Bir daha deyirəm ki, Azərbaycanda anarxist baxışlı xeyli adam var. Amma onlar virtual aləmdə bir yerdədir. Küçələrə çıxmağa hazır deyillər
Azərbaycan servisi/Aran Agentliyi
Yunanıstanda başlayan qarışıqlıq neçə gündür hələ də davam edir. Əslində bu xaosun ortaya çıxma səbəbləri ilk baxışdan olduqca bəsit görünür. 16 yaşlı yeniyetmənin küçədə həlak olması bütün ölkədə ciddi ictimai qəzəbə yol açıb. Yeniyetmənin ölümündə isə bir polis əməkdaşının ehtiyatsızlığı xüsusi rol oynayıb. Çünki polis əməkdaşı bir qrup gəncin aksiyasını dağıtmaq istəyərkən nümayişçilər tərəfə atəş açıb. Güllələrin biri isə beton lövhədən dönərək həmin gəncə dəyib və o ölüb.
Küçələrə axışan minlərlə etirazçı cəmi bir neçə gün ərzində Yunanıstanın paytaxtı Afinanı əsl döyüş meydanına çevirib. Qəzəblənmiş kütlə heç kəsə rəhm etmir. Nəticədə minlərlə bank, mağaza və müəssisələr dağıdılıb. Afina az qala düşmən hücumu nəticəsində dağıdıla biləcək səviyyədə xarabalığa çevrilib. Artıq xaosa çevrilmiş nümayişlərin həm tərkibi, həm də şüarları dəyişməyə başlayıb. İndi nümayişçilər ümumiyyətlə hökumətin tam tərkibdə istefa verməsini tələb edir. Üstəlik, etiraz dalğasının aparıcı qüvvəsi statusunu Yunanıstanın sol təmayüllü müxalifət partiyaları ələ keçirməyə başlayıb. Son məlumatlara görə, əslində həlak olan yeniyetmə də elə məhz sol təmayüllü partiyalardan biri ilə sıx bağlı olub.
Hazırda Yunanıstan solçu-anarxistlərin təsiri altına düşmüş ölkə təsiri bağışlayır. Anarxistlər Yunanıstanda hakimiyyət çevrilişinə nail olunmasını əsas hədəf kimi müəyyən etdiklərini də gizlətmirlər.
Bəs nədir axı bu anarxizm? Kimdir bu anarxistlər? Hardan gəlib, hara gediblər? Politologiyada yazılanlara inansaq, anarxizm xüsusilə tarixin keçid dövrlərində adətən pərakəndə şəkildə özünü büruzə verən siyasi cərəyandır. O bu gün də əsasən gənclər arasında aktuallığını tam itirməyib. Əslində anarxizmin populyarlığının zirvəsi keçmişdə qalıb. Onun baniləri Marks Ştirner, Mixail Bakunin, Pyotr Kropotkin, Corc Sorel və başqalarıdır.
Anarxizmin əsas xüsusiyyətləri özünü dövlətə münasibətdə göstərir. Özlərini bu cərəyana aid edən insanlar üçün dövlət şər mənbəyidir. Onlar birbaşa təsir taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş birbaşa kütləvi aksiyalarına ciddi əhəmiyyət verir. Anarxist dövlətin olmadığı bir cəmiyyətin mümkünlüyünə inanır.
Tipik bir anarxistin başlıca inancları bunlardır:
İnsanlar öz təbiətləri etibarilə yaxşı ürəklidir, ancaq rəhbərlik tərəfindən korlanırlar;
Cəmiyyətin təbii və azad olmasının qarşılığında dövlət istismarçıdır;
İnsanlar könüllü əməkdaşlıq yolu ilə bir-birini tamamlayan ictimai heyvanlardır;
“Yuxarıdan gələn” islahatlar dəyərsizdir;
İctimai dəyişmə inqilabçı hərəkətlə, hətta bəlkə də şiddətli hərəkətlə reallaşdırılmalıdır.
Bütövlükdə götürəndə sol təmayüllü cərəyan olan anarxizmi əslində tarixin arxivinə atmaq olar. Amma di gəl ki, Yunanıstandakı son hadisələr sübut etdi ki, anarxistlər hələ də var.
Bəs görəsən, sosial ədalətsizliyin baş alıb getdiyi Azərbaycanda nə vaxtsa anarxistlər qəfildən meydana çıxa bilərmi? Ümumiyyətlə, Azərbaycanda anarxist varmı?
Sol təmayüllü baxışları ilə tanınan yazıçı Həmid Herisçi deyir ki, Azərbaycanda kifayət qədər anarxist var: “Amma onlar açıq şəkildə öz adları ilə yox, internetdə virtual şəkildə başbaşadırlar. Onu da deyim ki, virtual aləmdə söhbətləşən bu adamların çoxu anarxist ideoloqları olan Kropatkin, Bakunin, Blanki, Maxno və digərlərinin ideoloji baxışları ilə yaxşı tanışdır. Məsələn, anarxist baxışları ilə tanınan Orxan Eypin adını çəkə bilərəm. Bu meyl onun bütün yaradıcılığında hiss edilir”.
Bəs Yunanıstanda olduğu kimi bir gün bizim anarxistlər də Bakı küçələrinə tökülə bilərmi? Həmid bəy bunu istisna edir: “Bir daha deyirəm ki, Azərbaycanda anarxist baxışlı xeyli adam var. Amma onlar virtual aləmdə bir yerdədir. Küçələrə çıxmağa hazır deyillər”.