Tarix : 2008 Dec 04
Kod 9017

QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA İMİTASİYA

.
Azərbaycan servisi/Aran Agentliyi
Artıq Moskvada keçirilən Azərbaycan, Ermənis­tan və Rusiya prezidentləri arasında Dağlıq Qara­bağ münaqişəsinin nizamlanmasına dair müzakirə­dən bir ay vaxt keçir. Noyabrın 12-də ATƏT MQ-nun həmsədrləri regiona səfər edərək, danışıqlar prosesinin davam etdirilməsinə dair müzakirələr aparıblar. Noyabrın 24-də isə İstanbulda Türkiyə­nin xarici işlər naziri Əli Babacanla erməni həmka­rı Eduard Nalbəndyan arasında 3 saatlıq görüş olub. Görüş qapalı keçsə də, erməni mənbələrin­dən məğlub olub ki, nazirlərin əsas müzakirə möv­zusu iki ölkə arasında diplomatik münasibətlərin yaradılması və sərhədin açılması məsələsidir. Da­nışıqlarda hətta Türkiyənin İrəvana səfir göndər­məsi də gündəmə gəlib. Əlbəttə, bütün bunlar ha­mısı ermənilərin xeyrinə olan addımlardır və haqlı olaraq Azərbaycan ictimaiyyətinin kəskin etirazıy­la qarşılanır. Maraqlıdır ki, rəsmi Bakı susur, Qərbyönümlü, millətçi müxalifət partiyaları isə hər cür vasitələrlə Türkiyəyə və Qərb dövlətlərinə haqq qazandırmağa çalışırlar.
Əvvəlcə onu qeyd edim ki, Türkiyənin Azərbaycanla yaxın münasibətləri olsa da ABŞ və Qərbin Avro-asiyada nümayəndəsidir. Yəni Türkiyənin Ermənistanla müna­sibətləri, ABŞ və Qərbi Avropa dövlətlərinin regionda yürütdüyü siyasətin tərkib hissəsidir.
Bu il avqustun 8-də Vaşinqtonun təhriki və sionist İsrail hərbi təlimçilərinin kö­məyi ilə ABŞ-ın Gürcüstandakı marionet prezidenti Mişa Saakaşvili Cənubi Osetiya­ya axmaqcasına basqın etdi və nəticədə həm öz ölkəsini, həm də Qərb və Türkiyə­ni ağır iqtisadi durum qarşısında qoydu. Onda Qərb neft-qaz boru kəmərlərinin Türkiyənin vasitəçiliyi ilə Ermənistandan keçməsini istədi. Azərbaycan tərəfi isə torpaqlarımız işğaldan azad olunmayınca heç bir neft və qaz kəməri, "Şimal-Cə­nub" dəmiryol və digər kommunikasiya xətlərindən söhbət açmamalıdır.
Aydındır ki, Qarabağ problemini ATƏT MQ heç vaxt həll edə bilməz. Çünki ATƏT-in qərarları tövsiyə xarakterlidir, heç bir hüquqi aspekt daşımır.
Rusiya Ermənistanı forpostu elan edib və bu münaqişəni də elə özü yaradıb. Er­mənistanın isə Rusiyanın icazəsi olmadan heç bir razılığa imza atmağa cürəti çat­mır, danışıqlarda iştirakı da yalnız mövcudluğunu göstərmək üçündür. Rusiya Qa­rabağ probleminin tam həllində maraqlı deyil, çünki geosiyasi baxımdan həm Er­mənistanı, həm də Azərbaycanı öz nəzarətində saxlamağa çalışır.
ABŞ-a Azərbaycanın karbohidrogen ehtiyatları, enerjisi lazımdır və onu da alır. Ona görə də Qarabağ probleminin dondurulması həm ABŞ-ı, həm də Rusiyanı tə­min edir.
İran isə regionda dünyanın hesablaşdığı ölkədir. Yalnız İslam Respublikası ef­fektli vasitəçi ola bilər.
ATƏT MQ əvvəlcə 5 rayonun qaytarılması, qaçqınların və köçkünlərin bu ərazilər­də yerləşdirilməsi, Rusiya hərbçilərinin guya sülhməramlı adıyla Kəlbəcər, Laçın dəhlizi, Ermənistan- Azərbaycan sərhədlərində, həmçinin Qarabağ ətrafında yerləş­dirilməsi və sonra da guya Qarabağda referendum keçirilməsini təklif edirlər. Bu isə Qarabağı itirmək deməkdir.
Azərbaycan üçün önəmli məsələ ərazi bütövlüyünü bərpa etməkdir. Bir addım ol­sa da geri çəkilməməliyik, bu bizim əsas prinsipimiz olmalıdır. Biz öz haqqımızı beynəlxalq hüquq normaları əsasında tələb edirik. Ona görə də hesab edirəm ki, Qarabağ probleminin həlli prosesində şərti Azərbaycan tərəfi qoymalıdır. Yəni ilk növbədə Azərbaycanın bütün ərazisi qeyd-şərtsiz işğaldan azad olunmalı, qaçqın və köçkünlər öz ata-baba yurdlarına qaytarılmalı, sonra isə Azərbaycanın tərkibin­də Qarabağa hansı statusla muxtariyyət verilməsi və Azərbaycan-Ermənistan əla­qələrinə baxmaq olar. Əks təqdirdə, rəsmi Bakı müəyyən vaxt ərzində BMT-dən mə­lum 4 qətnamənin icrasını tələb etməli, əgər bu qərarlar yerinə yetirilməzsə, xalqı­mız bütün mümkün vasitələrdən bəhrələnməklə, hərbi yolla da olsa öz ərazisini düşməndən təmizləyib, ərazi bütövlüyünün bərpasına çalışmalıdır.
  • Yazılıb
  • da (də) 2008 Dec 04