Tarix : 2008 Dec 14
Kod 9223

AZƏRBAYCANDA MÜXALİFƏT UCUZLAŞMA TƏLƏBİ İLƏ NİYƏ AKSİYA KEÇİRMİR?

Dəfələrlə hökumət qarşısında tələb qoymuşuq ki, qiymətlərin endirilməsi istiqamətində ciddi tədbirlər görülsün
Azərbaycan servisi/Aran Agentliyi
Dünyadakı maliyyə böhranı, neftin qiymətinin aşağı düşməsi bütün sahələrdə ucuzlaşma prosesinin getməsinə səbəb olub. Lakin zəncirvari xarakter daşıyan bu proses Azərbaycanda nədənsə özünü göstərmir. Ölkə sanki bu planetdə yerləşmir. Nefti xaricdən alan ölkələrdə benzin ucuzlaşır, Azərbaycanda isə nəinki ucuzlaşmır, hətta gələn ildən bahalaşacağı barədə məlumatlar yayılıb.
Azərbaycan cəmiyyəti isə passiv müşahidəçi mövqeyindədir. Qəribədir ki, 2007-ci ilin əvvəllində qiymət artımına qarşı etiraz aksiyaları keçirən, bəyanatlar verən müxalifət partiyalarından da səs çıxmır. Elə bil müxalifəti indi daha çox birləşmək, ayrılmaq, parçalanmaq kimi məsələlər düşündürür.
Məsələ ilə bağlı söhbət etdiyimiz Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu bildirdi ki, dünyadakı maliyyə böhranının ölkəmizdə törədə biləcəyi fəsadlar Müsavat Divanının son toplantılarında müzakirə olunub: “Dəfələrlə hökumət qarşısında tələb qoymuşuq ki, qiymətlərin endirilməsi istiqamətində ciddi tədbirlər görülsün. Bəyanatlarımız olub. Azərbaycanda azad bazar iqtisadiyyatı yoxdur. Burada iqtisadi sistem vahid nəzarət altındadır və bir əldə cəmləşib. Qiymətlərin ucuzlaşmasına süni şəkildə imkan vermirlər. Dünyada ucuzlaşmanın getməsinə baxmayaraq, bu prosesin Azərbaycanda baş verməməsi bir daha onu sübut edir ki, ölkəmizdə azad bazar iqtisadiyyatının hətta elementləri mövcud deyil”.
M.Cavadoğlunun sözlərinə görə, Müsavat Divanının son toplantısında iqtisadiyyat komissiyasına tapşırıq verilib ki, ciddi bir sənəd hazırlansın: “Həmin sənəd hazırlanacaq və bundan sonra partiya bununla bağlı atacağı addımları konkretləşdirəcək”.
Ucuzlaşma tələbi ilə etiraz aksiyaları keçirilməsi məsələsinə gəlincə, M.Cavadoğlu hesab edir ki, əhalinin bahalıqdan narazılığı gündən-günə artsa da kütləvi aksiyalarda iştirak etməkdən qorxur: “Xalqın gözü qorxudulub. Ona görə də hətta qiymət artımına qarşı aksiyalara da açıq etiraf etmək lazımdır ki, insanlar kütləvi şəkildə qoşulmur. Belə vəziyyət isə keçirilən aksiyaların təsirini azaldır”.
AMİP katibi Əli Oruclu hesab edir ki, ölkədə inhisarçılıq, korrupsiya qaldıqca qiymətlərin bazar tənzimlənməsi də mümkün olmayacaq: “Azərbaycanda hətta hansısa məhsulların ucuzlaşması təbii proseslə deyil, inzibati metodlarla həyata keçirilir. Qiymətlərin ucuzlaşması üçün hökumət inhisarçılığın və koorupsiyanın qarşısını almalıdır. Biz onun tərəfdarıyıq ki, ilk növbədə inhisarçılığın və korrupsiyanın aradan qaldırılmasına nail olmaq istiqamətində müxalifətin tələbləri, tədbirləri olmalıdır. Yanacağın qiymətləri iki il öncə qaldırılanda hökumət bunu dünya bazarında qiymətlərin bahalaşması ilə əsaslandırırdı. Bu addımın zəruri olduğunu bildirirdilər. Dünya bazarında neftin, benzinin qiyməti xeyli aşağı düşüb. Ancaq Azərbaycanda ucuzlaşma yoxdur. Gürcüstan Azərbaycandan yanacaq, enerji alır. Hətta orada da enerjinin əhaliyə satış qiymətləri Azərbaycandakı qiymətlərdən ucuzdur. Yəni bu onu göstərir ki, iqtidarın siyasəti əhalini talamaq, müflisləşdirməkdir. Kommunist düşüncəli insanlar bu metodu ona görə istifadə edirlər ki, kasıb xalqı idarə etmək daha asandır”.
Lakin Ə.Oruclu müxalifətin özündə də müəyyən günah görür: “Müxalifət birləşib bu idarəçiliyə qarşı lazımi mübarizəni aparmır. Bir-iki partiyanın təklikdə hansısa aksiyalar keçirməsi, bəyanat verməsi hökumətə təsir etmir və edəsi deyil. Xalqın marağını düşünən bütün partiyalar vahid mövqe ortaya qoymalı və ölkədəki sosial problemlərin həllini hökumətdən qəti şəkildə tələb etməlidir”.
 
  • Yazılıb
  • da (də) 2008 Dec 14