Tarix : 2008 Dec 06
Kod 9068

ƏLİ İNSANOVUN SƏHHƏTİ AĞIRLAŞIB

Dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində olduğunu diqqətə çatdıran komitə sədri orada sabiq səhiyyə naziri Ə.İnsanovla görüşdüyünü bildirib
Azərbaycan servisi/Aran Agentliyi
“Sabiq səhiyyə naziri Əli İnsanovun səhhətində ciddi problemlər var”. Bunu APA-ya İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. Dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində olduğunu diqqətə çatdıran komitə sədri orada sabiq səhiyyə naziri Ə.İnsanovla görüşdüyünü bildirib.
E.Behbudov sabiq nazirin səhhətində ciddi problemlərin olduğunu və onun müalicə olunması üçün dünən Penitensiar Xidmətin rəisi Nazim Ələkbərova müraciət ünvanlayıb. O, 13 saylı cəzaçəkmə müəssisəsinin istilik sistemində problem olduğunu, kameralarının yetərincə qızdırılmadığını söyləyib.
Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov APA-ya deyib ki, məhkəmənin qərarı Azərbaycana bu həftə təqdim olunub. Qərarın icra olunması üçün Azərbaycan tərəfinə yanvarın 20-nə qədər vaxt verilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən də bildirilib ki, Avropa Məhkəməsi belə bir qərar qəbul edibsə, qərar icra olunacaq.
  • Yazılıb
  • da (də) 2008 Dec 06