Tarix : 2008 Dec 06
Kod 9072

HACI İLQAR İBRAHİMOĞLU: ALLAH EVİNİ DAĞITMAĞIN HANSI ANLAMA GƏLDİYİNİ BİLMİRƏM

Yasamal rayon Məhkəməsi "Peyğəmbərimiz Məhəmmədin (s) məscidi" adlı məbədin sökülməsi barədə qərar çıxarıb
Azərbaycan servisi/Aran Agentliyi

Bunu "ANS-press"ə məscidin axundu Mirvaleh Mövsümov deyib. Onun sözlərinə görə, rayon icra başçısının iddiası əsasında hakim Abbas Rzayevin çıxardığı bu qərar düzgün deyil: "Məscid qeydiyyatdan keçib. Tikinti başa çatandan sonra onu dövlətə vermək fikrimiz vardı".

      Məsələ ilə bağlı hadisə yerində olduq. Məscidin gözətçisi Məmməd İsgəndərov onun tikintisinin oktyabrın 13-dən məhkəmə ilə bağlı dayandırıldığını söylədi. Onun dediyinə görə, tikinti 3 ildir davam edir, amma hələ minarəni ucaltmaq mümkün olmayıb. Bu da məscidin şəxsi vəsaitlər hesabına tikilməsi ilə bağlıdır.

      Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Səidə Qurbanova isə bu yarımçıq tikilinin sənədinin olmadığını iddia edir: "Dəfələrlə biz onlara lazımi sənədləri təqdim etmək imkanı yaratmışıq. Mümkün olmadıqda məhkəməyə müraciət etdik, amma məhkəmədə də sənədlər göstərilmədi. Məscidin bir hissəsi Azərbaycan İqtisad Universitetinin filialının ərazisinə düşür. Minarə o ərazidə tikilirdi. Bu səbəbdən universitetin rektoru Şəmsəddin Hacıyev ali məktəbə məxsus ərazinin zəbt edilməsi barədə Yasamal rayon İH-yə müraciət edib".

      Lakin məscidin gözətçisi bu iddiaları doğru saymadı. Onun sözlərinə görə, son bir həftədə məscidin arxasında alınan torpaq sahəsində yeni çoxmərtəbəli bina ucaldılır. Axund M.Mövsümov isə məscidi rekonstruksiya edib dövlətə təqdim etmək istədiklərini və qərardan apelyasiya şikayəti edəcəklərini dedi. Axundun sözlərinə görə, konflikt 9 kvadratmetrlik sahə ucbatından yaranıb: "Biz dükan açmamışıq, yalnız minarəni universitetin ərazisində ucaltmışıq. O üzdən problem yaranıb. Düzdür, biz qırmızı xətti keçmişik, amma Allah evi üçün mühüm olan azan oxunması üçün minarə tikməyimiz səbəbindən belə addım atmışıq".

      Məsələ ilə bağlı Yasamal bələdiyyəsi ilə də əlaqə saxlamağa çalışdıq. Özünü təqdim etmək istəməyən bələdiyyə nümayəndəsi müvafiq ünvanda çoxmərtəbəli binanın inşası və sahibkarlıqla bağlı bilgiyə malik olmadıqlarını bildirdi: "Həmin torpaq icra hakimiyyətinin ixtiyarındadır. Amma hansının – dəqiq deyə bilmərəm".

      İçərişəhər "Cümə" məscidinin imam-camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da problemdən xəbərdardır: "Təfərrüatlar barədə geniş məlumatım olmasa da, deyə bilərəm ki, son aylar Azərbaycanda məscidlərin adı "tikilmə" deyil, "sökülmə", "bağlanma", "partladılma" və digər xoşagəlməz sözlərlə yanaşı işlənir. Camaata yeni məscidlər tikmək üçün şərait yaratmaq əvəzinə, Allah evini sökmək hansı anlama gəlir - bilmirəm. Halbuki beynəlxalq aləmdə Azərbaycan dini tolerantlığı ilə seçilən ölkələr sırasındadır. Bu gün dünya, qeyri-müsəlman ölkələri məscidlər tikir, bizdə isə sökməyə çalışılır".

  • Yazılıb
  • da (də) 2008 Dec 06