Azərbaycan servisi/Aran Agentliyi
“Bütün əhvalım ondan ibarətdir ki, dekabrın 8-də həbsxanaya qayıdacağam”
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə qardaşı, həmin qəzetin əməkdaşı Mirzə Sakitin bir həftə çəkəcək azadlıq həyatları davam edir. Atalarının yas mərasimində iştirak etmək üçün xüsusi icazə ilə Şamaxıya gətirilən qardaşlar üç və yeddi mərasimindən sonra həbsxanaya qaytarılacaqlar. Dünən telefon vasitəsilə baş tutan söhbətimizdə Qənimət bəy bizi maraqlandıran suallara cavab verdi. Müsahibimizdən öncə bu “yarımçıq azadlıq”ın dadını soruşduq.
- Qənimət bəy, bir ildən artıqdır ki, həbsdəsiniz. Bu azadlıq yarımçıq da olsa, nə deyir sizə?
- Təbii ki, bizə verilən imkanı yüksək qiymətləndirirəm. Azadlığım müvəqqəti də olsa, hər halda, görmək, danışmaq istədiyim insanlar vardı ki, onları gördüm və danışdım. Amma hər halda, deyilən müddətdə qayıtmalıyam və bu, faktdı.
- Təəccübləndinizmi bu qərara? Hakimiyyətdən belə jest gözləyirdinizmi?
- Açığını deyim ki, nələrəsə təəccüblənmə artıq vərdiş kimi yadırğanıb. Yenə də təəccüblənmədim. Atamın ölüm xəbərini eşidən kimi ağlıma gələn o oldu ki, görəsən, onun yas yerində iştirak etməyə buraxacaqlar, ya yox. Mən əmindim ki, bu məsələni qaldıran kifayət qədər adamlar və təşkilatlar olacaq. Həm də ki, mən bu xəbəri gec eşitmişdim. Atamın ölümündən bir gün sonra, yəni dəfn axşamı. Amma yenə də təkrar edirəm ki, verilən bu qərar gözlənilməz olmadı. Düzdü, qanunda belə bir məsələ var, amma tətbiq olunmayıb. Bununla yanaşı, başa düşürdüm ki, hər halda, Azərbaycanda 16-cı əsr deyil. Belarusda da buna bənzər hadisə baş verəndə Lukaşenko eyni addımı atıb. Ermənistanda da belə olub. Azərbaycanda da bunu ciddi bir ajiotaja çevirmədən həll yolunu seçən adamların olduğuna inanırdım və inandığım kimi də oldu.
- Deyəsən, dostlarınızla söhbətdə bu olayı “Qurdlar Vadisi” serialına, öz durumunuzu isə Polad Alemdarın durumuna bənzətmisiniz. Yəni türmədən çıxıb yas yerinə, ardınca isə türməyə qayıtma “trayektoriya”nızı deyirəm.
- (Gülür). Allah eləməsin. Təvazökarlıqdan o qədər də imtina etmiş adam deyiləm. Kimlərinsə zarafatıdır. Doğrudur, hadisə oxşaya bilər, amma personajlar tam fərqlidir. Allaha şükür, kriminal qruplaşmanın adamı deyiləm, özümü sıradan jurnalist sayıram. Amma görürəm ki, ictimaiyyət üçün gözlənilməz və təəccüblü hadisə baş verib. Çünki bu vaxta qədər belə presedent olmamışdı.
- 7 gün daha nələrə icazə verilib sizə? Qadağaların sərhədi hara qədərdir? Ancaq evdəmi olacaqsınız? Yoxsa kənddə kimlərəsə baş çəkməyiniz mümkündür?
- Nəzarətçilər mənim hərəkətimi məhdudlaşdırmırlar. Kəndin içində də gəzə bilirəm. Bax indi sizinlə danışa-danışa küçədə gəzişirəm. Başımın üstündə silahla dayanmayıblar. Hərəkətlərimi məhdudlaşdırmaq istəklərini hiss etməmişəm. Həyətdə, evin yanında otururam. Kim görmək istəyirsə - yaxın və uzaq kəndlərdən - gəlib mənimlə görüşürlər. Adi vaxtlarda da mən kəndə gələndə adətən kəndə az çıxıram. Eləcə həyətdə oluram.
- Bəs kəndə nəzarət varmı? Rayon polis idarəsinin, habelə paytaxtdan gətirilən polislərin nəzarətini soruşuram.
- Yox, elə də nəzarət olduğunu hiss etmirəm. Söz-söhbət də yoxdur ki, nəzarət var. Hər halda, ətrafda elə ab-hava hiss olunmur.
- Bütün qohum-əqrəba bir aradasınız. İnsanlar nə deyir bu vəziyyətə? Onlarçün gözlənilməzdimi bu müvəqqəti azadlıq?
- Konkret bu hadisə ilə bağlı başqa adamlar üçün daha gözlənilməz olub. Hər halda, mənim 1, Sakitin isə 2 il yarımdır ki, yaxınlar, kənddəki qohumlarla əlaqə saxlamaq imkanlarımız yox idi. Bu baxımdan təbii ki, maraqlıdır. İlk günlər bu müddət ərzində baş verənlərlə maraqlanır, danışırıq.
- Nəzarətçilər də sizinlə eyni evdə qalırlar?
- Yox, onlar gecəni kənddəki evlərdən birində keçirirlər. Açığı, bilmirəm, gecə yatırlar, ya yox? Hər halda, öz işlərinin öhdəsindən gəlirlər.
- Hamı yarızarafat soruşur ki, qardaşların kənddən qaçma ehtimalı varmı, görəsən?
- Mənim burdan qaçma ehtimalım mənfi 50 dərəcədir. Yəni əsla mümkün deyil. Özü də demişəm axı, bu ölkənin türməsi də bizimdir. Hara qaçasıyam ki?
- Rayonda, kənd-kəsəkdə, insanların arasında daha çox nə diqqətinizi cəlb etdi? Nəyə təəccübləndiniz? Yəni son bir ildə nələr dəyişib?
- Açığı, ən çox diqqətimi cəlb edən və ən çox hiss etdiyim atamın yoxluğudur. Mənim atam uzun ömür yaşadı. Ona çox vərdiş eləmişdim. Hər həftə baş çəkir, hal-əhvalını yoxlayırdım. Onun yoxluğu içimi üşəndirir.
- Heç ağlınıza gələrdi ki, atanızın ölüm xəbərini həbsxana divarları arasında eşidəcəksiniz?
- Düzü, bu ailə-məişət məsələlərində mən bir o qədər də melanxolik, sentimental deyiləm. Hər zaman hansısa hadisələrin ola biləcəyini gözləmişəm, özümü psixoloji cəhətdən buna hazırlamışam. Öz həyatımın da gərginliyini bilmişəm. Ona görə də bunu adi bir hadisə kimi qarşıladım. Bu da mənim taleyimin bir hissəsi oldu.
- Atanızla axırıncı dəfə nə vaxt görüşmüşdüz, nə vaxt danışmışdız? Yadınızdadır?
- Mən həbs olunmamışdan bir gün əvvəl kənddə yaxın qohumlardan birinin toyu idi. Uşaqları yola saldım, amma özüm gəlmədim. Onda atam narahat olmuş, sonra mənə zəng eləmişdi ki, niyə gəlməmisən? Hətta o, mənim həbs olunduğumu düşünmüşdü. Və ilk sualı da bu olmuşdu ki, doğrudanmı səni həbs ediblər? Baxmayaraq ki, onunla danışdığım gün dostum İlqarla oturub çay içirdik. Həmin dostumu atam da tanıyırdı. Onu inandırmaq üçün dedim, istəyirsən, telefonu İlqara verim, əmin ol ki, tutulmamışam. Dedim ki, əgər məni tutsaydılar, sənə axı zəng edə bilməzdim. Ondan sonra ürəyi sakitləşdi, tutulmadığıma inandı.
- Bəs atanızın ölüm xəbərini ilk dəfə kimdən və necə eşitdiniz?
- Sonradan bildim ki, ilk dəfə bu xəbəri televiziyada deyiblər. Amma mən televiziyaya baxmamışdım. Türmədəki uşaqlar baxmışdılar, amma onlar da belə xəbəri deməyə ürək eləməmişdilər. Hardasa 3-cü, 4-cü adamdan eşitdim ki, deyəsən, jurnalistlərdən kiminsə atası rəhmətə gedib. Bir başqası onu təkzib etdi. İçimə şübhə doldu və “Azadlıq” radiosunun saat 10-dakı xəbərlər buraxılışına qulaq asdım. İlk xəbər atamın ölümü ilə bağlı idi.
- Bildiyimiz qədər, Mirzə Sakitlə Bakıya eyni maşında gəlmisiniz. İki-üç saatlıq yol boyu daha çox nədən danışdız? Hər halda, iki il yarımdır, onunla uzun-uzadı söhbət etmək imkanınız olmamışdı.
- Vallah, biz qardaşlar arasında münasibət pərdəlidir. Deməzdim, soyuqdur, amma bir qədər işgüzar xarakterlidir. Bir-birimizlə adətən işimiz olanda danışardıq. Mən eşidəndə ki, hardasa iki qardaş oturub söhbət edir, həmişə təəccüblənirəm ki, görəsən, onlar bu qədər müddət ərzində nədən danışırlar? Elə maşında da ancaq “nə var, nə yox” məzmununda söhbətləşdik. Sonra da Sakit çalışdı ki, yolda bir az yatsın, yəni yuxu ilə əlləşdi.
- Heç atanızla bağlı danışmadız?
- Yox. Biz qardaşlar öz romantik-poetik təəssüratlarımızı bir-birimizlə bölüşmürük. Hərə öz ağrısını da, təəssüratını da içində yaşayır.
- Bir neçə gün sonra həbsxanaya qayıdacaqsınız... Müvəqqəti azadlıqdan sonra yəqin ki, bu qayıdış çətin olacaq.
- Yox, mən hər şeyi real qəbul edirəm. Həbsxanadakı dustaqların da mənimlə münasibətləri normaldır. Yəqin ki, onlar da məndən təəssüratlarımı soruşacaqlar. Bəlkə də məni gözləyənlər var. Amma ürəklərində istəyirlər ki, qayıtmayım. Qayıtmamaq ehtimalım barədə də düşünənlər az deyil yəqin ki...
- Bütün hallarda sizinlə bağlı atılan bu addım müsbətdir. Davamı gələcəkmi, sizcə? Əfv gözləntiləriniz artıbmı?
- Təbii ki, müsbət addımdır. Bu sahədə hansısa müsbət addımlar başlayıbsa, bunun tendensiyaya çevrilməsini istəyirəm. Yalnız özümü nəzərə alaraq demirəm. Sadəcə olaraq, bu müsbət addımların axın, tendensiya şəklini alması cəmiyyət üçün də xoş hal olar. Əfvə gəlincə, müəyyən dərəcədə gözləyirəm. Doğrudur, özümü ona xüsusi olaraq kökləmirəm. Bütün psixoloji addımlar, əhvalım ondan ibarətdir ki, dekabrın 8-də həbsxanaya qayıdacağam.