Tarix : 2008 Dec 06
Kod 9067

BAKIDA FÖVQƏLADƏ PUL YIĞIMI

Vergi müfttişləri ticarət, iaşə obyektlərindən külli miqdarda haqq yığır
Azərbaycan servisi/Aran Agentliyi

Əksər gecə barları da fəaliyyətini dayandırıb, sahibkarlar isə bıçağın sümüyə dirəndiyini deyirlər


Artıq bir neçə aydır ki, Vergilər Nazirliyinin əməkdaşları Bakıda, Sumqayıtda və ölkənin digər şəhərlərində reydlər keçirirlər. Ötən saylarımızda Sumqayıtda həyata keçirilən belə tədbirlər haqda silsilə materiallar dərc etmişdik. Şəhərdəki mənbələrdən əldə etdiyimiz məlumatlara görə vergi müfəttişləri iri ticarət, iaşə və istehsalat obyektlərinə külli miqdarda haqq qoyub. Belə ki, müfəttişlər dah çox şadlıq evlərindən, iri ticarət obyektlərindən pul tələb ediblər. Tələb olunan məbləğin həcmi isə müəssisələrin dövriyyəsinə uyğun olaraq 10 mindən 100 min manat arasında dəyişir.
Qeyd edək ki, Vergilər Nazirliyi qəzetimizin dərc etdiyi məlumatların həqiqətə uyğun olmadığını bildirib və reydlərin sırf qanunun tələbləri ilə həyata keçirildiyini bəyan etmişdi. Nazirliyinin mövqeyini də dərc etdikdən sonra bu istiqamətdə araşdırmalarımızı davam etdirdik.

İnqilab küçəsində "vergi inqilabı"


Paytaxtdakı ticarət, iaşə obyektlərində apardığımız araşdırmalar zamanı məlum oldu ki, vergi müfəttişlərinin reydləri hələ bir neçə ay əvvəldən başlayıb. İnqilab küçəsində yerləşən, tikinti materiallarının satışı ilə məşğul olan ticarət obyektlərinin əksəriyyətindən külli miqdarda pul tələb olunub. Adının çəkilməsini istəməyən sahibkarlardan biri bizə bildirdi ki, onun mağazasının fəaliyyətini ümumiyyətlə yoxlamayıblar. Vergi müfəttişləri sadəcə 20 min manat pul ödməyi tələb edərək, ona şikayət etməyin mənasız olduğunu anladıblar.
Həmsöhbətimizin sözlərinə görə, ətrafda yerləşən bütün mağazalar tələb olunan pulu ödməyə məcbur olublar. Şikayət edən bir sahikbara qoyulan haqqın miqdarı bir neçə dəfə artırıldıqdan sonra iş adamları köməksiz vəziyyətdə olduqlarını anlayıblar.
Ticarətçi vergi müfəttişlərinin soyğunçuluğunu tikinti materiallarının satışı ilə məşğul olanlara ciddi zərbə vurduğunu söyləyib. "Hazırda tikinti də iş dayandığına görə mal sata bilmirik. Gündəlik xərcləri zorla çatdırırıq. Malları bura gətirənə qədər dərimizi soyurlar, o qədər rüşvət veririk ki, özümüzə bir şey qalmırdı. İlin-günün bu vaxtında vergi müfəttişləri də canımıza çöküb pul istəyirlər. Qardaş, mən 20 min manatı haradan almalıyam? Bir qəpik satış yoxdur, haradan alım verim o zəhirmarı?" Bizim canımızı niyə boğazımıza yığırlar?".

Orqan işçisini vergi müəttişləri işdən çıxartdırıb?


Qeyd edək ki, şəhərin mərkəzində, Nizami küçəsində, Azərbaycan prospektində yerləşən ticarət, iaşə obyetlərində də reydlər keçirilib. Həmçinin Mərkəzi univermaqda və onun ətrafında yerləşən satış mərkəzlərinin hamısı "yoxlanılıb".
İdman mallarının satışı ilə məşğul olan sahibkar bizimlə söhbətində bildirdi ki, müfəttişlər ondan 10 min manat pul istəyiblər. "Dedim, ay qardaş burada nə satıram ki, sənə də bu qədər pul verim. Dedi bilmirəm, rəis deyir gətir vəssəlam. Etiraz etsən, pulun miqdarı artacaq. Birtəhər yalvar-yaxar eləyib 5 min dollarla canımı qurtardım".
Sahibkarlardan biri bizimlə söhbətində bildirdi ki, müfəttişlər heç bir tapşırığa, qohumluğa, dostluğa məhəl qoymurlar. "Bizim bir tanış vardı. Qardaşı hüquq-mühafizə orqanlarının birində işləyirdi. Onun mağasını yoxlamağa gəlmişdilər. Qardaşına zəng vurdu ki, kömək eləsin, tapşırtsın. O da zəng vurdu. Bilirsiniz, sonrası nə oldu? Həmin adamı orqandan çıxartdılar, mağazanın pulunu isə birə-beş artırdılar ki, niyə şikayət eləmisən?"

BŞBPİ-yə şikayət etdi, cəriməsi artırıldı


Başqa bir həmsöhbətimiz də şahidi olduğu hadisəni nəql etdi. "Bizim dostlarımızdan birinin də obyektinə gəlmişdilər. O da dedi ki, heç kimə pul vermirəm, dövlətin qanuni vergilərini verirəm vəssəlam. Sonra götürüb Bakı Şəhər Baş Polis İdarəsinə şikayət yazdı ki, bəs filankəslər gəlib məndən rüşvət istəyirlər. Onu çağırıb izahat aldılar. Bir gün sonra əsl sensasiya baş verdi. Həmin adamı vergiyə çağırıb polisə yazdığı ərizəsini təpəsinə vurdular ki, yeri dediymizdən üç dəfə artıq gətir, yoxsa işin bitdi".

Barlar milli-mənəvi dəyərlərin güdazına gedib


Daha bir maraqlı məqam paytaxtda fəaliyyət göstərən barların əksəriyyətinin fəaliyyətinin dayandırılması ilə bağlıdır. Məlumdur ki, iki həftə öncə Bakı polisi barlarda və gecə klublarında reydlər keçirərək 300-ə qədər əxlaqsızlıqla məşğul olan qadını yaxalamışdılar. Onlardan 5-i təhlükəli virus olan AİDS daşıyıcısı idi.
Polis əməliyyatın milli mənəvi dəyərlərin qorunması istiqamətində görülən növbəti tədbir kimi dəyərləndirmişdi. Amma deyəsən, dəyərlərə qarşı çıxmaq gecə barlarına, diskotekalara baha başa oturub. Əldə etdiyimiz məlumata görə, qadınların yaxalandığı barların sahibləri hüquq-mühafizə orqanlarında sorğu-suala çəkilib. Onlardan külli miqdarda rüşvət tələb olunub.
Etibarlı mənbədən aldığımız daha bir məlumatda isə bildirilir ki, vergi müfəttişləri də barların canına çöküb. "Onlardan tələb olunan haqqın məbləği isə astronomikdir",- deyə mənbə vurğulayıb.
Yazıda qeyd olunan məlumatlarla bağlı Vergilər Nazirliyinin mövqeyni dərc etməyə hazırıq.

  • Yazılıb
  • da (də) 2008 Dec 06