Azərbaycan servisi/Aran Agentliyi
Artıq Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirədən bir ay vaxt keçir. Noyabrın 12-də ATƏT MQ-nun həmsədrləri regiona səfər edərək, danışıqlar prosesinin davam etdirilməsinə dair müzakirələr aparıblar. Noyabrın 24-də isə İstanbulda Türkiyənin xarici işlər naziri Əli Babacanla erməni həmkarı Eduard Nalbəndyan arasında 3 saatlıq görüş olub. Görüş qapalı keçsə də, erməni mənbələrindən məğlub olub ki, nazirlərin əsas müzakirə mövzusu iki ölkə arasında diplomatik münasibətlərin yaradılması və sərhədin açılması məsələsidir. Danışıqlarda hətta Türkiyənin İrəvana səfir göndərməsi də gündəmə gəlib. Əlbəttə, bütün bunlar hamısı ermənilərin xeyrinə olan addımlardır və haqlı olaraq Azərbaycan ictimaiyyətinin kəskin etirazıyla qarşılanır. Maraqlıdır ki, rəsmi Bakı susur, Qərbyönümlü, millətçi müxalifət partiyaları isə hər cür vasitələrlə Türkiyəyə və Qərb dövlətlərinə haqq qazandırmağa çalışırlar.
Əvvəlcə onu qeyd edim ki, Türkiyənin Azərbaycanla yaxın münasibətləri olsa da ABŞ və Qərbin Avro-asiyada nümayəndəsidir. Yəni Türkiyənin Ermənistanla münasibətləri, ABŞ və Qərbi Avropa dövlətlərinin regionda yürütdüyü siyasətin tərkib hissəsidir.
Bu il avqustun 8-də Vaşinqtonun təhriki və sionist İsrail hərbi təlimçilərinin köməyi ilə ABŞ-ın Gürcüstandakı marionet prezidenti Mişa Saakaşvili Cənubi Osetiyaya axmaqcasına basqın etdi və nəticədə həm öz ölkəsini, həm də Qərb və Türkiyəni ağır iqtisadi durum qarşısında qoydu. Onda Qərb neft-qaz boru kəmərlərinin Türkiyənin vasitəçiliyi ilə Ermənistandan keçməsini istədi. Azərbaycan tərəfi isə torpaqlarımız işğaldan azad olunmayınca heç bir neft və qaz kəməri, "Şimal-Cənub" dəmiryol və digər kommunikasiya xətlərindən söhbət açmamalıdır.
Aydındır ki, Qarabağ problemini ATƏT MQ heç vaxt həll edə bilməz. Çünki ATƏT-in qərarları tövsiyə xarakterlidir, heç bir hüquqi aspekt daşımır.
Rusiya Ermənistanı forpostu elan edib və bu münaqişəni də elə özü yaradıb. Ermənistanın isə Rusiyanın icazəsi olmadan heç bir razılığa imza atmağa cürəti çatmır, danışıqlarda iştirakı da yalnız mövcudluğunu göstərmək üçündür. Rusiya Qarabağ probleminin tam həllində maraqlı deyil, çünki geosiyasi baxımdan həm Ermənistanı, həm də Azərbaycanı öz nəzarətində saxlamağa çalışır.
ABŞ-a Azərbaycanın karbohidrogen ehtiyatları, enerjisi lazımdır və onu da alır. Ona görə də Qarabağ probleminin dondurulması həm ABŞ-ı, həm də Rusiyanı təmin edir.
İran isə regionda dünyanın hesablaşdığı ölkədir. Yalnız İslam Respublikası effektli vasitəçi ola bilər.
ATƏT MQ əvvəlcə 5 rayonun qaytarılması, qaçqınların və köçkünlərin bu ərazilərdə yerləşdirilməsi, Rusiya hərbçilərinin guya sülhməramlı adıyla Kəlbəcər, Laçın dəhlizi, Ermənistan- Azərbaycan sərhədlərində, həmçinin Qarabağ ətrafında yerləşdirilməsi və sonra da guya Qarabağda referendum keçirilməsini təklif edirlər. Bu isə Qarabağı itirmək deməkdir.
Azərbaycan üçün önəmli məsələ ərazi bütövlüyünü bərpa etməkdir. Bir addım olsa da geri çəkilməməliyik, bu bizim əsas prinsipimiz olmalıdır. Biz öz haqqımızı beynəlxalq hüquq normaları əsasında tələb edirik. Ona görə də hesab edirəm ki, Qarabağ probleminin həlli prosesində şərti Azərbaycan tərəfi qoymalıdır. Yəni ilk növbədə Azərbaycanın bütün ərazisi qeyd-şərtsiz işğaldan azad olunmalı, qaçqın və köçkünlər öz ata-baba yurdlarına qaytarılmalı, sonra isə Azərbaycanın tərkibində Qarabağa hansı statusla muxtariyyət verilməsi və Azərbaycan-Ermənistan əlaqələrinə baxmaq olar. Əks təqdirdə, rəsmi Bakı müəyyən vaxt ərzində BMT-dən məlum 4 qətnamənin icrasını tələb etməli, əgər bu qərarlar yerinə yetirilməzsə, xalqımız bütün mümkün vasitələrdən bəhrələnməklə, hərbi yolla da olsa öz ərazisini düşməndən təmizləyib, ərazi bütövlüyünün bərpasına çalışmalıdır.