Azərbaycan servisi/Aran Agentliyi
Dünyadakı maliyyə böhranı Azərbaycanın tikinti sektorundan da yan keçməyib. Mütəxəssislərin fikrincə, bir aydır ki, mənzil bazarında durğunluq müşahidə edilməkdədir. “Bizim yol” qəzeti isə paytaxtda tikinti işlərinin tam dayandığını iddia edir. Qəzet baş məqaləsində qeyd edib ki, hətta dövlət sifarişli layihələrinin də icrası dayandırılıb. Lakin araşdırmalarımız isə bu sahədə vəziyyətin bir qədər fərqli olduğunu üzə çıxardı.
Qeyd edək ki, maliyyə böhranı ilə əlaqədar son aylar Avropada daşınmaz əmlakın qiyməti 13, ABŞ-da isə 60 faiz ucuzlaşıb. Statistikaya görə isə, ölkəmizdə bu rəqəm 5 faiz həddində olub. Ekspertlərə görə, ötən illə müqayisədə, bu ilin noyabrında paytaxtda mənzil satışı xeyli azalıb. Ucuzlaşma isə özünü təkrar ev bazarında göstərib. Belə ki, rəsmi rəqəmlərə əsasən, əvvəllər il ərzində ölkə üzrə ümumi alğı-satqı 3500, 4000-ə yaxın olurdursa, indi bu rəqəm 1500, 2000-ə enib. Yaxud ötən il bir şirkət ayda orta hesabla 4-5 mənzil satırdırsa, indi iki ayda bir ev belə satılmır.
Təbii ki, bu, tikinti işləri ilə məşğul olan şirkətlərin büdcəsində müəyyən problemlər yaradıb. O üzdən bir çox kiçik şirkətlər fəaliyyətini qismən məhdudlaşdırıb və mənzillərin qiymətini az da olsa endirib. Ancaq iri şirkətlər haqda bunu demək olmaz. Ekspertlər bu fərqi bir neçə akspektdən izah edirlər. Onların fikrincə, şirkətlər tikinti materiallarını baha aldığından, mənzillərin qiymətini aşağı satmaqda maraqlı deyillər. Bu səbəbdən gözləməyə üstünlük verirlər. O ki qaldı dövlət sifarişli layihələrə, mütəxəssislərə görə, son vaxtlar burada müəyyən canlanma müşahidə edilməkdədir.