Bakının Yasamal, Nəsimi, Səbail, Nərimanov və Xətai rayonunun bir hissəsində yaranan su qıtlığı həmin rayonlardakı əhalini çıxılmaz vəziyyətə qoymuşdu
Azərbaycan servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi, Bakının Yasamal, Nəsimi, Səbail, Nərimanov və Xətai rayonunun bir hissəsində yaranan su qıtlığı həmin rayonlardakı əhalini çıxılmaz vəziyyətə qoymuşdu. “Azərsu” Səhmdar Cəmiyyətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Rüstəmov qəzetimizə açıqlamasında su qıtlığının Binəqədi rayonunda “Azadlıq” metrostansiyasının tikintisi zamanı ortaya çıxan məsələlərlə bağlı olduğunu dedi.
“Magistral su xətləri həmin ərazidən keçir. Artıq dünən axşamdan diametri 1 metrdən çox olan su xəttinin yeri dəyişdirilib və ehtiyat su anbarına birləşdirilib. Nəticədə dünəndən dolmağa başlayan anbarlardan bu gün əhaliyə su paylayacağıq”.
Metrostansiyanın baş mühəndisi Şaiq Şükürovdan aldığımız məlumata görə isə su xətti dünən gecə saat 11-dən birləşdirilib: “1200 sm diametri olan su borusunun yerini dəyişdirib daha dərindən su xəttini aparmışıq ki, metro tikintisinə mane olmasın”. Onun sözlərinə görə, bu işlər üçün onlara 1 gün lazım olub və vaxtında işi başa çatdırıb təhvil veriblər.
Lakin Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakının mərkəzində əhaliyə xəbərdarlıq edilmədən suyun kəsilməsini istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirir: “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanunun 8-ci maddəsinə əsasən, istehlakçılar inhisarçı qurum tərəfindən göstərilən xidmətdən fasiləsiz olaraq yararlanmalıdırlar. Ancaq “Azərsu” suyu nəinki fasiləsiz olaraq vermir, eyni zamanda xəbərdarlıq sistemini işlətmir".
E.Hüseynov dedi ki, “Azərsu” SC-dən istehlakçılar su verilmədiyi günlər üçün kompensasiya ödənilməsini tələb edə bilərlər. Bu həm sayğacı olan abunəçilərə, həm də köhnə qayda ilə (adambaşına) xidmətdən istifadə edən əhaliyə aiddir.
Qeyd edək ki, Dünya Bankının 1998-ci ilki hesablamalarına əsasən, paytaxta gələn suyun 20 faizi “Azərsu”da, 40 faizi isə əhalidə itir. Bakıya hazırda 4 (Samur-Abşeron, 2 Kür xətti, Şollar suyu) istiqamətdən su gəlir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə onların sayı 5-ə çatacaq.
Onu da yada salaq ki, bu günədək “Azərsu” Bakıda sayğaclaşma prosesini yekunlaşdırmayıb. Bu da o səbəbdəndir ki, sayğac qoyulandan sonra supulu adambaşına yığılmayacaq. Əlavə edək ki, kommunal xidmətlər içərisində su ən bahalı xidmət növüdür. Sayğac qoyulan evlərdə suyun 1 kubu 22 qəpik, adambaşına hesablanan mənzillərdə isə 1 manat 32 qəpikdir.
Ən sonda aldığımız məlumata görə, Yasamal, Səbail, Nəsimi, Nərimanov və Xətai rayonlarında yaranan su problemi artıq həll olunub. Lakin bu rayonların abunəçiləri su ilə təmin edilsələr də, bəzi abunəçilər suyun az verilməsindən narahatdırlar.