Osman Gündüz: Türkiyədə 1 meqabit məhdudiyyətsiz internet kanalı 10 dollar, Azərbaycanda isə 350-500 dollardır
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Noyabrın 1-dən Azərbaycanda internet qiymətlərinin orta hesabla 50 faiz ucuzlaşması bazara təsir etməyib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, aparılan monitorinq nəticəsində qiymətlərin cüzi azaldığı məlum olub. Onun sözlərinə görə, indi ölkədə internetin qiyməti o qədər yüksəkdir ki, hətta qiymətlərin iki dəfə azaldılması da kifayət etmir: “Biz bu yaxınlarda Türkiyə, Rusiya, Qazaxıstanda olan qiymətləri müqayisə elədik. Təsəvvür edin bizdəki qiymətlərlə oradakı qiymətlər arasında fərq 20 dəfədir. Türkiyədə 1 meqabit məhdudiyyətsiz internet kanalı 10 dollar, Rusiyada 20 dollardır. Azərbaycanda isə bu qiymət 350-500 dollardır”.
Osman Gündüz deyir ki, bahalığın əsas səbəbi 2 dövlət provayderinin internetə çıxış üçün yüksək tarif tətbiq etməsidir. Ekspert hesab edir ki, hökumət özəl provayderlərin dövlət provayderlərindən asılılığını ləğv etməli, ya da xərcləri aşağı salmaq üçün dövlət provayderlərinə yardım etməlidir.
"Aztelekom" və "Bakinternet" dövlət provayderlərinin mütəxəssisləri isə ANS-ə bildirib ki, xərclər çox olduğundan internetə qoşulma qiymətlərini kəskin azaltmaq mümkün deyil. Qiymətlərin kəskin azaldılması bu provayderlər üçün maliyyə problemi yarada bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində şöbə müdiri olan Rüfət Gülməmmədov isə bildirir ki, internetin qiymətinin tənzimlənməsi ilə bağlı vaxtaşırı monitorinqlər aparılır: "Bu, internet qiymətinin təkamül prosesdir. Kəskin azalmanı gözləmək sadəlövhlükdür. Bunu bazar tənzimləyir. Provayderlər 35-dən çoxdur ”.
Buna baxmayaraq, nazirlik internet qiymətlərinin endirilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov son 5 ildə internet tariflərinin 7 dəfə aşağı düşdüyünü, əhalinin 20 faizə yaxınının internetdən istifadə etdiyini bildirib.