ATƏT məkanında humanitar fəlakətlərə gəldikdə isə deyə bilərəm ki, Gürcüstan belə bir fəlakətlərdən birinin səbəbkarıdır
Rusiya SERVİSİ/ARAN AGENTLİYİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT rəhbərliyini Gürcüstanda baş verən avqust hadisələrinin qarşısını vaxtında almamaqda ittiham edib. O, bildirib ki, ATƏT daxilində informasiya dövriyyəsi, mühüm məlumatların yalnız bəzi iştirakçı dövlətlər üçün açıq olması məsələlərinə yenidən baxmağa ehtiyac var: "Məsələn, mediada belə məlumatlar səslənir ki, Gürcüstan Cənubi Osetiyaya hücum etməzdən əvvəl bölgədəki ATƏT-in müşahidə missiyası Tiflisin hərbi hazırlığa başlaması barədə rəhbərliyə məruzə edib. Lakin onların hesabatları nədənsə qurumun heç də bütün üzvlərinə çatdırılmayıb. Hesab edirik ki, bununla bağlı daxili təhqiqat sonadək aparılmalıdır. ATƏT məkanında humanitar fəlakətlərə gəldikdə isə deyə bilərəm ki, Gürcüstan belə bir fəlakətlərdən birinin səbəbkarıdır».
Rusiyalı nazir Gürcüstan rəhbərliyinin Cənubi Osetiyaya qaz nəqlini dayandırması məsələsinə də toxunub. O bildirib ki, soyuq qış ərəfəsində belə bir addımın atılmasını qeyri-insani əməldən başqa heç cür qiymətləndirmək mümkün deyil. «ATƏT və onun institutları Tiflisin fəaliyyəti nəticəsində meydana çıxan humanitar fəlakətin qarşısını almaq üçün təcili tədbirlər görməlidir».