Artıq dünyada real sektorda baş verənlər - müəssisələrin fəaliyyətinin, müəyyən layihələrin dayanması və əhalinin işsiz qalması prosesi Azərbaycanda da gedir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Dünyada baş verən iqtisadi böhran artıq Azərbaycana öz təsirini göstərir. Ölkəyə gələn neft pullarının həcmi azalır. Neftin hər on dollar düşməsi nəticəsində Dövlət Neft Fonduna daxilolmalar təxminən iki milyard dollar azalır. İqtisadi fəallıq aşağı düşüb, bankların əhaliyə istehlak kreditləri verməməsinin nəticəsi olaraq əhalinin alıcılıq qabiliyyəti də zəifləyib. «İqtisadi Təşəbbüslərə Yardım» Birliyinin sədri Azər Mehdiyev bildirir ki, bu, hələ son deyil: «Artıq dünyada real sektorda baş verənlər - müəssisələrin fəaliyyətinin, müəyyən layihələrin dayanması və əhalinin işsiz qalması prosesi Azərbaycanda da gedir. Bu baxımdan hesab edirəm ki, daha bir təsiri biz ölkəyə daxil olan istehlak malları vasitəsilə hiss edəcəyik. Çünki Azərbaycanda istehlakın böyük hissəsi xaricdən gətirilir və təbii ki, xaricdə baş verən proseslər öz təsirini Azərbaycan iqtisadiyyatına da göstərəcək».
Azər Mehdiyev qeyd edir ki, əhalinin banklardakı əmanətlərinin dəyərinin itməməsi üçün onları hissə-hissə bölüb banka yatırması məsləhətdir. Çünki indiki halda əhalinin banklarda olan əmanətlərinin qorunması ilə bağlı Əmanətlərin Sığortalanması Fondu məşğul olur və orada 6 min manatadək vəsaitlərin sığortalanması həyata keçirilir. «Bu isə o deməkdir ki, əgər vəsaitlərin məbləği bundan artıqdırsa təbii ki, arzuolunan variant odur ki, əhali həmin pulları 6 min manatlıq hissələrə bölüb hissə-hissə yenidən banka qoysunlar. Digər tərəfdən təbii ki, indiki halda əmanətin qoyulması xeyli dərəcədə risqlə bağlıdır. Ona görə ki, bankların özündə vəziyyət göz qabağındadır, kredit vermək imkanları məhduddur. Ona görə də hətta nisbətən yüksək faizlə əmanət cəlb etməsinə rəğmən, əmanət qoyulmasında bir qədər ehtiyatlı olmaq lazımdır»,-deyə A.Mehdiyev bildirib.
İqtisadçının sözlərinə görə, neftin qiymətinin gələn ilin dövlət büdcəsindəki real qiymətdən yüksək götürülməsi bir sıra təhlükələrə yol açır: «2009-cu ilin büdcəsi artıq təsdiq olunub. Həmin büdcəyə əsasən, neftin qiyməti 70 dollardan götürülür, bunun əsasında hesablamalar aparılır. Ancaq bu gün dünya bazarında neftin qiyməti 50 dollardır və bütün təhlillər göstərir ki, yaxın dövrdə bu qiymətin daha da düşməsi gözlənilir. Neftin ucuzlaşmasından ölkəyə ən böyük itki neft gəlirləri formasında özünü göstərir və təbii ki, Azərbaycan büdcəsinin 70 faizə qədərinin neftdən asılı olduğunu nəzərə alsaq, bu təsir mütləq özünü göstərəcək. Sadəcə olaraq, Azərbaycan büdcəsində böyük xüsusi çəkiyə malik Dövlət Neft Fondundan transferlərdir. Bu halda da ən azı, gələn il hər hansı büdcə kəsiri yaranarsa, bunu Neft Fondunun hesabına ödəmək imkanları olacaq. Amma bu, yalnız növbəti il üçün düşünülmüş addım ola bilər. Uzunmüddətli arxayınlıq qeyri-mümkündür». A.Mehdiyevin fikrincə, dünya bazarında neft bir qədər də ucuzlaşsa, ölkədə pensiya və əməkhaqlarının vaxtında verilməsi və başqa bu kimi problemlər ortaya çıxa bilər, lakin hazırda hökümət hərtərəfli düşünülmüş plan tərtib edir ki, istənilən riskləri azaltmaq mümkün olsun.