Ərizəsi alınanların əksəriyyətinə bildirilir ki, onlar müvəqqəti çıxarılırlar və bir neçə aydan sonra işlərinə bərpa olunacaqlar
Azərbaycan servisi/Aran Agentliyi
“Azərenerji” ASC təxminən 4 min əməkdaşını işdən çıxartmağa hazırlaşır. Bu barədə əməkdaşımıza sözügedən qurumda çalışanlardan biri məlumat verib. Səbəb beynəlxalq maliyyə böhranının Azərbaycana təsiridir. Mənbəmizin iddiasına görə, artıq “Azərenerji” ASC-nin əməkdaşlarından kütləvi şəkildə ərizələr alınır: “Qəribədir ki, proses guya əməkdaşların özlərinin könüllü şəkildə işdən çıxması kimi aparılır. İşçilərdən tələb olunur ki, işdən getmələri barədə ərizə yazsınlar; hədələyirlər ki, əks halda ”məcəllə" ilə işdən çıxarılacaqlar..."
Ərizəsi alınanların əksəriyyətinə bildirilir ki, onlar müvəqqəti çıxarılırlar və bir neçə aydan sonra işlərinə bərpa olunacaqlar.
Xatırladaq ki, dəfələrlə qlobal maliyyə böhranının Azərbaycana kəskin şəkildə təsir edəcəyini və bir sıra dövlət, qeyri-dövlət müəssisələrinin fəaliyyətində ciddi problemlər olacağını, nəticədə isə ölkədə böyük işsizlər ordusunun yaranacağını yazmışdıq. Təəssüflər olsun ki, bizim müəyyən məlumatlara və təhlillərə əsaslanaraq yazdıqlarımız özünü doğruldur.
Qəzetimizə yaxın ekspertlər bildirirlər ki, gələn ilin əvvəllərindən başlayaraq digər özəl və dövlət müəssisələrində də kütləvi ixtisarlar gözlənilir.