Tarix : 2008 Dec 17
Kod 9271

İSA QƏMBƏR XALQI HAKİMİYYƏTƏ QARŞI ETİRAZA ÇAĞIRDI

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu təklifləri rejimin narahatlığının ifadəsi adlandırıb
Azərbaycan servisi/Aran Agentliyi
Son vaxtlar hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi, bir sıra deputatlar və sənət adamları prezidentin səlahiyyət müddətinin artırılması, bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran konstitusiya maddəsinin qaldırılması barədə təkliflərlə çıxış edirlər. Dünən isə bu məsələ parlamentdə qaldırılıb. Məsələnin ictimai-siyasi əhəmiyyətini nəzərə alan “Turan” ölkə siyasətçilərinin bununla bağlı fikirlərini öyrənib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu təklifləri rejimin narahatlığının ifadəsi adlandırıb. Onun sözlərinə görə, bu gün iqtidarda olanlar artıq zor gücünə hakimiyyəti saxlamağın mümkünsüzlüyünü başa düşərək, özlərinə daha rahat şərait yaratmaq variantları üzərində düşünürlər. Müsavat başqanı bildirib ki, bu addım demokratik düşüncə tərzinə yad olmaqla birgə, həm də ölkənin maraqlarına ziddir və ictimaiyyət buna ən ciddi şəkildə etiraz bildirməlidir.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli mövcud hakimiyyətin bu addımını özünə inamsızlığın təzahürü adlandırıb. Onun fikrincə, bütün dünyada konstitusional idarəçiliyin möhkəmləndiyi 21-ci əsrdə belə təklif və təşəbbüslərin qaldırılması geridəqalmışlığın, qanunun bir nəfərin istəyinə uyğunlaşdırılmasının nəticəsidir və ölkə üçün rüsvayçılıqdır.
Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna görə, prezidentlik müddətinin artırılması əslində ölkədə mövcud respublikaçı rejimin “sifətinin” dəyişdirilməsidir. “Bu müddət təkcə Azərbaycana aid deyil və dünya bunu təsadüfən seçməyib, istər iki seçim prezidentlik müddəti, istər hakimiyyətin bölünməsi onun üçün edilib ki, xalq iqtidarı dəyişmək gücündə olmadıqda qanun bunu dəyişmək gücündə olsun”, - deyə ADP sədri qeyd edib. Qanunun hakimiyyətdə yaxşı və ya pis niyyətli iqtidarın olmasına yox, xalqın bu iqtidarı dəyişmək imkanlarının olmasına hesablandığını deyən S.Cəlaloğlu bu müddəaları ləğv etməyi əslində xalqın hakimiyyəti dəyişmək imkanının əlindən alınması kimi dəyərləndirib.
  • Yazılıb
  • da (də) 2008 Dec 17