan bir sıra məmurlar separatçı kürdləri açıq şəkildə müdafiə edir. Azərbaycanda PKK-nı təbliğ edən “Diplomat” qəzeti nəşr edilir. PKK-çı olduğunu açıq şəkildə bəyan edən “İdeal” qəzetinin axtarışda olan baş redaktoru Nazim Quliyevin də iqtidardakı etnik mafiya tərəfindən gizlədildiyi söylənir.