Dünən “İçərişəhər” Cümə məscidinin təşkilatçılığı ilə “Hyatt Regency” hotelində bayram tədbiri keçirildi
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
İslam aləmində Qədir-Xum kimi tanınan bayram tədbirində yüzlərlə inanclı insan iştirak edirdi. Tədbir Quran tilavəti ilə başlandı. Sonra tədbir iştirakçıları da qatılmaqla Azərbaycanın himni səsləndirildi.
“İçərişəhər” Cümə məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu çıxış edərək, sovet imperiyasının dinimizi unutdurmağa hesablanmış siyasətindən, Məhəmməd peyğəmbərin həyatından danışdı. Hacı İlqar İbrahimoğlu bütün əngəllərə baxmayaraq, ilahi yaşam və məsuliyyətin davam etdiyini söylədi. O, müsəlmanlar arasında həmrəylik məsələsinə də toxunaraq Aşura günündə insanların həmrəylik nümayiş etdirərək şadlıq etmədiklərini diqqətə çatdırdı və tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi.
Tədbirdə çıxışlar arasında “Əhli-Beyt aşiqləri” qrupunun ifasında həm dini, həm də vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi.
Tədbirdə Məhəmməd və Fatimə adlı azyaşlılar onlara verilən sualları Qurandakı surələrlə cavablandırdılar, müqəddəs kitabdan hədislər dedilər.
Həmçinin Məhəmməd peyğəmbərə (s.a.s) və onun əhli- beytinə salavat çevrildi. Hacı İlqar bildirdi ki: “Salavat çeviririk ki, qəlblərimiz, vücud, düşüncə və baxışlarımız peyğəmbər və onun pak Əhli-beytiylə həmahəng olsun”.
Tədbir sürprizlərlə dolu oldu. DEVAMM-ın təşkil etdiyi Məbəs olimpiadasının qaliblərinə hədiyyələr verildi: “Olimpiadada birinci yeri tutan qalib hələ Həcc ziyarətindədir. Amma ikinci yeri tutan Aynur Məmmədova burdadır”. A.Məmmədova qalib olması münasibətilə təbrik edildi və bu münasibətlə nout-bukla mükafatlandırıldı.
Sonra Müqəddəs Ramazan ayında 12 komandanın iştirakı ilə keçirilən futbol kubokunun qalibi “Vəhdət” komandasının üzvləri səhnəyə dəvət olundu və kubokla mükafatlandırıldılar. Hacı İlqar qalib olması münasibətilə komanda üzvlərinin Məşhəd ziyarətinə göndəriləcəklərini bildirdi. Sonda dualar oxundu.