Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Andris Pibalqsın APA-ya müsahibəsi
Azərbaycan servisi/Aran Agentliyi
- Azərbaycana sonuncu səfəriniz zamanı hansı məsələləri müzakirə etdiniz? “Nabucco” layihəsi ilə bağlı irəliləyişlər gözlənilirmi və bu layihənin icrasına nə qədər dövlət cəlb olunacaq?
- Bakıya səfərim zamanı Azərbaycan prezidenti ilə cənub dəhlizinin inkişafı və Azərbaycanın Avropa bazarına qaz ixrac etmək imkanlarını müzakirə etməyə imkan tapdım. “Nabucco” layihəsi planlaşdırıldığı kimi inkişaf edir. Gələn ilin əvvəlində layihənin tranzit şərtləri ilə bağlı dövlətlərarası sazişin imzalanması nəzərdə tutulub. Qaz kəmərinin keçəcəyi 5 ölkə bu toplantıda iştirak edəcək.
- Layihənin icrası hazırda hansı mərhələdədir?
- Dediyim kimi, biz dövlətlərarası sazişin imzalanmasını gözləyirik. Hələlik ölkələrə dəvətlər göndərilməyib. Amma Azərbaycan layihənin əsas oyunçusudur. Ona görə də Azərbaycan təmsilçisinin sazişin imzalanması mərasimində iştirakı müsbət qarşılanacaq.
- Dekabrın 3-də “Şərq tərəfdaşlığı” proqramı elan olundu. Proqramın maddələrindən biri də Azərbaycanla Avropa Birliyi arasında enerji sahəsində əməkdaşlıqla bağlıdır. Bu əməkdaşlıq nələri ehtiva edir?
- Avropa Komissiyası “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrlə münasibətləri möhkəmləndirmək təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs ikitərəfli və çoxtərəfli aspektlərə malikdir. İkitərəfli əməkdaşlıq çərçivəsində tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq çərçivəsində isə müxtəlif maddələr üzrə təcrübə mübadiləsi nəzərdə tutulur. Bu maddələrdən biri də tərəfdaş ölkələrin enerji bazarları arasında sıx əlaqəni ehtiva edən enerji məsələsini əhatə edir. Avropa Komissiyasının təklifləri hələlik müzakirə mərhələsindədir. Ümid edirik ki, proqram gələn ilin yazında keçiriləcək sammitdə rəsmən qəbul olunacaq.