Bakıdakı 1 saylı Uşaq Xəstəxanasında 6 yaşlı uşaq difteriyadan dünyasını dəyişib
Azərbaycan servisi/Aran Agentliyi
Dünən redaksiyamıza həyəcan dolu xəbər daxil olub. Həmin xəbərə görə, Bakıdakı 1 saylı Uşaq Xəstəxanasında 6 yaşlı uşaq difteriyadan dünyasını dəyişib. Qaynağımızın dediyinə görə, uşağın valideynlərinin maddi vəziyyəti pis olduğundan onlar övladlarının müalicəsi üçün tələb olunan dərmanları alıb həkimlərə verə bilməyiblər. Nəticədə uşaq xəstəxanada keçinib. Araşdırma zamanı vəfat edən azyaşlının Bakının Nizami rayon sakini olduğunu öyrəndik. Lakin rayon səhiyyə şöbəsindən məsələdən xəbərsiz olduqlarını bildirdilər.
Nizami Rayon Polis İdarəsindən isə öyrəndik ki, difteriya xəstəliyindən dünyasını dəyişən 6 yaşlı Susanna Mirağa qızı Abdullayevadır. Polisdən faktla bağlı rayon prokurorluğunda araşdırma aparıldığını da bildirdilər. Lakin prokurorun köməkçisi Eldar Rəhimov məlumatı təsdiqləsə də, ölüm faktı ilə bağlı heç bir araşdırma aparılmadığını bildirdi: “Uşaq xəstəxanada keçinib, bununla bağlı nə araşdırma aparılmalıdır ki? Onu hansısa kənddən xəstəxanaya gətiriblər, orada bir müddət qalandan sonra ölüb”.
Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlamağa cəhd göstərdik. Lakin səylərimiz nəticə vermədi.
Qeyd edək ki, ötən il 4 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Onlardan üçü yaşlı insan, biri isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində laçınlı köçkün olan valideynlərinin himayəsində yaşamış 4 yaşlı Kənan Hüseynov olub. Həmin vaxt K.Hüseynovun yaxınları həkimlərə müraciət etsələr də, qəsəbədəki poliklinikanın həkimləri xəstəyə baş çəkməklə öz işlərini bitmiş hesab ediblər. 4 yaşlı Kənan da həkimlərin biganəliyinin qurbanı olub. O, Müşfiqabad qəsəbəsindəki təcili yardım məntəqəsinə çatdırılsa da, heç bir tədbir görülməyib.
Əlavə edək ki, həkim-infeksionistlər difteriyanı olduqca qorxulu yoluxucu xəstəliklərdən sayırlar. Onların qənaətincə, vaxtında tibbi yardım göstərilməzsə, yoluxma çox vaxt ölümlə nəticələnir. Xəstəlik qrip kimi hava-damcı yolu ilə yayıla bilməklə yanaşı, böyük təhlükələr törətmək, ən başlıcası, tənəffüs sistemini iflic etmək gücündədir: “Xəstəliyə sürətli inkişaf, yüksək hərarət xasdır. Adətən adi soyuqdəymə, angina, ”boğazın gəlməsi", damağın qızarması şəklində özünü göstərən difteriyanın müalicəsində və profilaktikasında medikamentoz müalicə ilə yanaşı, vaksinasiya mühüm rol oynayır. İnfeksiyaya yoluxmada immunitet da az əhəmiyyət daşımır. Təsadüfi deyil ki, qripdə olduğu kimi, çox vaxt ona uşaqlar və yaşlı insanlar yoluxur. Ölüm halları da ən çox bu kontingentdə qeydə alınır. Odur ki, yuxarı tənəffüs yollarının istənilən iltihabı zamanı dərhal həkimə müraciət edilməli, difteriya ehtimalı dəqiqləşdirilməlidir. Yoluxma faktı olan ailənin bütün üzvlərinə peyvənd edilməsi vacibdir".