Paytaxtın Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai, Sabunçu və Əzizbəyov rayonlarında, habelə Bakı kəndlərinin bir qismində su təchizatı tamamilə və ya qismən dayandırılıb
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Yeni tikilən “Azadlıq” metro stansiyasının yaxınlığından keçən magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar ərazidən Bakının mərkəzi hissəsinin içməlu su təchizatı dayandırılıb.
“Azərsu” Səhmdar Cəmiyyətinin dispetçer xidmətindən Lent.az-a bildiriblər ki, hazırda Nərimanov, Yasamal rayonları tamamilə, Səbail, Nəsimi və Xətai rayonlarının isə bir hissəsi sussuz qalıb.
“Azərsu”da bildirirlər ki, boru xəttinin dəyişdirilməsi prosesi bu gün axşam saatlarınadək başa çatdırılacaq. Gecə isə borulara və anbarlara su vurulmasına başlanacaq. Sabah səhər saatlarından əhalinin içməli su ilə təminatı bərpa ediləcək.
Bundan başqa, paytaxtın Sabunçu və Əzizbəyov rayonlarında, Bakı kəndlərinin bir qismində də su təchizatı dayandırılıb. “Azərsu”dan Lent.az-a bildiriblər ki, buna səbəb Sabunçu magistral su xəttinin qışa hazırlanması ilə bağlı görülən tədbirlərdir. Bu ərazilərə də su verilməsinin dekabrın 5-də, gün ərzində bərpa olunacağı gözlənilir.