Azərbaycan servisi/Aran Agentliyi
APA-nın məlumatına görə, 3430 ton su tutumuna malik, 1991-ci ildə inşa olunmuş, hazırda Panama bayrağı altında üzən “Emerald 1” adlı Azərbaycan gəmisi ilə “Danapris-2” adlı Ukrayna yük gəmisinin toqquşması nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisə nəticəsində hər iki gəminin gövdə hissəsinə ciddi zərər dəyib.
İlkin məlumata görə, Azərbaycan gəmisi Eysk limanına, Ukrayna gəmisi isə Rostovdan Ravennaya doğru hərəkət edirmiş. Toqquşmanın səbəbləri məlum deyil. Azərbaycan gəmisində 8, Ukrayna gəmisində isə 12 heyət üzvü olub. Türkiyə Dəniz Administrasiyası gəmilərin batma təhlükəsinin olmadığını, hər iki gəminin Bozcaadanın şərq və şimal-şərqində lövbər saldığını bildirib.
Sabah Dəniz Qəza Araşdırma Komissiyası hadisənin təfərrüatlarını aydınlaşdırmaq məqsədilə hər iki gəminin kapitanından ifadə alacaq. Administrasiyadan bildiriblər ki, qəzanın baş verməsində günahkar olan şəxslər müvafiq qaydada cəzalandırılacaq.