Tarix : 2008 Dec 16
Kod 9255

BAKI-TİFLİS-CEYHAN KƏMƏRİ İLƏ NEFT NƏQLİNİN HƏCMİ 50% AZALIB

Bakı-Tiflis-Ceyhan əsas neft ixrac kəmərinə gündəlik vurulan neftin həcmi 468 min barel azaldılıb
Azərbaycan servisi/Aran Agentliyi

“Habertürk”in yaydığı məlumata görə, “BTC Co.” bu addımı Azərbaycanın neft hasilatını azaltması ilə əsaslandırıb: “Azərbaycan rəsmilərinin “Platts” agentliyinə verdikləri məlumata görə, Azərbaycan tranzit daşıma problemləri ilə əlaqədar dekabrda gündəlik 781 min barel neft hasilatını yanvarda 568 min barelə endirəcək. Bununla da gələn ay Ceyhan limanında tankerlərə planlaşdırıldığından 213 min barel az neft yüklənəcəyi gözlənilir.

 “BTC Co” hasilatın azaldılmasının texniki deyil, tranzit səbəblərdən qaynaqlandığını bildiriblər. Yanvar ayında Ceyhan limanında 7 “SuezMax” və 1 “VLCC” tankerinin yüklənməsi nəzərdə tutulur. Ekspertlər tranzit daşımaların azalması səbəbilə BTC boru kəmərinin tutumunun 50 faiz azalacağını, BTC Co-nun qiymətlərin ucuz olması səbəbilə neft ixracında maraqlı olmadığını bildirirlər”.

Xəbərdə enerji məsələləri üzrə ekspertlərin fikirlərinə də yer verilib. Ekspertlərin fikrincə, dünya bazarında qiymətlərin aşağı düşməsi neft ixrac edən ölkələri hasilat və satışın həcmini azaltmağa məcbur edir: “Onlar bununla neftin qiymətini yenidən artırmağı planlaşdırırlar. Lakin bugünkü bazar şərtləri ilə neftin iqtisadi dəyəri 25-30 dollardan artıq deyil. Buna görə də ixracatçı ölkələr neftin bir barelinin 147 dollara satıldığı dövrləri unudaraq orta hesabla 30 dollarlıq qiymətləri qəbul etməyə məcburdur”.

“BP-Azərbaycan” şirkətindən bildirilib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda istismar olunan “Mərkəzi Azəri” platformasının avqust ayından işini dayandırması hasilatın azalmasına təsir göstərib. Bu günlərdə isə ARDNŞ prezidenti Rövnəq Abdullayev bu platformanın dekabrın sonunadək yenidən istismara daxil olacağını bildirib. “BP-Azərbaycan” rəsmiləri bu səbəbdən gələn il “Azəri-Çıraq-Günəşli”də bu ilki kimi ən azı 4 platformanın işləyəcəyini qeyd ediblər.

  • Yazılıb
  • da (də) 2008 Dec 16