Azərbaycanın silahlı birləşmələri üçün "dedovşina"-nın xarakterik hal olduğunu heç kim iddia edə bilməz
Azərbaycan servisi/Aran Agentliyi
Xanlar Vəliyev deyib : "Bununla bağlı bəzi əsgər və zabitlər cinayət məsuliyyətinə cəlb olunub" APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib : "Azərbaycanın silahlı birləşmələri üçün "dedovşina"-nın xarakterik hal olduğunu heç kim iddia edə bilməz. Mən bunu qətiyyətlə deyirəm".
O bildirib ki, "dedovşina" ilə bağlı nadir hallar var və bunların qarşısının alınması üçün Hərbi Prokurorluq, eləcə də müvafiq silahlı birləşmələrin komandanlığı tərəfindən əlavə tədbirlər görülür. X.Vəliyev "dedovşina"ya dair internetdə yayılmış videogörüntülərlə bağlı cinayət işi qaldırıldığını, əsgər və zabitlərin təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyini söyləyib: "Bu işdə birbaşa cinayət hadisəsini törədənlər deyil, müvafiq hərbi hissələrin zabitləri də məsuliyyət daşıyır. Həm bu cinayət hadisəsinin törədilməsinə şərait yaradılması, həm də vəzifədən sui-istifadə halları ilə əlaqədar cinayət işi başlanıb. Ümumiyyətlə, "dedovşina"-nın özünü xarakterizə edən cəhətlər var və bu, Azərbaycan ordusunda yoxdur. Bir əsgərin digəri ilə davranışına "dedovşina" demək olmaz. Təbii ki, ordunun gənc kontingent olması nəzərə alınmalıdır. Aralarında müəyyən mübahisələr, söz-söhbətlər olur, bəzən biri digərinə qarşı fiziki zor da tətbiq edir. Bu faktlarla əlaqəli çoxsaylı cinayət işləri var".