Naməlum sürücü idarə etdiyi «Mercedes» markalı avtomaşını «Damas»ın üstünə sürüb. «Damas»ın sürücüsünün sayıqlığı nəticəsində qəzanın baş verməsinin qarşısı alınıb
Azərbaycan servisi/Aran Agentliyi
ANS televizasına məxsus maşına hücum olub. Telekanala məxsus «Damas» markalı maşın növbədə olan televiziya əməkdaşını Neftçilər prospektində baş verən qəzayla bağlı 1 saylı şəhər xəstəxanasına apararkən Azneft dairəsindən "Azadlıq" meydanına gedən yolda sahibi məlum olunmayan, «Mercedes» markalı 10-KE-733 dövlət nömrə nişanlı avtomobilin hücumuna məruz qalıb. Naməlum sürücü idarə etdiyi «Mercedes» markalı avtomaşını «Damas»ın üstünə sürüb. «Damas»ın sürücüsünün sayıqlığı nəticəsində qəzanın baş verməsinin qarşısı alınıb.
Bundan sonra «Mercedes»ə daha bir avtomaşın qoşulub. Bu 10-UG-733 dövlət nömrə nişanı olan «Mitsubishi Pajero» markalı avtomobil olub. "Mitsubishi"nin sürücüsü idarə etdiyi avtomaşını ilə ANS TV-yə məxsus «Damas» markalı avtomobilin qarşısına keçərək, maşını çəpəki saxlamaqla içərisində çəkiliş qrupu olan maşının hərəkət etməsinə imkan verməyib. Maşını zorla dayandırandan sonra «Mersedes» və «Mitsubishi» markalı avtomaşından düşən 5-6 nəfər sərxoş şəxs ANS-in işçilərini təhqir edərək maşından düşürmüş, onlara təhqiramiz ifadələrlə danışmaqla təxribata çəkməyə səy göstəriblər. Lakin qarşı tərəfə reaksiya verməyən əməkdaşlarımız uzun sürən mübahisələrdən sonra ərazidən uzaqlaşmağa nail ola biliblər.
Qeyd edək ki, artıq baş vermiş insidentlə bağlı ANS televiziyasının rəhbərliyi rəsmi olaraq Səbael rayon polis idarəsinin rəisi İlqar Mahmudova müraciət ünvanlayıb