ötən həftə iş üzrə həbsdə olanlardan biri, istefada olan kəşfiyyat zabiti Fikrət Əmək hakim və prokurorlar tərəfindən sorğulanıb
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyədə məhkəməsi davam etməkdə olan “Ergenekon” işində Azərbaycanla bağlı daha bir məqam üzə çıxıb. “Vətən” qəzetinin yazdığına görə, ötən həftə iş üzrə həbsdə olanlardan biri, istefada olan kəşfiyyat zabiti Fikrət Əmək hakim və prokurorlar tərəfindən sorğulanıb. Bu sorğulanma zamanı məlum olub ki, “Ergenekon” iddianaməsində dəlil olaraq PKK-nın Azərbaycandakı fəaliyyətləri barədə Türkiyə silahlı qüvvələrinin kəşfiyyat xidmətinin hazırladığı məxfi dosyelər də yer alır.
Həmin dosye Fikrət Əməkin Ankaradakı evində aparılan axtarış zamanı tapılıb.
Bildirilir ki, Əməkin evindən dövlət sirri hesab edilən digər məxfi dosyelər və sənədlər də tapılıb. Bunların əksər hissəsi PKK və onun fəaliyyətləri barədədir. Sözügedən şəxs Türkiyə silahlı qüvvələrinin kəşfiyyat xidmətinin tərkibində PKK-ya qarşı ölkənin cənub-şərqində, İraqın şimalında aparılan bir çox gizli əməliyyatların iştirakçısı olub.
Məhkəmə zamanı Fikrət Əməkdən bu məxfi sənədləri, o cümlədən PKK-nın Azərbaycan fəaliyyətləri haqda kəşfiyyat dosyesini haradan əldə etdiyi soruşulub. İstefada olan zabit isə bu suallara belə cavab verib ki, həmin sənədləri hansı mənbələrdən əldə etdiyini açıqlamayacaq. Əmək istefada olmasına baxmayaraq ona terror təşkilatı və fəaliyyətləri barədə bir çox məxfi informasiyaların gəldiyini, həmin dosyelərdən gərəksiz saydığını məhv edərək mühüm olanları evində saxladığını deyib. O, PKK-nın Azərbaycan fəaliyyəti və terror təşkilatına aid digər məxfi dosyeləri ittiham aktına əlavə etməklə prokurorların Türkiyə silahlı qüvvələrini zərbə altında qoyduğunu da bildirib. “Bu dosyelərin ifşa edilməsiylə silahlı qüvvələr və Baş qərargaha tabe olan xüsusi təyinatlı qüvvələrin komandanlığı şübhə altına qoyulur. Həmin dosyelərin açıqlanması ilə bağlı məndən zərər görənlərdən üzr istəyirəm”, - deyə Əmək bildirib. Sözügedən dosyelərin məzmunu bəlli olmasa da, onlar “Ergenekon” işinə əlavə olaraq məhkəməyə təqdim edilən çoxsaylı əlavə dəlillər arasında yer alır, həmçinin şübhəlilərin vəkillərinə paylanıb və beləliklə də məxfi olmaqdan çıxıb.
Məhkəmədə qeydə alınan bu məqam PKK-nın Azərbaycandakı fəaliyyətlərini və Türkiyənin dövlət qurumlarının bundan xəbərdar olduqlarını bir daha təsdiq edir. Bir neçə ay əvvəl Türkiyə mətbuatı gizli kəşfiyyat hesabatına istinadən yazmışdı ki, PKK Azərbaycanda sərbəst fəaliyyət göstərir. Bu fəaliyyətlər əsasən təşkilat adına pul toplamaq, siyasi və təbliğat-təşviqat işlərini əhatə edir. Hesabatda həmçinin deyilirdi ki, Azərbaycan hakimiyyəti PKK-nın ölkədə fəaliyyət göstərdiyi haqda deyilənləri rədd edir. Türkiyə tərəfi Azərbaycanla rəsmi təmaslar zamanı heç vaxt açıq şəkildə mətbuat qarşısında PKK-nın fəaliyyəti barədə məsələni qaldırmayıb. Lakin dəfələrlə xəbər verildiyi kimi, bu məsələ iki ölkə arasında müxtəlif səviyyələrdə aparılan rəsmi danışıqlar zamanı ciddi müzakirə edilib. Həmçinin Türkiyə tərəfi Azərbaycandan ölkədə gizlənən yüksək səlahiyyətli PKK mənsublarının tutulub təhvil verilməsini, bu təşkilatı rəsmən terrorçu kimi tanıyan qanun qəbul etməsini və təşkilatın maliyyə kanallarının bağlanmasını istəyib. Əvvəllər Türkiyə mətbuatı yazmışdı ki, Azərbaycan rəhbərliyi PKK-nı rəsmən terror təşkilatı elan etmək haqda vəd verib, həmçinin iki ölkənin hüquq-mühafizə və ədliyyə orqanları arasında PKK-çıların tutulub təhvil verilməsinə dair danışıqlar aparılıb. Ancaq bu günədək onların heç biri edilməyib. Bir neçə gün əvvəl isə PKK-nın Naxçıvanda yubileyinin qeyd olunduğu, orada Türkiyədən olan PKK-çı millət vəkilinin də iştirak etdiyi haqda xəbər yayılmışdı.