İİR servisi/Aran Agentliyi
Allahın adı ilə
Vəhy diyarı bir daha mömin insanları özünün illik ziyafətinə toplamışdır. Dünyanın hər yerindən şövqlü insanlar hazırda İslam və Quran yurdundan səmavi kitabımızın və İslami bəşəriyyətə töhfə verdiyi əbədi dərsləri özündə yaşadan əməlləri yerinə yetirirlər və bunlar reallıqda həyata keçirilməli olan vacib addımlardır. Bu böyük dərsin hədəfi insanın əbədi səadəti və başucalığıdır. Yolu əməli saleh insanların tərbiyəsindən və nümunəvi cəmiyyətin formalaşmasından keçir. Əməli saleh dedikdə, ürəkdən öz əməlləri ilə vahid Pərvərdigara pərəstiş edən və özünü şirkdən, nəfsani istəklərdən və əxlaqı pozğunluqlardan təmizləyən şəxslərdir. Onların yaşadığı cəmiyyətdə ədalət, azadlıq, iman, şən əhval-ruhiyyə və həyatın bütün əlamətləri mövcud olmalıdır.
Həcc mərasimində fərdi və ictimai tərbiyə üçün tələb olunan əsas ünsürlər mövcuddur. Ehram bağlayıb fərdi xüsusiyyətlərindən kənara çıxıb, ləzzətlərdən və nəfsani istəklərdən ayrıldığı andan tövhid rəmzi olan Kəbəni təvaf etdiyi, büt qıran və fədakar İbrahimin məqamında namaz qıldığı anadək, iki dağ arasında tələsik hərəkət etdiyi andan, soyundan və rəngindən asılı olmadan tək Allaha etiqad bəsləyənlərin cərgəsində Ərəfat səhrasında sakitləşdiyi, Məşərul-həramda gecəni zikrlə keçirdiyi, o izdiham içində Pərvərdigarı ilə təklikdə ünsiyyətdə olduğu, sonra isə Mina dağında şeytan simvollarını daşa basdığı, bunun ardınca isə mənalı qurban kəsmək əməlini yerinə yetirdiyi, kasıblar və yoxsulları doyuzdurduğu anlaradək, bütün bunlar təlim, məşq və xatırlamadır.
Bu kamil məcmuədə xalis niyyət hökm sürür, möminlər arasında həqiqi səmimiyyət yaranır, maddi istəklərdən imtina edilir. Bir tərəfdən səy, çalışmaq və müqavimət, bir tərəfdən ünsiyyət, Rəbb ilə xəlvətdə olmaq, bir tərəfdən vəhdət, yekdillik və xalqla mənəvi oxşarlıq, bir tərəfdən ürəyini və canını mənəviyyatlarla sirab etmək, bir tərəfdən böyük islam ümmətinin birliyini düşünmək, başqa tərəfdən isə haqq dərgahında təvazökarlıq, batil bərabərində möhkəmlik, axirət dünyasına zəmanət yaratmaq, bu dünyanı düzgün qurmaq yolunda əzmkarlıq və bütün bunlar vahid məcmuədə öyrənilir , məşq edilir
وَ مِنهُم مَن یَقُولُ رَبَنا آتِنا فِی الدُنیا حَسَنة وَ فِی الاخِرَةِ حَسَنَة وَقِنا عَذابَ النَارِ
və beləliklə müqəddəs Kəbə və həcc əməlləri bəşər toplumlarını ayağa qaldırır, onları birləşdirir və öz xeyrini bütün insanlara yetirir
جَعلَ اللهُ الکَبعةَ البَیتَ الحَرامَ قِیاماً لِلنَاس و لیَشهَدُوا مَنافِعَ لَهُم وَ یَذکُرُوا اسمَ للَهِ فی اَیامٍ معلوماتٍ
Müsəlmanlar hansı ölkəyə və irqə mənsub olmaqlarından asılı olmayaraq bu gün bu böyük əməlin əzəmətini həmişəkindən daha artıq bilib ondan bəhrələnməlidirlər. Çünki İslam ümmətinin gözü önündə olan üfüq indi hər zamandan daha artıq parlaqdır və İslamın müsəlmanlar və müsəlman toplumları üçün seçdiyi hədəfə çatmaq ümidi həmişəkindən çoxdur. Əgər İslam ümməti ötən iki əsrdə Qərbin maddi sivilizasiyası və sağ və ya sol növlü ateist məktəblər qarşısında çökmüşdüsə, hal-hazırda hicrətin on beşinci əsrində zavala uğrayan və həqiqi mənada palçığa batan Qərbin siyasi-iqtisadi məktəbləridir. İslam bu gün müsəlmanların oyanışı, öz kimliyini tapması, tövhid düşüncələrinin, ədalət və mənəviyyat məntiqinin geniş yayılması ilə izzətli və dirçəliş dövranının yeni mərhələsinə qədəm qoyub.
Çox da uzaq olmayan keçmişdə insanlara məyusluq aşılayan, Qərb sivilizasiyasının hücumları qarşısında təkcə İslam və müsəlmanların deyil, həm də dindarlıq və mənəviyyatın kökünün məhv olduğunu hesab edən şəxslər bu gün İslam bayrağının dalğalandığını, Quranın və İslamın dirçəlişini və qarşılıqlı olaraq istismarçıların tədricən çökmələrini gözləri ilə görür və həqiqəti dilləri və qəlbləri ilə etiraf edirlər.
Mən tam əminliklə bildirirəm ki, bu hələ işin əvvəlidir. İlahi vədlərin tam reallaşması, yəni haqqın batil üzərində qələbəsi, Quran ümmətinin və İslam sivilizasiyasının yenidən dirçəlməsi qabaqdadır.
وَعَدَ اللَهُ اَلذینَ آمَنُوا مِنکم و عَمِلوا الصَالِحاتِ لَیَستَخلِفَنَهُم فِی الاَرضِ کَمَا ستَخلَفَ اَلذینَ مِن قَلبِهِم وَ لَیُمَکِنَنَ لَهُنم دینَهُمُ الَذی ارنَضی لَهُم و لَیُبَدَلَنَهُم مِن بَعدِ خَوفِهِم امناَ یَعبُدُنَیِی لایُشرِکُونَ بی شَیاَ وَ مَن کَفرَ بَعدَ ذلکَ فاولئکَ هُمُ الفاسِقونَ
Bu qəti vədin nişanəsi ən mühüm mərhələ olaraq İranda İslam İnqilabının qələbəsi və şöhrətli İslam hökumətinin qurulması ilə aşkar olaraq, İranı İslam sivilizasiyası və hakimiyyəti ilə bağlı düşüncənin möhkəm bazasına çevirdi. Bu ecazkar fenomen materializm və anti-islam dalğasının başlandığı, siyasi, hərbi və iqtisadi zərbələrin hər tərəfdən endirildiyi bir vaxtda meydan çıxaraq İslam dünyasında yeni ümidvarlıq və könüllərdə zövq-şövq yaratdı.
Zaman keçdikcə bu istehkam Allahın köməyi ilə daha da möhkəmlənir və ümidvarlıq hissi daha da güclənir. Bu macəranın başlandığı üç onillikdə Yaxın Şərq, Asiya və Afrikanın müsəlman ölkələri bu qalib rəqabətlərin səhnəsinə çevrilib. Fələstin və islami müqavimət hərəkatı, Fələstin dövləti və Livanın qiyamı, Hizbullah qüvvələrinin və islamçı müqavimətin imperialist rejim və qaniçən Sionist rejim üzərində qələbəsi, İraqda Səddam diktaturasını və Allahsız rejimi əvəz edən demokratik və müsəlman dövlətin qurulması, Əfqanıstanda işğalçı kommunist rejimin, onun əlaltısının çökməsi və Amerika imperializminin Yaxın Şərq regionunda istilaçı planlarının tamamilə iflasa uğraması, qəsbkar Sionist rejimin içərisində sağalmaz çaşqınlıq və durğunluq, əksər və ya bütün region ölkələrində xüsusi ilə də gənclər və ziyalılar arasında İslam sevərlik dalğasının geniş yayılması, iqtisadi sanksiyalara rəğmən islami İranda elm və texnologiyanın inkişafı, ABŞ-da müharibə pərəst komandanın siyasi və iqtisadi arenada məğlubiyyətə uğraması, Qərb ölkələrinin çoxunda müsəlman azlıqlarının öz milli mənlik şüuruna qayıtması və buna bənzər hadisələr İslamın 15-ci hicrət əsrində düşmənlərlə rəqabətdə və mübarizədə irəliləməsinin və zəfər çalmasının bariz əlamətidir.
Qardaşlar və bacılar! Bu qələbələr başdan ayağa cihad və ixlasın məhsuludur. Allahın səsi bəndələrinin dilindən eşidiləndə haqq yolu mücahidlərinin qüvvəsi meydana gəlib, müsəlmanlar pərvərdigarla öz əhd-peymanlarını yerinə yetirəndə Allah-taala da öz vədini reallaşdırdı və tarixin istiqaməti dəyişdi.
أوفِوا بِعَهدی أوفِ بّعَهدکُم إن تَنصُرُوا اللَهَ یَنصُرکُم و یُثَبِت أقدامَکُم وَلَیَنصُرَنَ اللهَ مَن نَنصُرُهُ إنَ اللهَ لَقَوِیُ عَزیز إنا لَنَنصُرُ رُسُلنا وَالذینَ آمَنوا فِی الحَیاةِ الدُنیا و یومَ یَقومُ الَشهادُ
Bu hələ yolun başlanğıcıdır. Müsəlman xalqlar hələ ağır mərhələləri keçməlidirlər. Bu mərhələləri ancaq imanla, ixlasla, ümid və cihadla, bəsirət və dözümlə keçmək mümkündür. Məyusluq və bədbinliklə, səriştəsizlik və laqeydliklə, səbirsizlik, tələskənliklə, ilahi vədlərin doğruluğuna bədgüman olmaqla bu yolu keçmək mümkün deyil.
Yaralı düşmən bütün imkanlarından istifadə edib və edəcəkdir. Biz müdrik, ağıllı, şücaətli və fürsət tanıyan olmalıyıq!
Yalnız belə olan halda düşmənin bütün səyləri puça çıxacaq. Bu 30 ildə düşmən, yəni ABŞ və sionizm bütün imkanlarını meydana gətirdi, lakin nakam qaldı. Gələcəkdə də mütləq belə olacaq. İnşa Allah...
Düşmənin sərtliyi əslində onun zəifliyinin və səriştəsizliyinin əlamətidir.
Fələstində və Qəzzada baş verənlərə baxın! Bəşəriyyət düşmənin Qəzzada törətdiyi vəhşilikləri və qəddarlığı zülmlər tarixində çox az görüb. Burada fələstinli kişilər, qadınlar, gənclər və uşaqlar ayaqyalın qəsbkar rejim və onun himayəçisi, yəni ABŞ dövləti qarşısında möhkəm dayanıb və sarsılmaz iradə ilə Həmas hökumətini qoruyur. Bu düşmənin zəiflik əlamətidir. Allahın salamları şücaətli və böyük Fələstin xalqına olsun! Qəzza əhalisi və Həmas hökuməti Qurandakı bu əbədi ayələrin təzahürüdür.
وَلَننبلُوَنّکُم بّشیء مِنَ الخَوفِ و الجُوعِ و نِقصٍ مِنَ الأموالّ و الأنفُسِ والثَمراتِ و بَشِرِ الصابِرینَ ...
Bu haqq-batil mücadiləsinin son qalib tərəfi haqdır və düşmən üzərində qələbə çalan tərəf məzlum və səbirli Fələstin xalqı olacaq!
Elə bu gün də fələstinlilərin müqavimətini qırmaqdakı acizliklə yanaşı siyasət səhnəsində azadlıq sevərlik, demokratiya və insan haqları şüarının yalan çıxması ABŞ və əksər Avropa rejimlərinin hissiyyatına ağır zərbə endirib və onlar hələ uzun müddət özlərinə gələ bilməyəcəklər.
Biabırçı Sionist rejim həmişəkindən daha artıq üzü qaradır və bəzi ərəb rejimlərinin bu qəribə imtahanda olmayan abırları tökülüb və uduzan tərəfə çevriliblər.
Seyyid Əli Hüseyni Xamenei
4- zilhəccə 1429