İrlandiyanın “The İrish Times” qəzeti: Hökumət dayanıqlı iqtisadiyyat qurmaq imkanlarını əldən buraxıb
Azərbaycan servisi/Aran Agentliyi
İrlandiyanın “The İrish Times” qəzeti Mark Godfri adlı əməkdaşının Bakıdan göndərdiyi məqaləni dərc edib. Məqalə Azərbaycandakı neft bumu, neft-qaz gəlirlərinin necə xərclənməsi və neftin ucuzlaşması ilə ölkə iqtisadiyyatını gözləyən acınacaqlı aqibətdən bəhs edir. Müəllif yazır ki, neft və xəstə kapitalizm Azərbaycana hələlik qlobal iqtisadi çaxnaşmaların pis effektlərindən qaçmağa imkan verib.
Ümumi Daxili Məhsulun illik 15 faiz artımı və neft gəlirləri Xəzər sahilində yerləşən ölkəni xarici valyuta üçün rahat bufer zonasına çevirir. Ona görə də iqtisadiyyat siyasi əlaqələri olan biznesmenlər və məmurlar, xaricdən borclanmış yerli banklar tərəfindən idarə olunur. Lakin bütün bunlar o demək deyil ki, Azərbaycan dayanıqlı iqtisadiyyata malikdir. Belə ölkənin bu cür iqtisadiyyatı, sadəcə olaraq, yoxdur.
“Neft pullarını yalançı şöhrət naminə tikinti obyektlərinə yönəltməsi, iyrənc dərəcədə korrupsiyalaşmış hökumət, neft-qaz gəlirlərinin böyük hissəsini ciblərinə dolduran siyasi bağları olan elita onu deməyə imkan verir ki, Azərbaycan rəhbərliyi ölkədə dayanıqlı iqtisadiyyat qurmaq üçün imkanları əldən buraxıb” . Mark Godfri yazır ki, Bakıda gözə dəyən çinli mühacir fəhlələr işsizliyin və kasıblığın yüksək olduğu ölkə üçün dəbdəbə sayıla bilər. Lakin yalançı dəbdəbə Azərbaycanda həyat tərzidir. Müəllif Bakının çiçəklənməsinin də öz lənətlənmiş tarixçəsi olduğunu yazır. O bildirir ki, varlı azlığa mənsub bahalı “Ceep”lər və limuzinlərin yaratdığı tıxacların baş alıb getdiyi şəhər dünyada piyadalar üçün ən təhlükəlidir. Əhalinin əksəriyyəti sovet dövründə tikilmiş metroda basabasla mənzil başına çatmağa məcburdur: “Mərkəzi dəmir yol vağzalı yaxınlığındakı metro stansiyasından çıxan tək eskalatorun önündə dayanmağa imkan tapdığıma görə mənim başıma bu ideya gəldi ki, azərbaycanlılar malik olduqları neft sərvətlərinə baxmayaraq dəhşətli şəraitdə yaşayırlar”. Mark Godrfi ilə söhbət edən yerli vəkillərdən biri deyib ki, Azərbaycanda iqtisadiyyatı korrupsioner məmurlar və hakim elitaya bağlı biznesmenlər idarə edir. Lakin jurnalistin söhbət etdiyi yerli işgüzar adamların əksəriyyəti kimi o da adının açıqlanmamasını xahiş edib: “Bakı hələ 100 il əvvəl dünyada əsas neft ixrac edən şəhər idi. Şəhərə daxil olanda havadakı neft iyi hiss olunur. Lakin bura Dubay deyil. Neft-qaz sektorundan kənarda alternativ sənaye sahəsində çox az inkişaf var. Bakı Dövlət Universitetində iqtisadiyyatdan məruzə oxuyan iqtisadçı deyir ki, neft gəlirləri düzgün sərf olunmur. Biz hazırda ancaq kəşf olunmuş yataqları hasil edirik. Son beş ildə heç bir iri yataq kəşf olunmayıb. Ancaq neft qurtarandan sonra nə olacağı haqda heç bir aydın plan mövcud deyil"- deyə o bildirib.
Müəllif qeyd edir ki, pessimist proqnozlara baxmayaraq, bəzi ümidlər də var. Azərbaycan dövlət investisiya agentliyi gec də olsa kənd təsərrüfatının mexanikləşdirilməsinə xarici investisiyalar cəlb etməyə başlayıb. Korrupsiyaya baxmayaraq neft-qaz gəlirləri hesabına yollar, infrastruktur tikilir. “Hökumət Azərbaycanın infrastruktura olan tələbatını yaxşı başa düşür” - deyə “Baker Makenzie” şirkətinin Bakı ofisinin əməkdaşı Daniel Matteus jurnalistlə söhbətində bildirib. Daha sonra Goldfri Bakı aeroportuna gedən yeni tikilmiş yolla onu aparan taksi sürücüsünün avtomobili saatda 140 kilometrlə sürməsinə baxmayaraq, təhlükəsizlik kəmərinə ehtiyac görmədiyi haqda yazıb. Müəlliflə söhbət zamanı yerli vəkil deyib ki, Azərbaycan hakimiyyətində aparıcı postları hələ də “köhnə komanda” tutur və ən azı yaxın beş ildə onların yenilənəcəyini gözləmək əbəsdir. “Neftin qiymətlərinin kəskin düşməsi o deməkdir ki, gələn il Azərbaycanda daha az pul olacaq, deməli, infrastruktur tikintisi və uzunmüddətli iqtisadi inkişafa təminat verən alternativ iqtisadiyyat qurmaq da çətin olacaq” - deyə Godfri qeyd edir.