Məşhur dramaturq Rüstəm İbrahimbəyov «Yeni Azərbaycan» qəzetinin redaksiyasına məktub göndərərək, qəzeti Heydər Əliyevin fikrinə hörmət etməməkdə ittiham edib.
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
«Sizin qəzetiniz hər nömrəsində mənə, yaradıcılığıma və ictimai fikirlərimə diqqət ayıraraq, oxucunu mənim xalqımıza yad, onun ənənələrindən uzaq olduğuma və Azərbaycan xalqının, doğma diyarın surətini təhrif edərək və alçaldaraq «düşmən dəyirmanına su tökdüyümə» inandırmağa çalışır, deyə Turan agentliyinə göndərilmiş məktubda qeyd edilib.
Dramaturq qəzetin Azərbaycan prezidentinin İtaliyadakı çıxışından sitat gətirilən 28 noyabr tarixli nömrəsini xüsusi vurğulayır. İlham Əliyev qeyd edir ki, azərbaycanlılar öz ənənələrini, milli mentalitetlərini yüksək qiymətləndirirlər, gənc nəsil milli ruhda tərbiyə olunub və Avropa dəyərlərinə hörmət edən azərilər ata-babalarından qalmış milli dəyərlərini və ənənələrini unutmurlar.
«Düşünürəm ki, azərbaycanlıların böyük əksəriyyəti Prezidentimizin fikri ilə həmrəydir», deyə İbrahimbəyov qeyd edib.
«Əsəs milli ənənələrə əməl edərək, biz ən əsas dəyərlərdən birini – sağlam, qlobal dağıdıcı təsirlərə boyun əyməyən ailəyə pərəstiş ənənəsini qoruyub saxlamışıq. Ailə ənənələri, uşaqlara sevgi və böyüklərə hörmət bizi bu dəyərlərin xeyli zəiflədiyi bir çox Avropa xalqlarından yaxşı mənada fərqləndirir.
Sizin qəzetinizdə də bu dəyərlər zəifləyib, ən mühüm milli keyfiyyəti – Böyüyə hörməti yaddan çıxarıb. Məni hər nömrədə ittiham edərək siz «Yeni Azərbaycan» partiyasının banisi və mənəvi lideri ilə qəti polemikaya qədəm qoymusunuz, o, mənim və yaradıcılığım haqda tam əks fikirdə olub:
«Rüstəm İbrahimbəyov 60-cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatına və mədəniyyətinə gəlmiş böyük bir yaradıcı qrupun parlaq nümayəndəsidir. Həmin vaxtdan bu günə kimi (1999-cu il) o, öz yaradıcılığı – nəsr əsərləri, kinossenariləri, pyesləri ilə milli mədəniyyətimizi zənginləşdirib və dünya mədəniyyətinə layiqli töhfə verib. Məsələn, onun 1968-ci ildə çəkilmiş «Bir cənub şəhərində» filmi Azərbaycan mədəniyyətində, Azərbaycan kinosunda böyük hadisə olub. Rüstəm İbrahimbəyovun bütün əsərlərinin mövzusunu və mənasını təşkil edən əsas xüsusiyyəti onların həmişə real həyatı əks etdirməsidir. O vaxtı xatırlayıram ki, bəzi yazıçılar, şairlər, tənqidçilər Rüstəm İbrahimbəyovu və Maqsud İbrahimbəyovu sovet ideologiyasına qarşı olmaqda ittiham edirdilər. Amma həqiqət ondan ibarətdir ki, mən həmin vaxt bu cəhdlərin qarşısını həmişə almışam. Rüstəm İbrahimbəyov Azərbaycan mədəniyyətini bütün dünyaya yayıb. Və bu özü də böyük xidmətdir». (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 19-cu tom, səh. 124-133).
Heydər Əliyevin mənim üçün unudulmaz olan çıxışından bu sətirləri gətirərək kədərlə mənim və bir çox digər Azərbaycan mədəniyyət xadimlərinin necə gözəl müdafiəçidən məhrum olduğu haqda düşündüm. Amma Azərbaycanda ailə ənənələri sarsılmazdır, əminəm ki, gec ya tez, qəzetinizin və ən yaxşı milli mədəniyyət nümayəndələrinə qarşı qarayaxma kampaniyalarının təşkilatçılarının əməllərinə layiqli qiymət veriləcəyindən əminəm», deyə məktubda qeyd edilib.