Problem ondadır ki, pul var, lakin hakimiyyətin iqtisadi sahəyə cavabdeh olan məmurlarının səhv siyasəti nəticəsində onların götürülüb istifadə edilməsi çətinləşib
Azərbaycan servisi/Aran Agentliyi
Yüksək çinli məmurların son günlər bir-birinin ardınca qlobal iqtisadi böhran və neftin ucuzlaşması ilə bağlı ölkədə heç bir problem yaranmayacağını bəyan etməsinə baxmayaraq Azərbaycanda gələn il böyük vəsait qıtlığı başlaya bilər. Problem ondadır ki, pul var, lakin hakimiyyətin iqtisadi sahəyə cavabdeh olan məmurlarının səhv siyasəti nəticəsində onların götürülüb istifadə edilməsi çətinləşib.
Hakimiyyət daxilindəki mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, Neft Fondunda toplanan və xarici banklarda yerləşdirilən pulların götürülməsində ciddi problem yaranıb.
O üzdən Neft Fondundan gələn il dövlət büdcəsinə nəzərdə tutulan 5 milyard manatlıq transfert şübhə altındadır. Mənbənin bildirdiyinə görə, qlobal maliyyə böhranı ərəfəsində Neft Fondunda toplanan pullar əsasən dollar və qiymətli kağızlar şəklində bir sıra xarici banklarda yerləşdirilib. Hazırda hökumət həmin banklarla intensiv yazışmalar apararaq pulları geri götürməyə çalışır. Lakin qlobal maliyyə böhranı nəticəsində borclular qarşısında çətin vəziyyətdə qalan banklar həmin vəsaitlərin geri qaytarılmasının bir müddət mümkün olmayacağını bildirir.
Mənbə qeyd edib ki, vəziyyət kifayət qədər mürəkkəb olduğundan, ölkə rəhbərliyi də məsələyə müdaxilə edib. Xarici banklardan vəsaitlərin geri çəkilməsinin ləngidiyini görən hakimiyyət təcili olaraq gələn ilin büdcəsini formalaşdırmaq və neft gəlirləri hesabına maliyyələşdirilən bir çox strateji infrastruktur layihələrini maliyyələşdirmək üçün Neft Fondunun əlindəki qiymətli kağızların satılmasını tapşırıb. Lakin məlum olub ki, vaxtilə yüksək qiymətə alınan qiymətli kağızlar dünya birjalarında dəyərdən düşüb və ümumiyyətlə, onlara alıcı tapmaq müşkül məsələdir.
Bildirilir ki, neft pullarının xarici banklara yatırılması və bir hissəsinin qiymətli kağızlara verilməsi sayəsində hazırda dövlət bir neçə milyard dollar itirib. Mənbə qeyd edir ki, belə vəziyyət hökumətin iqtisadiyyat blokuna rəhbərlik edən məmurların ciddi səhvləri nəticəsində yaranıb. Məlumata görə, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin işdən azad edilməsində bu vəziyyətin də rolu var. Neft pullarının idarə edilməsində buraxılan səhvlər onun günahları sırasına yazılıb. Qeyd edək ki, neft pullarının qiymətli kağızlara yatırılması nəticəsində dəyərdən düşməsini bu günlərdə ARDNŞ-yə daxil olan “SOCAR Trading” şirkətinin rəhbəri Valeri Qolovuşkin də İtaliya mətbuatına açıqlamasında etiraf etmişdi.
Məlumatda deyilir ki, hazırda vəziyyət şəxsən dövlət başçısının nəzarətindədir və neft pullarını xarici hesablardan çıxarıb büdcə xərclərinin maliyyələşdirilməsinə yönəltmək üçün intensiv təmaslar, yazışmalar gedir. Mənbənin bildirdiyinə görə, yaranmış vəziyyətlə bağlı Neft Fondundan maliyyələşən Bakı-Tiflis-Qars dəmir yol xətti və Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində də fasilə yaranıb. Əgər vəziyyət belə davam etsə, gələn il büdcə təşkilatlarında əməkhaqlarının ödənilməsində də ciddi problem ortaya çıxa, ölkədə kəskin vəsait qıtlığı yarana bilər.
Onu da qeyd edək ki, gələn il Azərbaycanda dövlət büdcəsinin neftdən asılılığı bir qədər də güclənəcək. 2008-ci ildə birbaşa neft gəlirlərinin dövlət büdcəsinin gəlirlərində payı 62,4 faiz səviyyəsində gözlənilirdisə, gələn il həmin göstəricinin 65,4 faizə çatacağı proqnozlaşdırılır. 2009-cu ildə neft sektorundan birbaşa daxilolmalar 7595 mln. manat, o cümlədən 2680 mln. manat neft sektoru üzrə birbaşa vergi ödənişləri, 4915 mln. manat ARDNF-nin transfertləri (büdcə gəlirlərin 40,4 faizi) təşkil edəcək. Gələn il büdcə gəlirlərinin artımının (1693 mln. manat) 74 faizi (1264,5 mln. manat) məhz neft sektoru üzrə ödənişlərin məbləğinin artımı hesabına baş verəcək. Rəsmi məlumatlara görə, Dövlət Neft Fondunda cəmlənən pulların məbləği hazırda 12 milyard manata yaxındır. İlk baxışdan bu rəqəm gələn il üçün büdcə xərclərində problem yaranmayacağını göstərir; lakin həmin vəsaitlər əslində “yoxdur”, çünki onları götürüb istifadə etmək mümkün olmur.
Dövlət büdcəsinin parlamentdə müzakirələri zamanı Milli Bankın prezidenti Elman Rüstəmov Neft Fondunun vəsaitlərinin hansı xarici banklarda saxlanıldığını və qlobal maliyyə böhranı ilə bağlı onların aqibətinin necə olacağı haqda danışmayıb. Lakin o əmin edib ki, qlobal maliyyə bazarlarında yaranmış böhranla bağlı Fondun vəsaitləri daha etibarlı sayılan mərkəzi banklarda, o cümlədən beynəlxalq maliyyə təşkilatlarında yerləşdirilib. Onun sözlərinə görə, bu taktika neft pullarından daha az faiz alınmasına gətirib çıxarsa da, etibarlıdır. Lakin Azərbaycanın neft pullarının təhlükədə olması haqda ekspertlər hələ Amerikanın və Avropanın bir sıra iri banklarının batması zamanı xəbərdarlıq edirdi. Rəsmilər isə əmin edirdilər ki, problem yoxdur. Halbuki problem rəsmən etiraf edilməsə də, yaranıb və kifayət qədər ciddi xarakter daşıyır.