Tarix : 2008 Dec 13
Kod 9187

MƏHKƏMƏ “PEYĞƏMBƏR MƏSCİDİ”ni RƏSMƏN QANUNSUZ ELAN ETDİ

Artıq qərardad dini icmanın sədrinə təqdim olunub
Azərbaycan servisi/Aran Agentliyi

Yasamal rayonu Murtuza Muxtarov 190 ünvanında tikilən “Peyğəmbər məscidi” ilə bağlı Yasamal rayon Məhkəməsi öz qərardadını dini icmanın rəhbəri Mirvaleh Mövsümova təqdim edib. Ancaq dini icmanın sədri qərardadla razı olmadığını bildirib.
“Bundan sonra biz bir ay ərzində apelyasiya şikayəti verəcəyik. Bu bizim qanuni hüququmuzdur. Mən burada məscid tikib ”Çox sağ  ol"  eşitmək istəyirdim. Əvəzində isə məni ittiham edirlər ki, ərazini qanunsuz zəbt etmisən. Allahın evini qanunsuz adlandırırlar". O, həmçinin məscid yerləşən ərazidə tikilən bulaq üçün də sənədlərinin olmadığını dedi:
“Məhkəmədə də dedim ki, bulağın sənədi yoxdur. Fikirləşdim ki, sonradan bu məsələ meydana çıxanda deyə bilim ki, mən heç nəyi gizlətmirəm”.
O, bu günə qədər İqtisad Universitetinin rektoru Şəmsəddin müəllimi başa düşmədiyini bildirdi: “Necə olur ki, yarım hektar ərazi hündürmərtəbəli bina tikmək üçün verilir, amma minarə üçün  9 kvadrat metrlik yeri qıymırlar?”

  • Yazılıb
  • da (də) 2008 Dec 13