Bu ən pisidir, yaxşı olanı yox, pis olanı nümunə götürürlər, - deyə hüquq müdafiəçisi qeyd edib
Azərbaycan servisi/Aran Agentliyi
«Yeni Azərbaycan» Partiyasından (YAP) olan deputatların prezidentlik müddətinin iki seçimlə məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı təklifləri cəmiyyətdə birmənalı qarşılanmayıb və hüquq müdafiəçiləri bu barədə Turana şərhlər veriblər.
Hüquq müdafiəçisi Arzu Abdullayeva iqtidarın ölkədə uzun illər demokratik prinsiplərin imitasiyası ilə məşğul olduğunu və bunu indi də davam etdirdiyini bildirib. Onun sözlərinə görə, artıq iki ildir ki, iqtidar partiyasının adamları bu məsələni ictimai diqqətə gətirir və bu ideya sonradan reallaşmır. Hüquq müdafiəçisinə görə, bunu ortaya atanlar ya özlərini dövlət başçısına "şirin sataraq" "çörək ağacından" məhrum olmaq istəmir, ya da bu, konkret siyasi sifarişin nəticəsidir. A.Abdullyeva bu yaxınlarda Rusiyada da bu sahədə konstitusiya dəyişiklikləri edilməsini xatırladaraq, Azərbaycanda siyasi abu-havanın dəyişməsinin də rəsmi Kremlə bağlı olduğunu vurğulayıb.
"Bu ən pisidir, yaxşı olanı yox, pis olanı nümunə götürürlər", - deyə hüquq müdafiəçisi qeyd edib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hələ qarşıda beş illik prezident müddətinin olduğu halda, YAP-ın indidən "əl-ayağa" düşməsinin başadüşülən olmadığını deyib. "Beş il var, bu beş il ərzində İlham Əliyev "korrupsioner"lərin yox, xalqın prezidenti olduğunu əməllərilə sübut etsə, məmur özbaşınalığını, işsizliyi aradan qaldırsa, söz, mətbuat, sərbəst toplaşma azadlığını təmin etsə, siyasi məhbusları azad etsə, növbəti müddətə vəkili olmağa söz verirəm", - deyə hüquq müdafiəçisi qeyd edib. Eyni zamanda, bu təkliflərin səsləndirilməsinin yersiz olduğunu deyən N.Cəfəroğlu bu təkliflər fonunda Azərbaycan iqtidarının demokratik cəmiyyət qurmaq istəməsi barədə bəyanatlarının yalan olduğunu söyləyib. Onun fikrincə, o zaman ölkə iqtidarı cəmiyyətə monarxiya qurmaq istəməsi barədə kursunu elan etməlidir.
Hüquq müdafiəçisi Səidə Qocamanlı YAP-ın bu təklifləri ilə bağlı təəssüfünü bildirərək, onları ölkədə demokratik cəmiyyət qurmaq istəməsini elan edən ölkə iqtidarının irəli yox, geriyə addım atması kimi dəyərləndirib. YAP deputatlarının parlamentdə bu təklifləri xalqın istəyi kimi qələmə verməsinə münasibət bildirən hüquq müdafiəçisi YAP-çıları öz adlarından danışmağa çağırıb. "Bu təkliflərin özu antidemokratikdir və geriyə doğru addımdır", - deyə S.Qocamanlı bu təkliflərə dəyər verib. Onun sözlərinə görə, çörəklə imtahan edilən xalq bu təkliflərə səs verə bilər, amma hər şeydən öncə, bu xalqın və dövlətin bu təkliflərə səs verdikdən sonra dünyadakı yeri və imicinin necə olacağı üzərində düşünmək lazımdır.