bu vaxta qədər Azərbaycanda dəri aşılanması və emalı ilə əsasən yerli iş adamları, bir də qismən türk və ərəb biznesmenləri məşğul olurdu. Bu isə sağlam rəqabət mühiti yaradırdı
Azərbaycan servisi/Aran Agentliyi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkə iqtisadiyyatına nəzarətini gücləndirməkdə davam edir. Bir çox sahələri tamamilə öz inhisarına alan K.Heydərov indi də gön-dəri biznesinə əl qoyub. Redaksiyamıza müraciət edən sahibkarlar “fövqəlnazir”in dəri biznesini də öz nəzarətinə keçirməsi barədə məlumatlarını bizimlə bölüşdülər. Sahibkarların sözlərinə görə, bu vaxta qədər Azərbaycanda dəri aşılanması və emalı ilə əsasən yerli iş adamları, bir də qismən türk və ərəb biznesmenləri məşğul olurdu. Bu isə sağlam rəqabət mühiti yaradırdı.
Gön-dəri biznesində ciddi rəqabətin olduğu dönəmdə sahibkarlar əhalidən, xüsusən də qəssablardan bir qoyun dərisini 4-6 manata, qaramal dərisinin 1 kiloqramını isə 1 manata alırdılar. Bu sahədə yaxşı qazanc da vardı. Görünür, elə buna görədir ki, gön-dəri biznesi K.Heydərovun nəzərini cəlb edib. Bundan sonra əcnəbi iş adamlarının biznesi çox qısa müddət ərzində çökdürülüb, onlar ölkədən didərgin salınıb. Yerli sahibkarlar isə bu sahədən inzibati yollarla uzaqlaşdırılıb.
Gön-dəri biznesini tam nəzarətə alan K.Heydərov bu sektordakı qiymətləri özü diqtə etməyə başlayıb. Nəticədə əhalidən və qəssablardan alınan xammalın qiyməti kəskin ucuzlaşıb. Belə ki, K.Heydərovun bu sahəyə nüfuz etməsi ilə qoyun dərisinin bir ədədi 4-6 manatdan 40 qəpiyə, qaramal dərisinin kiloqramı isə 1 manatdan 20 qəpiyə endirilib. Bu sahəyə yaxın iş adamlarının sözlərinə görə, rayonlarda qoyun dərisinin qiyməti 15 qəpik, mal dərisinin kiloqramı isə 5 qəpiyə düşüb ki, bu da nə alana, nə də satana əsla sərf etmir.
Redaksiyamıza müraciət edən yerli sahibkarlar deyir ki, əvvəllər ərəb iş adamları dəri aşılanması ilə yanaşı kəsilmiş heyvanların bağırsağından səhiyyə sahəsi üçün vacib olan qiymətli material tədarükü və onun xaricə ixracı ilə də məşğul olurmuş. Bu isə ölkəyə müəyyən qədər iqtisadi səmərə verirmiş. Lakin K.Heydərov bu sahəyə əl qoyub inhisarçılıq siyasəti yeridəndən sonra ərəb iş adamları ölkəni tərk edib. Bu səbəbdən də biznesin bu istiqaməti də ölüb. İndi gün ərzində kəsilən heyvanların bağırsağı sadəcə tullantıya çevrilir.
Sahibkarlar gön-dəri sahəsinin inhisara alınmasından yalnız dəri istehsalı ilə məşğul olan sahibkarların, fermerlərin və qəssabların ziyan çəkmədiyini söylədilər. Onların sözlərinə görə, azad rəqabətin mövcud olduğu vaxtlarda ölkə boyu minlərlə insan dəri tədarük edərək firmalara satırmış. Hazırkı qiymətlər isə tədarükçülərə sərf etmir. Bu isə minlərlə insanı gəlir mənbəyindən məhrum edib. Digər tərəfdən, gön-dəri emalı ilə məşğul olan çoxsaylı kiçik sexlər bağlanıb ki, bu da yüzlərlə ailəni çörəksiz qoyub.